“Biz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını yaşatmalıyıq”

biz-butov-azerbaycan-xalq-cebhesi-partiyasini-yasatmaliyiq
Oxunma sayı: 726

Aprelin 14-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti toplantısı keçirildi. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olam məlumatda bildirilir ki, gündəliyin təsdiqindən sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyətlə bağlı çıxış etdi. BAXCP sədri ilk öncə Dağlıq Qarabağ məsələsilə bağlı yaranmış vəziyyət haqqında danışdı: "Çox təəssüf ki, bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb və hal-hazırda bu problemin sülh yolu ilə həlli mümkünsüz görünür. NATO-nun və Avronestin parlament assambleyalarının toplantılarında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak etmişəm və mənim gəldiyim qənaət budur ki, beynəlxalq təşkilatlar bu münaqişənin ədalətli həllinə maraq göstərmirlər. HATO Parlament Assambleyasının üzvləri hər zaman söyləyirlər ki, Dağlıq Qarabağ məsələsi bu təşkilatın prioritet hesab etdiyi məsələ deyil və onun həllilə ATƏT məşğul olur. Onlar hətta bu məsələni müzakirəsinə belə vaxt sərf etmək istəmirlər. Avronest Parlament Assambleyasının Bakıdakı toplatınsında da mən təxminən eyni yanaşmanın şahidi oldum. Avropa Parlamentinin nümayəndələri də Dağlıq Qarabağ məsələsinə təxminən eyni münasibət sərgiləyirlər".

Münaqişənin nizamlanması prosesilə məşğul olan Minsk qrupunun fəaliyyətinin də sadəcə Azərbaycanın maraqlarına cavab vermədiyini qeyd edən Qüdrət Həsənquliyev bildirdi ki, bu missiyasının əsas hədəfi ölkəmizi məğlubiyyətlə barışdırmaqdır: "Söhbət dünyanın siyasətini müəyyənləşdirən böyük dövlətlərin bu münaqişənin həllində tutduğu mövqedən gedir və hazırda nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiya bu problemin ədalətli həllində maraqlı görünmürlər. Onlar sadəcə hesab edirlər ki, Azərbaycan bir gün ərazi itkilərilə barışacaq. Ona görə də bu dövlətlər ölkəmizə öz torpaqlarını hərbi yolla azad etməkdən çəkindirmək istiqamətində təzyiqlər göstərirlər".

BAXCP sədri vurğuladı ki, Ermənistan da danışıqlar prosesində öz təcavüzkar mövqeyindən əl çəkmir: "Mənim istər HATO, istərsə də Avronest çərçivəsində keçirilən toplantılarda ermənilərlə söhbətlərim olub. Onlar nəinki Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanımaq istəmirlər, hətta digər rayonların qaytarılması barədə belə düşünmürlər. Ermənilər Rusiyanın razılığı olmadan bu münaqişənin həllinə maraq göstərməyəcəklər. Erməni deputatların özləri də etiraf edirlər ki, Ermənistanda elə bir siyasətçi tapılmaz ki, Rusiyanın iradəsinə qarşı çıxsın və Qarabağ münaqişəsinin həllilə bağlı güzəştli mövqe ifadə etsin. Həmin siyasətçini dərhal məhv edərlər. 1999-cu ildə Ermənistan parlamentinin binasında baş verənləri xatırlayın. Ermənilərin özləri deyirlər ki, o zaman Ermənistanın baş naziri və vitse-spikerin güllələnməsi Rusiyadan izinsiz addım atılmasına bir cavab idi. Erməni siyasətçilər bu gün də həmin şəxslərin aqibətini yaşamaqdan qorxurlar".

Qüdrət Həsənquliyev qeyd etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün özünə arxalanmalıdır və bu münaqişənin həlli Azərbaycanın öz əlindədir: "Hə ABŞ, nə Avropa Birliyi, nə də Rusiya Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmürlər. Avropa ölkələrinin deputatları bizə açıq şəkildə bildirirlər ki, bu münaqişədə Azərbaycan haqlı mövqedən çıxış edir, amma Ermənistan da bizimlə əməkdaşlıq edir, erməni diasporası çox güclüdür və istənilən adama problem yarada bilirlər. Onlar dolayısı şəkildə bildirirlər ki, Azərbaycan bacarırsa, öz torpaqlarını özü işğaldan azad etməlidir".

Azərbaycanın Rusiya ilə münasibətlərinin kifayət qədər gərgin olduğunu vurğulayan partiya sədri bildirdi ki, münaqişənin yenildən alovlanacağı təqdirdə İranın və Rusiyanın necə davranacağını proqnozlaşdırmaq mümkün deyil: "Amma buna baxmayaraq, istənilən xalq rəqibinin və onun müttəfiqlərinin nə qədər güclü olub-olmamasından asılı olmayaraq, öz torpaqlarını müdafiə etməlidir. Əlbəttə, Azərbaycan diplomatiyası çalışmalı idi ki, ötən illər ərzində özünə ciddi müttəfiqlər tapsın".

İranın da ölkəmizin suverenliyinə təhlükə yaratdığını xatırladan BAXCP sədri bildirdi ki, rəsmi Tehranın bütün siyasəti Azərbaycanla münasibətləri gərginləşdirməyə yönəlib: "Son vaxtlar İrana qarşı beynəlxalq təzyiqlər artdıqca bu ölkənin hakimiyyətində bir əsəb gərginliyi özünü göstərir və belə bir şəraitdə qonşu ölkə rəsmiləri bir çox məsələlərə adekvat münasibət göstərə bilmirlər. Azərbaycan nə qədər öz ərazilərindən İrana qarşı istifadə olunmayacağı barədə bəyanatlar versə də, onlar bundan çox narahatdırlar. Ona görə də Azərbaycana qarşı düşmənçilik siyasətini genişləndirirlər və buna ideoloji zəmin hazırlamağa çalışırlar. İranın məqsədi ondan ibarətdir ki, müharibə başlayacağı təqdirdə Azərbaycandan Avropaya enerjidaşıyıcıları nəql edən neft-qaz kəmərlərini sıradan çıxarsın, neft platformalarına zərbələr endirsin. ABŞ isə belə bir şəraitdə Rusiya və İranın təzyiqlərini bəhanə gətirərək, Azərbaycanı öz torpaqlarını azad etməkdən çəkindirməyə çalışır. Qərb maraqlıdır ki, İran və Rusiya Azərbaycanı bir az da sıxışdırsın və biz məcbur olub Qərbə daha çox meyllənək. Əlbəttə, bütün bunlar böyük siyasətdir və əsas məqsəd isə, yenə də deyirəm, son vaxtlar xaricdən müasir silahlar alan Azərbaycanı öz torpaqlarını azad etməkdən çəkindirməkdir".

Qüdrət Həsənquliyev Rusiyada Putinin yenidən hakimiyyətə gəlməsilə Azərbaycanın Kremllə münasibətlərinin bir az da kəskinləşəcəyini vurğuladı: "Bilirsiniz ki, Putin Avrasiya İttifaqı yaratmağa hazırlaşır və 2015-ci ilə qədər Azərbaycanın da bu ittifaqa qoşulacağını bəyan edib. Yəqin ki, Putin həmin vaxtadək Azərbaycanı buna məcbur etmək üçün ölkəmizə qarşı təzyiqlərini və təhdidlərini artıracaq. Bu ölkənin xarici işlər naziri Lavrovun Bakıya son səfəri də göstərdi ki, Rusiya Azərbaycana münasibətdə çox aqressiv siyasət yürüdür. Ümumiyyətlə, bu bir daha göstərir ki, rəsmi Moskva işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində öz hərbi-siyasi müttəfiqi olan Ermənistana təzyiq göstərmək fikrindən çox-çox uzaqdır. Belə çətin şəraitdə Azərbaycan xalqının yeganə güvənc yeri onun özüdür, xalqımızın potensialıdır".

Qüdrət Həsənquliyev vurğuladı ki, bütün bunlara rəğmən böyük dövlətləri Azərbaycan xalqının əzmilə barışdırmaq mümkündür: "Azərbaycan ilk növbədə peşəkar ordu qurmağa nail olmalıdır. Biz dəfələrlə hökumətə bununla bağlı müraciət etmişik. Ordudakı nizam-intizam əlbəttə ki, bizi qane etmir. Orduda baş verən neqativ hallarla bağlı mütəmadi olaraq məlumatlar eşidirik. Ona görə də hesab edirik ki, ordunun rəhbərliyində də ciddi dəyişikliklər aparılmalı, islahatlar həyata keçirilməlidir".

BAXCP sədri daha sonra ölkənin iqtisadi durumu haqqında fikirlərini ifadə etdi: "Biz dəfələrlə vurğulamışıq ki, ölkədə iqtsadi azadlıqlar genişləndirilməlidir. Hesab edirik ki, neft pulları ölkə iqtisadiyyatının inkişafına sərf olunmalıdır. Bilirsiniz ki, büdcə vəsaitlərinin böyük hissəsi administrativ binaların tikintisinə, şəhərin abadlaşdırılmasına, yolların təmir-tikintisinə sərf olunur. Əlbəttə ölkədə yolların yenidən qurulmasına böyük ehtiyac var, amma eyni zamanda qeyri-neft sektorunun da inkişafı üçün ciddi addımlar atılmalıdır".
Qüdrət Həsənquliyev neft pullarının qeyri-effektiv idarə olunmasından narazılığını da bildirdi: "Sahibkarlarımızın xarici banklardan ən yaxşı halda 16 faizdən aşağı kredit götürmək imkanı yoxdur. Sahibkarlığa Dövlət Yardımı Fondunun ayırdığı 20-30 min manatlıq kiçik vəsaitlərlə isə sahibkarlıq fəaliyyətilə məşğul olmaq mümkün deyil. Sahibkarlar bu vəsaitlə olsa-olsa məişət və sosial problemlərini həll edirlər. 200 milyon manat vəsaitlə ölkədə sahibkarlığı inkişaf etdirmək olmaz. Biz dəfələrlə bildirmişik ki, neft pullarının az da olsa, müəyyən bir qismi Azərbaycan banklarında yerləşdirilməlidir, sahibkarlara çox aşağı faizlə kredit şəklində verilməlidir. Söhbət infilyasiyadan gedirsə, onsuz da sahibkarlar xarici banklardan yuxarı faizlərlə ölkəyə vəsait cəlb edirlər. Ona görə də Azərbaycan hökuməti 40 milyard manatlıq neft pullarının heç olmasa 2 milyard manatını ölkə banklarına etibar etməlidir. Müstəqil ekspertlərin hesablamalarına görə, xarici banklara yerləşdirilən neft pullarının gəlirliliyi 0.75 faiz olub. Hökumətin təqdim etdiyi hesabatda isə bu rəqəm 0.85 faiz göstərilib. Baxın, bu qədər aşağı faizlə həmin pullar o ölkələrin iqtisadiyyatının inkişafına öz töhfəsini verir, Azərbaycan bankları isə xarici banklardan ən yaxşı halda 7 faizlə vəsait cəlb edir. Onlar da aldıqları vəsaitin üstünə öz faizlərini əlavə edib 16-22 faizlə sahibkarlara kredit verir. Biz dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq, amma nə Milli Bankın prezidenti tərəfindən, nə İqtisadi İnkişaf Hazirliyi tərəfindən buna əsaslı cavab verilməyib. Biz hesab edirik ki, ölkədə iqtisadi sahədə islahatlar aparılmasına çox böyük ehtiyac var".

Qüdrət Həsənquliyev ölkədə hüquqi islahatların aparılmasının da zəruriliyini qeyd etdi: "O vaxt məhrum prezident Heydər Əliyev ölkədə hüquqi islahatların aparılması məqsədilə komissiya yaratmışdı. Amma çox təəssüf ki, həmin komissiya bir neçə toplantı keçirəndən sonra ümumiyyətlə fəaliyyətini dayandırdı".

Siyasi islahatlara gəlincə, BAXCP sədri qeyd etdi ki, hökumət bu istiqamətdə müəyyən addımlar atır: "Bildiyiniz kimi indiyədək mətbuata və eləcə də Qeyri-Hökumət Təşkilatlarına dəstək məqsədilə hökumət tərəfindən yardım fondları yaradılıb. Hal-hazırda çoxdan gözlədiyimiz daha bir məsələ, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi öz həllini tapmaqdadır. Hə qədər vəsait ayrılacağı hələ bəlli olmasa da, onun bölünməsi prinsipi qanun layihəsində əksini tapıb. Yeni Azərbaycan Partiyasının özünün təklifi oldu ki, seçki ərəfəsində partiyalara ayrılan vəsait 2-3 dəfə artırıla bilər. Bilirsiniz ki, seçkilər zamanı təbliğat-təşviqat məqsədilə partiyaların əlavə vəsaitə ehtiyacları yaranır. Bir çox ölkələrin təcrübəsində də belə bir hal nəzərdə tutulur. Biz təklif etmişik ki, seçkilər zaman parlamentdən kənarda qalan partiyaların heç biri 3 faiz səs toplamadığı halda onlar üçün nəzərdə tutulan 10 faiz vəsait də parlamentdə təmsil olunan partiyalar arasında bölünsün. Bizim təklifimiz komitənin iclasında dəstəkləndi".

Qüdrət Həsənquliyev bildirdi ki, partiyalar dövlət tərəfindən maliyyələşdirildikdə onların kənar şəxslərdən asılılığı da aradan qalxacaq: "Ən azından hüquqi şəxslərdən, dini qurumlardan və xarici mənbələrdən ianələrin qəbulu qanun qadağan olunur. Biz ümumiyyətlə, vətəndaşların da partiyalara vəsait verməsinin əleyhinəyik və heç olmasa bu ianələrin həddinin müəyyənləşdirilməsini istəyirik".

Vaxtilə proporsional seçki sisteminin ləğvinə qarşı çıxdığını xatırladan Qüdrət Həsənquliyev yenidən bu seçki sisteminin bərpasını məqsədəuyğun saydı: "Biz o zaman da bildirmişdik ki, proporsional sistemin ləğvi siyasi sistemin inkişafına böyük problemlər yaradacaq. Çox təəssüf ki, o zaman bizim söylədiklərimiz özünü doğrultdu. İndi biz elə bir sistem tətbiq edə bilərik ki, vətəndaş həm partiya siyahısına səs versin, həm də siyahıda hər namizədin özünə səs versin. Yəni vətəndaş partiyaya səs verməklə yanaşı, kimi neçənci görmək istəyirsə, həm də ona səs verə bilər. Bir çox ölkələrin təcrübəsində belə hallar var".
Yeni qanun layihəsilə bağlı müəyyən iradlarının da olduğunu bildirən Qüdrət Həsənquliyev məhkəmə qərarı olmadan partiyanın fəaliyyətinin dayandırılmasının yolverilməz olduğunu dedi: "Yeni qanun layihəsində belə bir müddəa var ki, müvafiq icra hakimiyyəti orqanı məhkəmə qərarına qədər partiyanın fəaliyyətini dayandıra bilər. Biz hesab edirik ki, belə bir müddəa konstitusiyaya ziddir. Amma elə müddəalar da var ki, Venesiya Komissiyası ona mənfi rəy versə də, həmin məsələlərin əksəriyyətilə bağlı bizim mövqeyimiz hökumətin mövqeyilə üst-üstə düşür. Məsələn, biz dini zəmində partiyaların yaradılmasının əleyhinəyik və hətta Konstitusiyamıza görə din dövlətdən ayrıdır. Biz hər zaman dinin siyasiləşməsinin əleyhinə çıxmışıq. Eləcə də xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin, yəni siyasi hüququ olmayan insanların partiya yaratmasını, maliyyələşdirməsini yolverilməz hesab edirik. Bundan başqa qanun layihəsində belə bir müddəa var ki, dövlətin mövcud konstitusion quruluşuna qarşı çıxan partiyaların fəaliyyəti yolverilməzdir. Biz də hesab edirik ki, belə bir fəaliyyətin qarşısı alınmalıdır".

Daha sonra BAXCP sədri partiyanın qurultayına hazırlıqla bağlı məlumat verdi: "Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin qərarı bundan ibarət oldu ki, biz həmin tədbiri seçkilərə ən azı bir qalmış müddətdə, yəni oktyabr ayında keçirək. Bütün dünyada seçkilərə bir il qalmış prosesə start verilir. Biz də nəzərdə tuturuq ki, qurultayı məhz seçkilərə start verilən ərəfədə, siyasi aktivliyin artdığı dövrdə keçirək. Ona görə də çalışmalıyıq ki, qurultayı daha yüksək səviyyədə keçirək"

Siyasi islahatların bundan sonra da davam etdiriləcəyinə əminliyini vurğulayan BAXCP sədri ölkədə daha geniş islahatlara zərurət olduğunu bildirdi: "2007-ci ildə Milli Məclisə "İslahat" bloku adından bununla bağlı layihə təqdim etmişik. Bu layihə geniş siyasi islahatları əhatə edir. Biz hesab edirik ki, ölkədə hökuməti parlamentdə qalib gələn partiya formalaşdırmalıdır. Həmin layihə üzərində bir qədər də işləmişik və onu daha da təkmilləşdirmişik. Bu layihəni Vətəndaş Həmrəyliyi, Ədalət və Böyük Quruluş partiyaları da dəstəkləyirlər."

Qüdrət Həsənquliyev siyasi islahatların dönməz proses olduğuna və BAXCP-nin də yaxın gələcəkdə ölkənin siyasi həyatında önəmli rol oynayan 3-4 partiyadan biri olacağına əminliyini vurğuladı: "Biz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını yaşatmalıyıq. Bu partiya Azərbaycan xalqına, cəmiyyətimizə lazımdır. Eyni zamanda partiyanın növbəti qurultayına ciddi hazırlaşmalıyıq. Çalışmalıyıq ki, bu qurultay ölkənin siyasi həyatında hadisəyə çevrilsin".

Sonra BAXCP sədrinin ictimai-siyasi vəziyyətlə bağlı çıxışı ətrafında müzakirələr başladı. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev və digərləri çıxışlarında təkliflərini və partiya üzvləri qarşısında duran vəzifələr haqqında danışdılar.