Bəşər Əsəd dinc əhalini artileriya ilə qırır

beser-esed-dinc-ehalini-artileriya-ile-qirir
Oxunma sayı: 665

“Qafqazinfo”nun “Sky News”a istinadən məlumatına görə, Suriyanın hökumət qüvvələri fevralın 7-də Homs şəhərini artileriya atəşinə tutmaqda davam edib.

Bəşər Əsəd əleyhdarlarının ən güclü sığınacağı sayılan Homsun artileriya atəşinə tutulması fevralın 4-dən başlayıb. Həmin gün açılan atəşlər nəticəsində 200-dən artıq insan həlak olub. Dünən şəhərin mülki əhalisindən 97 nəfəri ölüb, yüzlərlə yaralı var.

Suriya hakimiyyəti döyüşçülərin üzərinə qoyaraq, Homsda dinc əhaliyə atəş açılmasını inkar edirdi. “İnterfaks” xəbər verir ki, Bəşər Əsəd təmsilçiləri indi də şəhərdə antiterror əməliyatı apardıqlarını deyirlər.

Bir çox dünya lideri Homsda dinc sakinlərin öldürülməsini pisləyib. ABŞ prezidenti Barak Obama Bəşər Əsədin istefasını tələb edib. Suriyanın bir çox şəhərlərində Əsəd rejimi əleyhinə nümayişlər davam edir. Böyük Britaniya və ABŞ Suriyadakı səfirlərini geri çağırıb.

Xatırladaq ki, fevralın 4-də BMT Təhlükəsizlik Şurası Suriyada qan tökülməsinin dayandırılmasını nəzərdə tutan qətnamə layihəsini müzakirə edib. Rusiya və Çin sənədə veto qoyub. Suriya müxalifəti və Qərb dövlətləri Moskva və Pekini bu mövqelərinə görə ittiham edib.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyaya səfər edəcək və Bəşər Əsədlə görüşəcək.