Böyük şəhərin işıqları

boyuk-seherin-isiqlari
Oxunma sayı: 1553

Bu sözü ailəyə yox, diktatorlara aid etsək, belə bir mənzərə alınar; diktatorların hakimiyyətə gəlmələrinin süjeti eynidir, onların hakimiyyətdən getməsi, siyasi səhnədən silinmələri isə fərqli olur. Onlar qəfildən xilaskar rolunda peyda olurlar. Şeyx Nəsrullah kimi gəlməmişdən əvvəl onların gəlişini şərtləndirən “məktub” adamları çaşdırır. Vədlər verirlər. Kimisi işğal olunmuş torpaqların işğaldan azad olunacağını, kimisi uşaqların doyunca dondurma yeyə biləcəyini, kimisi də hər ailənin ev ala biləcəyini vəd edir...
Onlar tarixdən ibrət götürməyi bacarmırlar. Özündən əvvəlkilərin səhvlərini təkrar etməməklə hakimiyyətdə qalacaqlarını düşünürlər. Məddahların, təlxəklərin təriflərinə inanırlar. Onların əvəzolunmaz şəxsiyyətinə şübhə edənləri müxtəlif vasitələrlə sıradan çıxarırlar. Onların fikrincə, hər kəs Şeyx Nəsrullahın ölü diriltməsinə inanmalıdır.

Xarici düşmən faktoru da diktatorlar üçün göydəndüşmə nemətdir. Xarici düşmən faktoru ölkədə azadlıq istəyən adamların səsini “birləşmək lazımdır” saxta şüarı ilə boğmaq üçün gözəl vasitədir.
Diktatorlar atalar sözlərini, deyimləri sevirlər. Atalar sözlərini, deyimləri özlərinə sərf edən formada və məqamında istifadə etməyi bacarırlar...

Gözəlliyə düşməndirlər. Bütün tikililər onların hakimiyyətinin əbədi olacağına işarə vurur. Yuxarıda da qeyd etdiyim kimi, başqalarının səhvini təkrarlamamaqla hakimiyyətdə əbədi qalacaqlarını düşünürlər. İnqilabın, çevrilişin dəqiq düsturu yoxdur. Ona görə də, diktatorların hakimiyyətə gəlişinin süjeti eyni olsa da, hakimiyyətdən getmələrinin süjeti fərqli olur. Bir göysatanın özünü yandırması milyardlara, güc strukturlarına, öz qaniçənlərinə, başkəsənlərinə arxalanan neçə diktatoru məhv etdi. Hələ bir neçəsi də öz növbəsini gözləməkdədir. Əgər Hüsnü Mübarək bilsəydi ki, göysatanın özünü yandırması onun hakimiyyətdən getməsinə səbəb olacaq, o, göysatanın bütün nəsil-nəcabətini qızıla tutardı.

Lap tutaq ki, ərəb ölkələrində baş verən hadisələri Amerika təşkil edib... Nə dəxli var? Meydana çıxan, döyülən, öldürülən, sürgün edilən adamların fədakarlığına, mübarizliyinə heç bir şübhə kölgə sala bilməz. Onsuz da öz köləliklərinə haqq qazandırmaq istəyənlər hər bir dəyişiklik cəhdində mason barmağı axtarmağa, Amerika izi tapmağa öyrəşiblər. Əsas odur ki, bir göysatanın özünü yandırması milyardlara arxalanan diktatorları siyasi səhnədən sildi. Ərəb ölkələrində dəyişikliklərin baş verməsinə səbəb oldu. Digər diktatorlar düşünürlər ki, onların ölkələrində özünü yandıran göysatan olmayacaq... Göysatan olmayacaq, amma balıqsatan, pomidorsatan, evisökülən, nə bilim, pulsuzluqdan uşağını satan mütləq olacaq... Ya sən bu adamların hamısını təmin etməlisən, ya da o adamların birinin özünü yandıracağı günün baş verəcəyini yaddan çıxarmamalısan.

Əhməd Ağaoğlunun Paris illəri

Vilayət Quliyevin “525-ci qəzetdə”də dərc olunan “Əhməd Ağaoğlunun Paris illəri” silsilə yazılarını maraqla oxudum. Ümumiyyətlə, Vilayət müəllim son illər çox səmərəli işlərlə məşğuldur. Ən azı “Heyvanıstan” əsərini dilimizə çevirdiyi üçün Vilayət müəllimə öz dərin təşəkkürümü bildirirəm. Bu, artıq vicdan məsələsidir. Məncə, Vilayət Quliyev son illər öz səmərəli, vacib araşdırmaları, tərcümələri ilə öz vicdanı qarşısında hesabat verməkdədir.

Vilayət Quliyev bu hakimiyyətə xidmət etmiş adamdır. Amma o, öz tərcümələri, araşdırmaları ilə günahlarını yumaqdadır. Hərçənd mövcud hakimiyyətə xidmət etmiş adamın öz günahlarını sona qədər yuması heç cür mümkün deyil. Vilayət müəllim klassik ədəbiyyatı yaxşı bilir. O bilməliydi ki, şahların dostu olmur, şahların yalnız köləsi olmaq mümkündür. O bilməliydi ki, hansısa bir məclisdə gəyirməsinə görə, adamın bütün xidmətlərinin üstündən asanlıqla qara xətt çəkirlər. Bu haqda klassik ədəbiyyatda xeyli məqamlar var. Nəsə. Mövzudan uzaqlaşmayaq. Bunu ona görə yazdım ki, Vilayət Quliyevə araşdırmalarına, tərcümələrinə görə öz təşəkkürümü bildirməklə yanaşı, onun bir vaxtlar xarica işlər naziri olduğunu da unutmamışam. Vay o adamın halına ki, günahlarının yuyulmasına cəhd belə etmir. Bu qədər.

Keçək “Əhməd Ağaoğlunun Paris illəri” yazısına. Yazıdan bəzi məqamları tirajlamağı özümə borc bilirəm. Publisistin bir missiyası da mənbələri, dəyərli yazıları, araşdırmaları tirajlamaq, işarə verməkdir: “Əhməd Ağaoğlu Parisdəki tələbəlik illərində İran hökmdarı Nəsrəddin şahı yaxından görmək və müşahidə etmək imkanı qazanmışdı. 1889-cu ildə Böyük Fransa İnqilabının 100 illiyi münasibəti ilə Parisdə Ümumdünya sərgisi açılmışdır. Sərgidə iştirakla bağlı dəvəti qəbul edən dövlət başçıları arasında İran monarxı da var idi. Əslində, Nəsrəddin şahın sərgidə iştirakla bağlı qərarı İran sarayının hələ beynəlxalq məsələlərin incəliklərinə və protokol qaydalarına yetərincə bələd olmadığını göstərir. Çünki mütləqiyyət üsuli-idarəsinin hakim olduğu bir sıra ölkələr, o cümlədən Rusiya fransız kralı 14-cü Lüdovikin edamı və monarxiyanın ləğvi ilə nəticələnən inqilabın ildönümündə rəsmi şəkildə iştirak dəvətindən boyun qaçırmışdılar. Avropa səfərlərinə xüsusi maraq göstərən Nəsrəddin şah isə yaranmış imkandan istifadə etmək fürsətini əldən qaçırmamışdı. Fransa prezidenti Sadi Karno ilə birlikdə sərgiyə tamaşa etməyə gələn Nəsrəddin şahı Mars çölündə qarşılayan çeşidli insanların arasında iki ildən bəri Parisdə yaşayan Əhməd bəy də vardı. Həmin an Əhməd bəyin gördükləri illər sonra xatirələrində belə əks olunmuşdu: “Şahın tacındakı brilyantlar gözləri qamaşdırırdı. Köksü cəvahiratla örtülü idi. İri gözləri, qalın qaşları, dik başı təsviri mümkün olmayan bir qürur və kibr ifadə edirdi... Karnonun sadə siyah redinqtonu, dik bəyaz qalstuku, sadə davranışı bu qürur və kibrləmə ilə tam bir təzad təşkil edirdi. Mən ilk dəfə hürr və sərbəst milləti təmsil edən bir rəis ilə bir despotu yan-yana gördüm”.

Sərgi çərçivəsində keçirilən mərasimlərdə Əhməd bəy bir neçə gündən sonra şahı yenidən görə bilmişdi. Bu görüş də eyni kədərli düşüncələr oyatmışdı. O, bir daha demokratiya ilə istibdadı müqayisə etmək şansı qazanmışdı. Şahın yanında baş nazirin sadəcə bir lakey olduğunu görmüşdü: “Gecə idi. Yenə iki xalqın rəhbərləri səflər arasından keçirdilər. Şah nə səbəbdənsə çiynindəki kürkü çiyninin ani hərəkəti ilə yerə atdı və arxasınca gələn sədrəzəmə tərəf dönərək, “götür” əmrini verdi. Zavallı sədrəzəm dərhal bütün qələbəliyin gözü önündə yerə qədər əyildi, kürkü qaldırdı və sanki uşağı götürürmüş kimi məhəbbətlə qolu üzərinə alaraq yürüdü. Şahın bu ədası və sədrəzəmin bu mağmunluğu Şərq istibdadının mahiyyətini göstərən aşkar nümunələrdən idi”.
“İran və inqilabı” kitabında Əhməd Ağaoğlu Nəsrəddin şahın hakimiyyətindən bəhs edərkən yenidən onun Paris səfərinə toxunmuşdu: “Fəqət, bu səyahətlərdən İranın islahı üçün bir şey hasil olmadı. Nəsrəddin şah istibdad və şəxsi əsarət üsulunun ən kəskin nümunəsi idi. Qürur, təkəbbür, eqoizm və özbaşınalıq onun bariz xüsusiyyətləri idi. Şahidi olduğum bir vaqiəni nağıl etməyə bilmərəm. Şah Parisi ziyarət edərkən orda tələbə idim. Sərgi münasibəti ilə Parisdə bir hava balonu vardı. Şah bu balona minib şəhəri yuxarıdan seyr etdi. Yerə enərkən ordakılar arasında sosialist deputatlardan Hüqo Lerua da vardı. Şair özünü saxlaya bilməyib, şaha xitabən dedi: “Əlahəzrət, mədəniyyətin nemətlərini, meyvələrini gördünüz. Ümid edirik ki, İrana qayıdandan sonra bizim irqimizdən olan ari iranlıları bu nemətlərdən istifadə etdirməyə hümmət göstərəcəksiniz!”.

Şah istehza ilə dedi: “Dedilər ki, şairsiniz. Mən də şairəm. Ümid şairlər üçün qidadır. Ümid edin”. Ertəsi gün bütün Paris qəzetləri zavallı şairə istehza edirdilər”. Əhməd bəyin despotik quruluşlara mənfi münasibətinin ilk ünsürlərinin Parisdə meydana çıxdığını iddia etmək üçün əldə tam əsas var. Parisdəki müşahidələr sonralar ona İran cəmiyyətinin, ümumilikdə mütləqiyyət rejimlərinin mahiyyətinin açmaq üçün zəngin material vermişdi”. Şərhsiz. Hər şey aydındır.
Mən, Vilayət müəllimi “sancmaq” istəmirəm, sadəcə, onu demək istəyirəm ki, görəsən keçmiş xarici işlər naziri Əhməd bəyin müşahidələrini oxuyanda hansı hissləri keçirib? Axı, Vilayət müəllim özü də yerə atılan kürkü adamların gözü qarşısında yerdən götürüb qolları üstündə əzizləməkdən heç də sığortalanmamışdı...

Firəng Əhməd

yeri gəlmişkən, bu yaxınlarda Y.V.Çəmənzəminlinin xatirələrini oxudum. Həmin xatirələrdə Çəmənzəminli yazır ki, Əhməd bəy Parisdə oxuduğuna görə Şuşada hamı ona “Firəng Əhməd” deyirdi. Özü də Əhməd bəy Şuşada tapançayla gəzirmiş.

Qarqantua və Pantaqruel

Adının çəkilməsini istəməyən bir tanınmış rejissor söhbət zamanı maraqlı fikir söylədi: “Bütün klassika Azərbaycan hakimiyyətinin əleyhinədir”. Dəqiq. Baxmayaraq ki, Çexovun “6 nömrləli palata” əsəri Əli İnsanovun sevdiyi əsərdir. Baxmayaraq ki, yazılanlara inansaq, Tolstoy qaniçən Qəddafinin sevdiyi yazıçıdır. Baxmayaraq ki, klassik ədəbiyyatın bir çox şedevr nümunələrini diktatorlar sevirmişlər. Bu, bizim klassik ədəbiyyata olan münasibətimizi dəyişməməli, bizi ruhdan salmamalıdır. Sadəcə, klassikanı hakimiyyət əleyhinə çevirmək yolunda yorulmadan çalışmalıyıq.
Stalin Çarli Çaplini çox sevirdi. Çünki Çarli Çaplin Stalinin atasına bənzəyirdi və Stalin (deyilənlərə, yazılanlara inansaq) Çarli Çaplinin filmlərinə baxanda çəkməçi atasını xatırlayırdı. Olsun. Bu, heç də Çarli Çaplinin “Böyük şəhərin işıqları” filminə kölgə sala bilməz. Həmin filmin ilk kadrı bizim günümüzün reallığı ilə tam səsləşir. Adamlar heykəlin açılışına yığışıblar. Bütün şəhər elitası meydana toplaşıb. Çıxışlar, çıxışlar... Ağ örtük qaldırılır. Məlum olur ki, yurd-yuvası, yatmağa yeri olmayan Çarli Çaplin heykəlin qucağımda yatıbdır. Adamlar qışqırır, bağırır, Çarli Çaplini heykəlin qucağından yerə düşməyə səsləyirlər. Heykəlin qucağından yerə düşmək istəyən Çarli Çaplin növbəti bəlaya düçar olur. Onun şalvarı heykəlin əlində tutduğu qılınca ilişir. Bu vaxt himn səslənir. Yeri-yurdu olmayan Çarli Çaplin qılınca keçmiş halda, özü də müvazinətini saxlamaqla himni eşitməyə, düz dayanmağa məcburdur... Bu, faciədir. Doğrusu, bir vaxtlar Çarli Çaplinin filimlərinə baxıb, qəşş edib güldüyümə görə, xəcalət çəkirəm. Bu, çox dözülməz haldır. İmkanım olsaydı, bu cümlənin sonuna bir güləş işarəsi qoyardım...

Heykəl demişkən, deyilənə görə, yazılanlara inansaq, Şamaxı şəhərinin girişinə eşşək heykəli qoyublar. Əhsən!
Bir dəfə bəstəkar Elmir Mirzoyevlə söhbət edirdik. Ki, görəsən, Azərbaycanda baş verən hadisələr hansı əsərin süjetinə, məzmununa, hədəfinə daha çox uyğundur. Bu qərara gəldik ki, Azərbaycanda baş verən hadisələrlə ölməz Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərinin məzmununa, süjetinə, hədəfinə daha çox uyğundur. Azərbaycanda baş verən hadisələrlə Rablenin “Qarqantua və Pantaqruel” əsəri arasında paralellər aparanda Fransua Rablenin uzaqgörənliyini, dahiliyini, acı gülüşünü bir daha açıq-aşkar dərk edirsən. Azərbaycan hakimiyyətini məntiqlə başa düşmək mümkün deyil. Əgər Şamaxı şəhərinin girişinə eşşək heykəli qoyacaqdılarsa, bəs o zaman Emin Millinin və Adnan Hacızadənin həbs edilməsinin mənası nə idi?

“Reytinq”