Azərbaycanda polis qəzaya səbəb oldu - Video

azerbaycanda-polis-qezaya-sebeb-oldu-video
Oxunma sayı: 671

Bakıda şəhərdaxili ictimai nəqliyyat qəza törədib. Belə ki, əyləc sistemində problem meydana gələn 137 saylı marşrut avtobusun sürücüsü idarəetməni itirərək əvvəlcə Behbud Sərdarov küçəsində dayanan avtomobilə və reklam lövhəsinə çırpılıb. Daha sonra isə həmin küçədəki binanın hasarını uçurub. Avtobusda və avtomobildə sərnişin olmadığından hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtobus sürücüsünün sözlərinə görə baş vermiş hadisədə yol patrul xidməti əməkdaşlarının “köməyi” olub. Belə ki, avtobusun əyləc sistemində nasazlıq olduğunu görən sürücü nəqliyyat vasitəsini yolun kənarında dayandırıb. Bu vəziyyət isə yolda nəqliyyatın hərəkətinə maneəçilik törədib. Bu zaman yol-patrul xidmətinin əməkdaşları sürücüyə yaxınlaşaraq, avtobusu digər yerdə saxlamağa məcbur edib.

“Aşağıda dayanmışdım. Yaxınlaşdılar və dedilər ki, sür biz kubik atacağıq təkərin arxasına” – deyə qəza törədən avtobusun sürücüsü Hidayət Əhmədov bildirib. Sürücü polisin avtobusun təkərinin altına kubik atdığını, buna baxmayaraq avtobusun kubikin üstündən keçərək qəzaya səbəb olduğunu deyib. Hidayət Əhmədov həmçinin hadisədən sonra onu bu işə vadar edən 2 polis əməkdaşının aradan çıxdığını bildirib.

Qeyd edək ki, sürücünün sözlərini hadisənin şahidləri də təsdiqləyib

Sürücünün ittihamlarına münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisinin inspektoru isə deyir ki, qəzanın baş verməsinə yol patrul xidməti əməkdaşlarının səbəb olub olmadığı araşdırılmalıdır.

Hazırda qəzanın səbəbləri araşdırılır. Yol-patrul xidməti əməkdaşlarının hadisəyə təsir edib-etmədiyi müəyyənləşdirilir.



anspress