“Biz İrana qarşı düşmənçilik siyasəti aparmırıq”

biz-irana-qarsi-dusmencilik-siyaseti-aparmiriq-
Oxunma sayı: 641

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanın İranla münasibətlərinə həssas yanaşdığını bəyan edib. Azərbaycan tərəfi İranla münasibətlərini mehriban qonşuluq prinsipinə söykənərək həyata keçirir”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, Azərbaycanın xarici siyasətinin əsasları Heydər Əliyev ideyalarına söykənir və onun müəyyən etdiyi xarici siyasət xəttində balans siyasəti əhəmiyyətli yer tutur. Onun sözlərinə görə, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Dövlətimizin başçısı Azərbaycanın bütün məsələlərdə müstəqil şəkildə siyasət həyata keçirdiyini birmənalı şəkildə vurğulayıb. Ona görə də, Azərbaycan dövləti xarici siyasətində bu və ya digər ölkələrin daxili işlərinə müdaxilə etmədiyi kimi ölkəmizin də daxili işlərinə hansısa bir dövlətin müdaxilə etməsinə imkan vermir və verməyəcəkdir. Bu mənada Azərbaycan tərəfi İranın hansısa ölkələrlə ticari-iqtisadi əlaqələr saxlamasına müdaxilə etmədiyi kimi İranın da Azərbaycanın digər dövlətlərlə ticarət, iqtisadi və siyasi əlaqələr saxlamasına müdaxilə etməsinə nə siyasi, nə mənəvi, nə də digər haqqı yoxdur. Odur ki, istənilən ölkə ilə əlaqələr saxlamaq Azərbaycanın haqqıdır və bunu da edir”.

M. Qurbanlı qeyd edib ki, ölkəmizin İranda səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan – İsrail münasibətləri ilə əlaqədar hansısa irad bildirməsi məntiqə uyğun deyil. Onun sözlərinə görə, biz İrana qarşı düşmənçilik siyasəti aparmırıq. Eyni zamanda, İrana düşmənçilik edən ölkələrlə İranla bağlı məsələlərdə müttəfiqlik etmirik.
“Bu da bizim mehriban qonşuluq siyasətimizin bariz nümunəsidir. Hesab edirəm ki, İran əhalisinin böyük əksəriyyəti Azərbaycanın bu xoşməramlı siyasətini başa düşür. Lakin təəssüf ki, İrandakı bəzi dairələr antiazərbaycan bəyanatlar verir və münasibətlərimizə xələl gətirmək istəyirlər. Ona görə də, biz bu cür hərəkətləri pisləyirik. Biz Azərbaycan – İran münasibətlərinə böyük diqqət yetiririk və bu münasibətlərin normal məcrada, mehriban qonşuluq səviyyəsində davam etməsinə tərəfdarıq.

Dövlətimizə qarşı səslənən iddiaların əksinə olaraq Azərbaycan öz ərazisində hansısa ölkənin xarici kəşfiyyatının fəaliyyət göstərməsinə heç zaman imkan verməyib. Milli təhlükəsizliyimizi qoruyan qurumlar çox peşəkar işçilərdən ibarət olmaqla hər hansı ölkənin xarici kəşfiyyat qurumunun ölkəmizdə fəaliyyətinə imkan verə bilməz və verməyəcəkdir. Bu gün Azərbaycan ayrı-ayrı ölkələrlə antiterror fəaliyyəti ilə bağlı əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycanın xarici ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə narkotrafikə, insan alverinə, silah qaçaqmalçılığına qarşı və digər beynəlxalq xarakterli cinayətlərə qarşı birgə fəaliyyəti mövcuddur. Amma Azərbaycanda hansısa dövlətin kəşfiyyat qurumunun fəaliyyət göstərməsi haqda deyilənlər heç bir fakta söykənmir”.