BQP ABŞ və Almaniya səfirliklərini mədəniyyətsizliklə suçladı

bqp-abs-ve-almaniya-sefirliklerini-medeniyyetsizlikle-sucladi
Oxunma sayı: 657

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Almaniyanın xarici işlər naziri Qido Vestervellenin martın 14-15-də Azərbaycanda rəsmi səfərdə olarkən bəzi partiyalar və QHT təmsilçiləri ilə görüşünün formatının Almaniya səfirliyi tərəfindən tərtib edilməsini səfirlik tərəfindən atılmış bir mədəniyyətsizlik davranışı kimi qiymətləndirib: “Bu cür davranışları biz ABŞ səfirliyinin fəaliyyətində görməyə alışıq olduğumuzdan, Almaniya səfirliyinin bu addımı bir qədər təəccüb doğurub”.

Bəyanatda daha sonra deyilir: “Əlbəttə, bir ölkənin xarici işlər naziri Azərbaycanda kiminlə istəsə görüş keçirə bilər, ancaq səfirliyin maraqlarını təmsil etdiyinə görə bu partiyaları Azərbaycan müxalifəti adlandırmaq, digər müxalifət partiyalarına qarşı açıq hörmətsizlik sayılmalıdır. Parlament müxalifətini bəyənməyə bilərsiniz, ona görə də nümunəni başqa yerdən gətirək. Məsələn, seçildiyi halda, parlamentə getməkdən imtina edən Lalə Şövkətin lideri olduğu Liberal Partiyasının parlamentə düşərkən sevincək iştirak edən partiyalardan hansı keyfiyyətinə görə arxa planda saxlandığının səfirlik izahını verə bilərmi? Digər tərəfdən siyasi partiyaları QHT-lərə, yaxud da fərdlərə qataraq görüş keçirmək ənənəsi ABŞ rəsmilərindən başlayıb, Almaniya və başqa ölkələrin rəsmiləri tərəfindən də təkrarlanmaqdadır. Bu əslində partiya institutunun aşağılanmasından başqa bir şey deyil. Onsuz da Azərbaycanda siyasi partiyalar iqtidar tərəfindən bu cür münasibətlə tez-tez qarşılaşırlar. Bizim iqtidarla sizin demokratik sayılan bir ölkənin səfirliyinin siyasi partiyalara yanaşmasında bir fərq görə bilirsinizmi? Təsəvvür edin ki, Azərbaycan xarici işlər naziri Almaniyada Xristian Demokrat və Sosial Demokrat partiyaları ilə görüşdə Yaşıllığı qoruma dərnəyi, Siqaret çəkməyənlər Konfederasiyası və ya Bomj həmrəyliyi qrupu da onlarla birlikdə görüşə qatılır və birlikdə müzakirələr aparılır. Burada kiminsə üstün və ya aşağı olmasından söhbət getmir. Sadəcə özünə hörmət edən partiya bu cür görüşlərdə ayrıca subyekt kimi iştirak etməyə çalışmalıdır. QHT-lər də qoy ayrıca görüşsünlər.

Bütün bu olub-bitənlərdən sonra Böyük Quruluş partiyası bu mədəniyyətsiz davranışın izahını verməyənə qədər Almaniya və ABŞ səfirliklərinin tədbirlərində iştirak etməyəcəyini diqqətə çatdırır.”