““Azərbaycan Respublikası”na kim etiraz etmişdi?” – Rəy

azerbaycan-respublikasina-kim-etiraz-etmisdi-rey
Oxunma sayı: 665

Son zamanlar siyasi kluarlarda, mətbuat və kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının adının dəyişdirilməsi və onun “Şimali Azərbaycan Respublikası” adlandırılması haqqında mənasız müzakirələr aparılır. XXI əsrdə dövlətin və millətin adının müzakirəyə çıxarılması yaxşı əlamət deyildir. Millətləşmə və dövlətləşmə əsri arxada qalmışdır. Lakin bu o demək deyildir ki, bundan sonra dünyada yeni dövlətlər yaranmayacaqdır. Şübhəsiz ki, yaranacaqdır, amma XIX-XX əsrlərdə olduğu kimi bu kütləvi xarakter daşımayacaqdır. Bu gün dünyada olan 200-dən artıq dövlət, aşağı - yuxarı 20-yə qədər imperiyaların, böyük dövlətlərin parçalanması, dağılması, kiçilməsi hesabına yaranmışdır. XX əsrdə dünyanın siyasi xəritəsində yer alan dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. 1918-ci ildən başlayaraq “Azərbaycan Respublikasi” ifadəsi beynəlxalq hüququn və beynəlxalq münasibətlərin subyektidir və dövlətimizin belə adlanması Azərbaycan xalqının böyük tarixi nailiyyətidir. 1918-ci ildə Azərbaycan İstiqlal Bəyannaməsini imzalayan şəxslər elan etdikləri dövlətin Şimali Azərbaycan torpaqlarında yarandığını bilmirdilərmi? Axı onlar nə intellekt, nə savad, nə də milli ideyaya sədaqətlərinə görə, bugünkü parlament üzvlərimizdən aşağı səviyyəli adamlar deyildilər. Eyni zamanda, onlar Rusiya ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin doğurduğu hüquqi və siyasi nəticələrini gözəl bilirdilər. Bunu qurucu babalarımızın çıxışlarında, məktub və müraciətlərində öz əksini tapan fikir və mülahizələri aydın şəkildə təsdiq edir. Birinci dünya müharibəsinin sonunda yaranmış siyasi şərtləri dərindən təhlil edərək bu adamlar Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər və Azərbaycan sözü coğrafi və linqvistik bir kəlmə ikən ona siyasi məzmun verdilər. Lakin İstiqlal Bəyannaməsində deyildiyi kimi yeni yaranan “dövlətin şəkli idarəsi” Xalq Cümhuriyyəti olsa da, bu ölkə rəsmi dövlət sənədlərində, beynəlxalq sənədlərdə, beynəlxalq yazışmalarda “Azrbaycan Respublikası” kimi təqdim edilirdi, hətta, 1920-ci ilin yanvarında dövlətimiz Versal Ali Şurası tərəfindən bu adla tanındı. 1923-cü ildə bu dövlətin yaranması, daxili və xarici siyasəti haqqında yazdığı əsəri də M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” adlandırdı.
Ölkəmizin “Azərbaycan Respublikası” adlanmasına qarşı kim birinci etiraz etmişdi? Bu etiraz birinci olaraq İrandan gəldi. İranda Azərbaycan əyalətinin olduğunu əsas gətirərək, bu ölkənin Xarici İşlər Nazirliyi və rəsmi dairələri ehtiyat edirdilər ki, Osmanlı imperiyasının müdafiə etdiyi Azərbaycan hökuməti “pantürkist ideyaların təsiri altında” hər iki Azərbaycanı “Azərbaycan Respublikası”adı altında birləşdirsin. Ona görə, İran tərəfi belə bir açıqlama verdi ki, “biz Azərbaycan Cümhuriyyəti adında dövlət tanımırıq” və onlar təkid edirdilər ki, yeni yaranan Azərbaycan dövləti ya, özünü Şimali Azərbaycan, ya da, Qafqaz Azərbaycanı adlandırsın. Paris konfransında yeni yaranmış dövlətlərin məsələsinin müzakirə ediləcəyini düşünən İranın Xarici İşlər Naziri Əliqulu xan Ənsari (Müşavir əl-Məmalek), hətta, 1918-ci ilin axırlarında Fransaya yola düşərkən bu məsələni aydınlaşdırmaq üçün yolunu Bakıdan saldı və Azərbaycan rəsmiləri ilə bu mövzuda müzakirələr apardı. Sonra bu müzakirələr Əli Mərdan bəy ilə Əliqulu xan arasında İstanbulda davam etdirildi. Həm Bakı, həm də, İstanbul danışıqlarında Azərbaycan tərəfi “Azərbaycan Cümhuriyyəti” adı altında müstəqil dövlətin yaradılmasının doğru olduğunu tarixə söykənərək əsaslandırdılar. Lakin İran tərəfi öz iddialarında davam etdi və 1920-ci ilin mart ayında Azərbaycan dövlətinin de yure tanınması haqqında, habelə, siyasi, iqtisadi, diplomatik münasibətləri özündə əks etdirən daha 7 müqavilə imzalanarkən İran tərəfi təkid etdi ki, müqavilənin altında “Azərbaycan Respublikası” deyil, “Qafqaz Azərbaycanı Respublikası” yazılsın.
Sovet hökumətinin bütün təqiblərinə rəğmən 70-il boyu Azərbaycan mühacirəti “Azərbaycan Respublikası” fikrini, ideyasını qoruyub saxlaya bildi və 1991-ci ildə Müstəqillik Aktı hazırlananda, məhz, bu ideya əsas kimi qəbul edildi. “Şimal” ifadəsinə meyilli olanlar tez-tez bunu Elçibəy ideyaları ilə əlaqələndirməyə çalışır və bunun əleyhinə olmağı Əbülfəz beyin əleyhinə olmaq kimi təqdim edir. Belə yanaşma doğru deyil. Ötən əsrin 80-90-cı illərində Azərbaycan Xalq Cəbhəsi və onun lideri Əbülfəz Elçibəy ölkədə gedən siyasi proseslərin mərkəzində dayanırdı. Xalq Cəbhəsinin milli iradəyə söykənən gücünü nəzərə alaraq, onun rəyi olmadan heç kim öz müstəqilliyini bərpa edən dövlətin rəsmi adını müəyyən edə bilməzdi. Kimdə belə bir məlumat var ki, Əbülfəz bəy müstəqilliyin bərpasını “Şimali Azərbaycan Respubliksı” kimi görürdü. Həmin dövrdə bu istiqamətdə bəzi fikirlər səslənsə də, Əbülfəz bəy Azərbaycan Cümhuriyyətinin varisi kimi, Azərbaycan Respublikasının yaranmasına, dövlətimizin, məhz, belə adlanmasına üstünlük verdi. Nə həmin dövr Xalq Cəbhəsinin rəhbərliyi, nə 1991-ci ildə Müstəqillik Aktının təşəbbüsçüsü və müəllifi olan millət vəkillərimiz bu gün “Şimal” ifadəsini irəli sürən parlament üzvlərindən heç bir göstəriciyə görə, aşağı səviyyəli siyasi xadimlər deyildilər.
Respublikanın adının dəyişdirilməsi ilə bağlı növbəti məqam 1995-ci ildə Azərbaycan konstitusiyası müzakirəyə çıxarılarkən yaranmışdı. Həmin dövrün mətbuatına və Konstitusiya komissiyasının sənədlərinə diqqət yetirsə, aydın olar ki, “Şimali Azərbaycan Respublikası” ifadəsi ilə bağlı müxtəlif təkliflər verilmişdi. Lakin bu təkliflər təhlil edildikdə aydın oldu ki, həmin təkliflərin çoxu tarixi keçmişin və siyasi gələcəyin düzgün dəyərləndirilməsindən daha çox, xırda hisslər üzərində qurulmuş konyuktur mülahizələrdir. Biz həmin vaxt Əbülfəz bəylə də bu məsələləri müzakirə etdik və “Azərbaycan Respublikası” ifadəsinin daha doğru və tutumlu olduğu qənaətinə gəldik. Həmin vaxt Konstitusiya komissiyasına rəhbərlik edən ölkə prezidenti Heydər Əliyev verilən bütün təkliflərə həssaslıqla yanaşılmasının tərəfdarı idi. Lakin söhbət dövlətimizin adından gedəndə H. Əliev də, bütün komissiya üzvüləri də “Azərbaycan Respublikası” ifadəsinin saxlanmasına tərəfdar oldular.
Əgər İranda 2-3 provakatr Türkmənçay müqaviləsinin ləğv edəcəkləri hədəsi ilə Azərbaycana qarşı iddialar irəli sürürsə bu ona gətirib çıxarmamalıdır ki, bu hədələrə cavab olaraq biz dövlətimizin adını dəyişmək məsələsini müzakirəyə çıxaraq. Dövlət əşya deyil ki, ona istədiyin adı verəsən.Yeri gəlmişkən, 1918-1920-ci illərdə də İran və Rusiya ərazisində qurulmuş müxtəlif hökumətlər tez-tez Türkmənçay müqaviləsini əsas gətirərək Azərbaycanı təhdid edirdilər. Xəzər dənizində gəmilərin Azərbaycan Respublikasının bayrağı altında üzməsinə etiraz edirdilər. Həmin vaxt Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu dövlətlərə nota verdi ki, Türkmənçay müqaviləsi Rusiya ilə İran arasında imzalanmışdır və Azərbaycan hökuməti özünü bu müqavilədən asılı hesab etmir və bu müqavilənin Azərbaycan Respublikası üçün heç bir hüquqi əhəmiyyəti yoxdur. Ona görə, İranda keçmiş haqqında bəsit biliklərə malik olan kimlərsə Türkmənçay müqaviləsi ilə bağlı Azərbaycana qarşı iddialar səsləndirirsə, bu ona gətirib çıxarmamalıdır ki, belə hədələrə cavab olaraq, biz dövlətimizin dünya sistemində oturuşmuş adını dəyişək. Yaxud, sabah Rusiya iddia qaldırsın ki, biz sizi azərbaycanlı yox, Qafqaz tatarları kimi tanımışıq, onda biz adımızı dəyişib “Qafqaz Tatar Respublikası” qoymalıyıq. Dövlətimiz 90 ildən artıqdır ki, “Azərbaycan Respublikası” adı ilə tanınıb, ümumdünya prosesinə bu adla daxil olub, məlum sərhədlər daxilində bu adla BMT-yə, ATƏT-ə, AŞPA-ya və digər beynəlxalq birliklərə üzv olub. Kim hesab edirsə ki, dövlətimizin adını dəyişib “Şimali Azərbaycan Respublikası” qoymaqla sabah Cənubi Azərbaycan məsələsi avtomatik həll olunacaq, bu əlbəttə sadəlövhlükdür. Kim hesab edirsə ki, dövlətimizin adının “Azərbaycan Respublikası” olması Cənubi Azərbaycanın siyasi cəhətdən inkarına yönəlib, əlbəttə, həmin adamlar da yanılırlar. Dünyanı inandırmağa gəldikdə, dünyanın bilməli kəsimi bunu yaxşı bilir. Axı 1945-ci ildə yeni yaranan Birləşmiş Millətlərin ilk müzakirə etdiyi məsələ Azərbaycan məsələsi oldu. 1978-1979-cu illərin İslam inqilabından sonra ABŞ rəhbərliyinin İranla bağlı müzakirələrində Cənubi Azərbaycan məsələsinin yerini müəyyən etmək üçün bu sənədlərlə tanış olmaq lazımdır. Niyə ABŞ rəsmiləri Təbrizdə ictimai fikrə hakim kəsilən Seyid Kazem Şəriətmədarinin azərbaycançılıq ideyalaraına bu qədər böyük maraq göstərirdilər. Bütün bunlar hamısı Cənubi Azərbaycan məsələsinin gündəlikdə olmasının əyani təsdiqidir. Dünya bu gün Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bilmirmi? Əgər bilmirsə bu gün dünyaya anlatmalı olduğumuz ən ümdə məsələ budur. Bir də ki, dünyanı inandırmaq naminə goruna and içmək üçün dədəmizi öldürməməliyik. Ötən 90 ilin hansı dövründə, məhz, “Azərbaycan Respublikasının” mövcudluğuna görə Cənubi Azərbaycan məsələsi gündəlikdən çıxıb? Əksinə, Seyid Əhməd Kəsrəvi yazırdı ki, bütün müsəlman dünyasının qibləsi Məkkədə olduğu halda, Azərbaycan Respublikasının tarix səhnəsinə çıxması ilə Tehran ehtiyat etməyə başladı ki, Təbriz öz qibləsini Bakıda tapsın.


Cəmil Həsənli,
Tarix elmləri doktoru, professor