Bayram günlərində ictimai nəqliyyat necə işləyəcək?

bayram-gunlerinde-ictimai-neqliyyat-nece-isleyecek
Oxunma sayı: 642

Bakı Beynəlxalq Avtovağzalında da bayram gücləri gücləndirilmiş iş rejimində çalışacaq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, avtovağzal dekabrın 28-dən yanvarın 6-a qədər gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığını nəzərə alaraq, 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq.

“Əgər adi günlərdə 6-7 min sərnişin vardısa, bayram günlərində onların sayı 14-15 min olacaq. Ona görə də, hər bir istiqamətə əlavə avtobuslar çıxarılacaq”, - deyə M.Abdullayev bildirib.

Avtobusların biletlərinin satışı da 10 gün qabaqcadan həyata keçirilir. Bayram günləri biletlərin qiymətinin süni şəkildə artırılmamasına nəzarəti isə Beynəlxalq Avtovağzalda yaradılan “Qiymət Komissiyası” həyata keçirəcək. Əgər hansısa sürücü biletsiz sərnişini avtobusa mindirərsə, həmin sürücü və avtobus xətdən kənarlaşdırılacaq.

Bakı Metropoliteni də bayram günləri gücləndirilmiş iş rejimində işləyəcək. Qrumun mətbuat xidmətindən bildirirlər ki, hələlik bununla bağlı rəsmi sərəncam olmasa da, amma hər il olduğu kimi bu bayram günlərində də metronun gecə saat 2-yə qədər işləyəcəyi planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-də dekabrın 28-dən gücləndirilmiş rejimdə çalışacaq. Sərnişin axınının nisbətən sıxlığı dekabrın 28-30-da da gözlənilir. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, çoxlu sayda sərnişinlərin daşınmasının təmin olunması üçün bütün daxili istiqamətlərdəki qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır.

Onun sözlərinə görə, bayram günlərində Tiflis istiqamətində böyük sərnişin axını gözlənilir, bununla əlaqədar turist qatarının buraxılması barədə qərar qəbul edilib.

"Turist qatarı dekabrın 28-də Bakıdan yola düşəcək, o, yanvarın 2-də geriyə - paytaxta qayıdacaq. Bundan əlavə, bayram günləri dəmir yolu vasitəsilə yüklərin daşınmasında heç bir problem olmayacaq ", - N.Əzməmmədov qeyd edib.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, bütün reyslər öz qrafiki üzrə uçacaq. Problem yaranmasın deyə, bütün təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.
“29, 30 dekabr və yanvarın 2-də Dubaya əlavə reyslər təşkil ediləcək”, -deyə M.Səfərli bildirib.

Yeni ildə Təcili və Təxirəsalınamz Tibbi Yardımın işçiləri də gücləndirilmiş iş rejimində çalışacaqlar. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin ANS PRESS-ə verdiyi məlumata görə, bayram günü bir növbədə 140 briqada növbə çəkəcək. Yaradılan operativ nöqtələrdə hər bir briqada hazır vəziyyətdə olacaq. Təcili yardım həkimləri 24 saat paytaxt sakinlərinin xidmətində olacaq.