AXCP ölkə rəhbərliyindən tələb etdi – Bəyanat

axcp-olke-rehberliyinden-teleb-etdi-beyanat
Oxunma sayı: 665

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyətinin ölkə vətəndaşlarına qarşı saymazyana və qəddar davranışı, onların hər cür hüquq və azadlıqlarını tapdaması getdikcə daha sistematik xarakter alır. Təkcə son günlərdə baş verən bir neçə hadisə hakimiyyətin vətəndaşlar qarşısında məsuliyyət hissini nə qədər itirdiyini, ölkəni xaos və vətəndaş qarşıdurmasına sürüklədiyini təsəvvür etməyə kifayətdir: “Bu günlərdə Lənkəran rayonunun Nərimanabad kəndində əhaliyə qarşı sözün gerçək anlamında hərbi güc işlədilib, heç bir əsas olmadan kəndə Sərhəd Qoşunları və Daxili Qoşunların əsgərləri, zirehli texnika yeridilib. Özlərinin dolanışıq haqlarını qorumaq istəyində olan kənd sakinlərinə amansız divan tutulub, hətta atəş açılıb.

Nərimanabad kəndində əhali ta qədimlərdən bəri balıqçılıq təsərrüfatı ilə məşğul olub, çünki təbiət bu bölgəyə başqa dolanışıq imkanı bəxş etməyib. İndi Azərbaycan hakimiyyəti yerli əhalinin yeganə yaşayış mənbəyini zorla onun əlindən alır, sakinlərin balıqçılıqla məşğul olmasına imkan vermir. Buna etiraz etdikdə isə əliyalın əhaliyə qarşı silah-surastlı əsgərlərdən, qaba və qəddar gücdən istifadə edir.

Oxşar vəziyyət bundan bir neçə gün qabaq Bakının Sulutəpə qəsəbəsində yaşandı. Orada əhalinin məskunlaşdığı ərazilərin ona məxsus olduğu iddia edilən Dövlət Neft Şirkəti sakinlərin evlərini zorla uçurub-dağıtdı. Evlərinin uçurulmasına etiraz edənlər isə ARDNŞ-in əlidəyənəkli qoçu dəstəsinin zorakılığna məruz qaldı, vəhşicəsinə döyüldü. Bu, Azərbaycan hakimiyyətinin son dövrlərdə rəvac verdiyi evyıxma kampaniyasının ən kobud və qəddar nümunələrindən biri idi. Amma təəssüf ki, sonuncu nümunə deyildi.
Dekabrın 19-da gecə saatlarında Bakının mərkəzində vicdan məhbusu Tural Abbaslının ailəsinə məxsus evin zorla boşaldılıb uçurulması da ölkə rəhbərliyinin vətəndaşlara, onların taleyinə laqeyd və amansız münasibətinin təzahürüdür. Vətəndaşların illər uzunu bahasına qurub yaratdığı evini əvəzi ya heç ödənmədən, ya da çox aşağı qiymətə kompensasiya təklifi ilə dağıdılır, bu ədalətsiz münasibətlə razılaşmayanlara qarşı isə yenə də dəyənəyin gücündən istifadə olunur.

Tural Abbaslının ailəsinin başına gətirilənlər də bu qəbildəndir. Onun ailəsinə məxsus ev gecə vaxtı, sakinlərinin harada gecələyəcəyini düşünmədən zorakılıqla uçurulub, yaşlı anası və qardaşları polis zorakılığı ilə üzləşib və saxlanaraq polis bölməsinə aparılıb.
AXCP bütün bu baş verənləri qətiyyətlə pisləyir və hakimiyyəti öz məsuliyyətini dərk etməyə, vətəndaşlarla dəyənəyin, silahının dililə danışmağı dayandırmağa çağırır.
AXCP bəyan edir ki, hakimiyyətin yürütdüyü bu siyasət nəhayətdə ölkəni vətəndaş qarşıdurmasına aparır. Hakimiyyət bu siyasətin vəd etdiyi ağır nəticələrin məsuliyyətini anlamalı, dünyada, regionumuzda cərəyan edən hadisələrdən dərs almalıdır. AXCP ölkə rəhbərliyindən vətəndaşlara, onların hüquq və haqlarına hörmətlə yanaşılmasını təmin etməyi tələb edir”.