“Biz mütləq qol vurmalıyıq” – Müsahibə

biz-mutleq-qol-vurmaliyiq-musahibe
Oxunma sayı: 649


- “Apoel”lə evdə 1:1 hesabıyla bərabərə qaldınız. Bu nəticəni səfər oyunu üçün qənaətbəxş hesab edirsən?

- Normaldır. Əsas odur ki, “Apoel” kimi komandaya məğlub olmadıq. Amma biz qalib gəlməliydik. Ona təəssüflənirik ki, qələbəni əldən verdik. Çalışacağıq ki, səfərdəki matçda da Bakıdakı kimi yaxşı oynayaq. Onsuz da bizə səfərdə mütləq ən azı bir qol vurmaq lazımdır.

- Digər oyunlarda olduğu kimi, “Apoel”lə görüşdə də “Neftçi”nin müdafiəçiləri və qapıçısı kobud səhvlərə yol verdi...

- Futbolda bunlar qaçılmazdır. Görünür, əvvəlki səhvlər səbəbindən müdafiəçilərimizdə həyəcan hələ qalmışdı. Kimsə səhv etməsə digər komanda qol vurmaz. Çalışacağıq ki, bu problemləri səfər oyununa kimi aradan qaldıraq.


- Təkrar qarşılaşmada “Neftçi” hücum futbolu oynayacaq, yoxsa ehtiyatlı olub, əks hücumlardan istifadə edəcək?

- Müdafiədə oynasaq, “Apoel”ə heç nə edə bilməyəcəyik. Əksinə qol buraxacağıq. Biz mütləq qol vurmalıyıq. Bərabərlik və ya minimal hesabla məğlubiyyətin heç bir fərqi yoxdur. Məhz buna görə açıq futbol oynayacağıq. Bu o deməkdir ki, “Neftçi” mərhələ adlamaq istəyir. Bakıdakı oyun göstərdi ki, buna gücümüz də var. İstəyimiz hücum futbolu oynayaraq, qol vurmaqdır.

- Səfər öncəsi “Apoel”i yaxşı analiz edə bilmisiniz? Yəni, rəqibinizin güclü və zəif tərəflərindən xəbərdarsınız?


- Bəli, bacardığımız qədər öyrənmişik. Hələ ilk görüşdən əvvəl də onları pis təhlil etməmişdik. Bir çox oyunlarının videoyazısını izləmişdik. Çox yaxşı komanda olduğunu söyləmək olar. Məşqçiləri rəqibə oynamaq imkanı, boş mövqe verməməyi tapşırmışdılar. “Apoel”ə oynamaq imkanı verən kimi güclü basqı edirlər. Sanki bizə qarşı Avropanın güclü komandası oynayır. Biz də bunu bilərək kiprlilərə oynamaq imkanı vermədik. Bir sözlə, rəqibin analiz edilməsində problem yoxdur.

- Səncə, keçən mövsüm Çempionlar Liqasında 1/4 finala qədər gələn “Apoel” yenədə həmin gücdədir, yoxsa zəifləyib?

- Bir az zəifdirlər. Bu, 5-6 aparıcı futbolçunun artıq komandadan getməsilə bağlı ola bilər. Unutmayaq ki, Bakıdakı görüşdə də onların bir neçə əsas futbolçusu oynamadı.

- Mərhələ keçmək şanslarınız nə dərəcədədir?


- Biz hər bir komandaya qarşı oynaya bilərik. Şanslar 50-50-yədir. Komandamızda böyük inam var. Yalnız mərhələ adlamaq haqda düşünürük.