Bizi qanunsuzluq böyütdü

bizi-qanunsuzluq-boyutdu-
Oxunma sayı: 656

Nədi bizi çınqıla, quma bu qədər yaxın edən?
Bir həyat var, içində daşı-daş üstə qoymaqla məşğuluq.
Tik ki, tikəsən. Daşhadaşdı...
Bu nə şəhərdi belə, hər yeri bina, hasar, heykəl, başdaşı...
Bir tərəf ev tikib pul qazanır, tikib pul qazanır.
O biri tərəf qazanıb ev alır, qazanıb ev alır.
Mülkə bu qədər ehtiras...
Nəfsə bax, bitmək bilmir. Yer yoxdu şəhərdə addım atmağa, ayıb!
Tələb olmasa təklif də olmaz.
Divara, daşa sevgimiz başımıza bəladı, bəla.
Daşa hərisləndikcə daş çıxır qarşımıza.
Biz ev istədikcə, ev satanların sayı artır. Satlıq evlərin sonu yoxdu.
Daşı bizə həyat qiymətinə satırlar...
Həyatımızı verib ev alırıq, daş alırıq...
Birini alırıq, sonra birini, daha birini...
Heykəllər ucaldıqca adamlar cilddən çıxır.
Heykəl xətrinə... Heykəl qoydurmaq üçün nə hoqqalar...
Nə qədər heykəl!
Daşlaşan ölkə, yazıq sənə.
Daşlaşan adətlər.
Başdaşını mümkün qədər böyük, şanlı qoydurmaq...
Mümkün qədər bahalı etmək...
Bizi bu ölkənin kultu, klassiki böyütmədi.
Bizi bu ölkənin daşa dönmüş ürəkləri böyütdü, daş kimi dərdi böyütdü.
Bizi bu ölkənin daşlaşmayan qanunları böyütdü.
Qanunsuzluğu böyütdü.
Və birdən hardansa bir Koroğlu heykəli ucaldı.
Həmişəcavan və həmişəyaşar Koroğlu.
Əbədivar mövzulardan biri də artdı.
Daşdan yonduq qəhrəmanı.

Ac-yalavacların, kasıb-kusubun dostunu daşdan düzəltdik.
Dirilib, canlanıb xalqın haqqına göz dikənlərə dərs verəsi ha deyil, ancaq yenə də olsun. Heç nədən, heç kimdən daha yaxşıdı.
Atı poniyə, qalxanı qazan qapağına oxşayan tarixi qəhrəman,
nə adamın vardı, nə tanışın bu yer üzündə.
Ancaq görürsən yenə də sənə üz tutduq sonunda.

Nə qədər tikib, söküb, dağıtsaq da sonunda tikə-tikə aparıb sənə çıxarır yollar. Bilirəm, haqqını hansısa qarınqulu məmur tapdayanda səni ziyarətə gələcək bir fağır.

Kişi hələ də damda qurdalanır...