“Bu hal hakimiyyətin cılızlığını ifşa edir”

bu-hal-hakimiyyetin-cilizligini-ifsa-edir
Oxunma sayı: 680

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, AXC-nin təsisinin 22 illiyi ilə bağlı tədbir keçirməyə Azərbaycan hakimiyyəti Bakı şəhərində heç bir qapalı məkan verilmədi. Partiya qeyd edir ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında, vətən torpaqlarının müdafiəsində müstəsna rol oynayan təşkilata qarşı belə bir münasibəti hakimiyyət üçün ilk deyil: “AXCP xatırladır ki, xüsusi ilə 2005-ci ildən hakimiyyət avtoritarizmdən diktaturaya keçid üçün ciddi səy göstərir. Bunun nəticəsi kimi paytaxtda və əyalətlərdə müxalif siyasi partiyaların ofisləri müxtəlif bəhanələrlə əldən alınır; siyasi fəaliyyətinə görə insanlar təqib olunur, şərlənərək həbsə atılır.

Yalnız hakimiyyətin siyasətlə razılaşmadığına görə müxalifətin televiziyaya çıxış imkanları birmənalı olaraq qapadılıb, cəmiyyətlə təmas yaradılması üçün heç bir dinc aksiyanın keçirilməsinə icazə verilmir, belə cəhdlər kobud, qəddar polis zorakılığı ilə dağıdılır.

Əliyevlərin hakimiyyətə gəldiyi günü zorən, məcburi qaydada əhaliyə bayram kimi təqdim edən hakimiyyət xalqın gerçək bayramlarını unutdurmağa çalışmaqla tarixə uğursuz “redaktələr” etmək niyyətindədir.

AXCP bəyan edir ki, 22 illik tədbirin keçirilməsinə mane törətmək siyasi qısqanclığın təzahürüdür. Bu hal bir daha hakimiyyətin neqativ mahiyyətini, cılızlığını bir daha ifşa edir.
Azərbaycan cəmiyyəti və beynəlxalq aləm bir daha əmin olmalıdır ki, Azərbaycan hakimiyyəti öz opponentləri ilə rəqabət aparmaq gücündə deyil, sivil dünyanın şərtlərinə cavab verəcək səviyyə bu hakimiyyət üçün hələ də əlçatmaz olaraq qalır”.