BAXCP əhalinin vəziyyətini müzakirə etdi

baxcp-ehalinin-veziyyetini-muzakire-etdi
Oxunma sayı: 640

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda müzakirəyə çıxarılan əsas məsələ vətəndaşların qarşılaşdıqları sosial, hüquqi və məişət problemlərlə bağlı olub. BAXCP Azərbaycan hökumətini mənzil tikintisi və satışı, mənzillərin dövlət ehtiyacları üçün alınması, onların istiliklə və təbii qazla təminatı üçün çox qısa müddətdə tədbirlər görməyə çağırıb: "Mənzil tikintisi, satışı və mənzillərin dövlət ehtiyacları üçün alınması sahəsində yaranmış vəziyyət vətəndaşları ciddi problemlərlə qarşı-qarşıya qoyur, hüququn aliliyinin təmin olunmasına və ədalət prinsiplərinin qorunmasına maneə yaradır.

BAXCP hesab edir ki, tikinti şirkətlərinin mənzilləri vətəndaşlara dövlət reyestrində qeydə alınmamış ikitərəfli müqavilələr yolu ilə satılmasına qadağa qoyulmalı, bu proses dövlət orqanlarının bilavasitə iştirakı və təminatı, eləcə də notarial qaydada təsdiqlənmiş müvafiq sənədləşmə əsasında həyata keçirilməlidir".

BAXCP İdarə Heyətinin qənaətinə görə, mənzillərin dövlət ehtiyacları üçün alınması prosesində mənzillərin yerləşdiyi ərazi və mərtəbələr, eləcə də vətəndaşlar tərəfindən mənzillərin təmirinə və interyerinə xərclənən vəsaitlər nəzərə alınmadan bütün mənzil sahiblərinə eyni qaydada - 1 kv. m.-ə görə 1500 manat vəsait verilməsi ədalətli sayıla bilməz və bu sahədə yaranmış problemlər mövcud bazar qiymətlərinə uyğun şəkildə qiymətləndirilmə yolu ilə aradan qaldırılmalıdır.

BAXCP mənzillərin istilik və təbii qazla təmin olunması zamanı iqlim və temperatur dəyişiklikləri nəzərə alınmadan bu prosesin öncədən nəzərdə tutulmuş konkret zaman kəsiyində həyata keçirilməsini də doğru hesab etmir: "Havaların qəfil soyuması nəticəsində mənzillərin istilik və təbii qazla təmin olunmasında yaranan problemlər bu sahədə islahatların aparılması zəruri edir". BAXCP hesab edir ki, bu sahələr üzrə vətəndaşlarla imzalanan müqavilələrdə qış vaxtına keçid deyil, iqlim və temperatur dəyişiklikləri əsas götürülməlidir.