“Belə dövlətlə əməkdaşlıq etmək olarmı?”

bele-dovletle-emekdasliq-etmek-olarmi
Oxunma sayı: 655

“Qafqazinfo” xəbə verir ki, nümayəndə heyətinin tərkibinə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Azay Quliyev daxil olub.

Müzakirələr zamanı Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək, regionumuzda sülhə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, eləcə də iqtisadi və humanitar əlaqələrə ciddi maneə olan münaqişələrə toxunub. O, Gürcüstanda münaqişələrə cəlb olunan tərəflər arasında etimad mühiti üzrə tətbiq edilən fəaliyyət planının həyata keçmə mexanizmləri ilə maraqlanıb. Azərbaycanın da 1992-ci ildən başlayaraq, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsini vurğulayan Azay Quliyev, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimadın yaradılmasının vacibliyini qeyd edərək, Azərbaycanın buna hazır olduğunu bildirib. Lakin o, indiyə qədər Ermənistan tərəfindən müsbət cavab olmadığını söyləyib. Qeyd edib ki, Dağlıq Qarabağda erməni işğalçı qüvvələri yerləşdiyindən, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə birbaşa təmas qura bilmir.

Daha sonra işğalçı ölkə ilə iqtisadi əlaqələrə münasibət bildirən Azay Quliyev bunun mümkün olmadığını belə izah edib: “Əgər bir ölkə digər ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanımırsa, onun ərazisini 20 ildir ki işğal altında saxlayırsa və beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik edirsə, belə ölkə ilə necə əməkdaşlıq etmək olar?”

Sonda o, ATƏT PA-nın rəhbərliyinə müraciət edərək təklif edib ki, etimad mühitinin yaradılması ilə bağlı mütləq bir mexanizm hazırlansın, qeyd olunan faktlar nəzərə alınmaqla bu istiqamətdə konkret addımlar atılsın və bu mexanizm Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının, AŞ PA və ATƏT-in qətnamələrinə uyğun şəkildə həllinə köməklik etmiş olsun.