Biz İstiqlalımızı əldə etdik ki, adam kimi yaşayaq, demədik ki, sürünək…

biz-istiqlalimizi-elde-etdik-ki-adam-kimi-yasayaq-demedik-ki-surunek
Oxunma sayı: 695

«İstiqlal» bir millətin azadlıq eşqi. Biz ötən yüz illik boyunca parçalanmış Vətənimizin quzeyində millət olaraq iki dəfə bu eşqi dadmışıq. 1918-ci il mayın 28-də Türk-İslam dünyasında, bütövlükdə şərqdə ilk demokratik respublika qurulub. İki il ömrü olan bu respublikanın süqutundan 70 il sonra 1991-ci ilin 18 oktyabrında II dəfə öz İstiqlalımızı, yəni Dövlət müstəqilliyimizi əldə etmişik. Çətin, ağır günlərdən üzü ağ çıxaraq Xalqımızın iradəsi və o vaxtkı Ali Sovetin 25 nəfərlik «Demokratik Azərbaycan» Blokunun üzvlərinin səyi, 43 nəfərin səsi ilə müstəqil olduq. Şərqdə, İslam dünyasında ilk xalq cümhuriyyəti qurmuş bizlər yenidən belə bir arzuya qovuşduq. Qəddar sovet imperiyasının əsarətindən 70 il sonra qurtulduq. Bu İSTİQLAL bizim sevincimiz, qürurumuz və qeyrətimiz, namusumuzdur.

Böyük şairimiz Xəlil Rzanın sözləri ilə ifadə etsək «Azadlığı zərrə-zərrə, qram-qram istəməyib, qolumuzdakı zəncirləri qırdıq. Səma kimi, günəş kimi, cahan kimi arzuladığımız» istiqlalımıza qovuşduq…

Biz Azad olduq… Səma kimi… Amma bu azadlıq uzun çəkmədi. Çəkməyə qoymadılar…
Hər bir insanın arzusu və istəyi öz dövlətində adam kimi yaşamaqdır. Xalqımız öz İstiqlalını əldə etdi ki, adam kimi yaşasın. Bizim olan, bizim olsun. Özümüz özümüzün ağası olaq. Bir zamanlar deyirdilər ki, öz millətimin diktatoru, başqa ölkənin demokratından mənə daha yaxındır.. Bu məsələyə hələ qayıdacam…
Xalq ayağa qalxdı və AZADLIQ… İSTİQLAL… MÜSTƏQİLLİK istədi və biz azad olduq. Xalqın istədiyi şəxslər hakimiyyətə gəldi. Millət olaraq Elçibəyi rəhbər seçdik və onunla yola çıxdıq… Sapı özümüzdən olan baltalar imkan vermədilər və Elçibəyi daxildəkilər bir yandan, xaricdəkilər bir yandan sıxışdırdılar… bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən Xalq hakimiyyətini yıxdılar… nəzərdə tutulan arzular puç oldu…

Vətəndaş qarşıdurması olmasın, ölkə parçalanmasın deyə Elçibəy Bakıdan getdi. Bu gün hamı onu qınayır. Niyə və nə üçün getdi? O isə «Hər şeyin bir zamana ehtiyacı var» deyirdi, ömür vəfa etmədi. O azadlıq aşiqi dünyasını dəyişdi və bizi qoyub getdi. Mən hər zaman arzu etmişəm ki, kaş millətimi, vətənimi və dövlətimi Elçibəy qədər sevə biləydim.

Nə isə, 1993-cü ildə Xalq hakimiyyəti YAP hakimiyyəti ilə dəyişildi. YAP hakimiyyətə gəldi nə gəldi. Bu günkü hakimiyyətin məmurları millətin olan olmazını şəxsi kapitaları kimi talayırlar. 1991-ci ildə Azərbaycanın İstiqlalının əleyhdarları bu dövlətin başındadırlar və bu istiqlalı onlar qazanıb kimi rəftar edirlər.

İstiqlalın əlehdarları- Əli Həsənov baş nazirin müavini, Mixail Zabelin, Arif Rəhimzadə, Eldar İbrahimov, Zeynəb Xanlarova, Madər Musayev millət vəkili, İrşad Əliyev, Sahib Əkbərov icra başçısı və sairə vəzifələrdə, biznes fəaliyyəti ilə məşğuldurlar.

Amma, İstiqlalçı deputat Məryəm Həsənzadənin evi yoxdur yaşamağa, yataqxanada qalır, özü də pulla alıb yaşadığı otağı.

İstiqlalçı deputat Arif Hacılı qondarma, sübutu olmayan ittihamlarla həbs edilib.
İstiqlalçı deputat Tofiq Qasımov ölkədən didərgin düşüb. Budurmu ədalət? YAP-çılar nə demək istəyir bununla?

ATV-də «Dövlət müstəqilliyi» ilə bağlı hazırlanan verilişə çıxan, Azərbaycan dövlət müstəqilliyinin əleyhinə səs verən Əli Həsənov İstiqlalı qazanmağımızdan danışır. Milləti ələ salırlarmı bunlar.

İstiqlalın əleyhdarı olan Zeynəb Xanlarova ömürlük deputat ola bilir, amma İstiqlalçı deputat Məryəm Həsənzadənin yaşamağa evi də yoxdur. Nə deyək və necə dözək buna?

Bu ədalətsizlikləri görəndə, eşidəndə “bu İstiqlal lazım idimi” bizə deyirik. Biz müstəqilliyimizi bunun üçünmü qazandıq? bir qrup adam hakimiyyətə yiyələnib və bu millətin nəyi, var özləri üçün banklara yığırlar. Biz bu istiqlalı onun üçünmü qazandıq kimlərsə Dövlət büdcəsini dağıtsınlar. Kimlərsə 1 milyon manat verib ayı kabab çəkdirsin. Seçkiləri saxtalaşdırsınlar, millətin təhsil sistemini məhv etsinlər.

Yuxarıda dediyim kimi başqa ölkənin demokratındansa öz ölkəmin diktatoru daha yaxındır mənə deyənlər. Bu illər ərzində diktatorlarımızın nə etdiklərini gördük. 18 il nazir olanlar, oliqarxlar, talançılar millətin başına nə oyunlar açırlar. Vətəndaş üçün bütün bürokratik əngəllər yaradılıb. Azərbaycan o günə salınıb ki, burda qanun ancaq ŞAHdır. Şahdan başqa heç bir qanun yoxdur.

Biz İstiqlalımızı əldə etdik ki, adam kimi yaşayaq, demədik ki, sürünək…

Biz bu cür istiqlalı istəmirdik…

Samir Əsədli