Bu yazını sol əlimlə yazıram

bu-yazini-sol-elimle-yaziram-
Oxunma sayı: 667

Bu səfər üzürlü sayın, sol əlimlə yazıram. Sol əldən xeyir gəlməz. Zərbə dalınca zərbə yeyirik. Ağır xəbərlər yumruq kimi alnımızın tən ortasından guppultuyla dəyib beynimizi silkələyir. Ayılmağa zaman yox.

Çox, çox, çox yaxın dostumu itirdim. Beyninə qan sızdı. 36 yaşı vardı. 13 illik dostluğumuzda bir gün onu rahat, hərəkətsiz, çabalamayan görmədim. 2 qızı var. Əlini atmadığı iş, baş qoşmadığı sahə qalmadı. Əziyyət çəkirdi. Ona baxanda həmişə fikirləşirdim ki, “necə dözür?” Bu qədər yükə, zəhmətə necə dözür?!

Hər işin qulpundan yapışırdı, ev almaq üçün həyatın zirzəmisindən girib damından çıxırdı. Az qalmışdı. Dekabra kimi alacaqdı. Artıq müqavilə də bağlamışdı şirkətlə.

Bütün gəncliyini çörək puluna xərclədi. Pis yaşamırdı, ama nəyin bahasına? Həyatının. Həyatını verdi , bu insana axar su qədər zaman verməyən həyatda adi, normal adam balası kimi yaşamaq üçün. Onun simasında balasının gözlərindən yayınan, xəstə anasına məlhəm tapmağa gücü çatmayan, əzizlərinə ən adi hədiyyəni almağa cibində pulu olmayan, təhsil haqqını verə bilməyən gəncliyin, utanan gözlərini görürdüm. Gənclik onun bədənində boğulurdu, boğuldu...

Mən qaramat-qaramat yazılar yazıb sizin də keyfinizə soğan doğradığımın fərqindəyəm. Ancaq siz də etiraf edin ki, belə yazıları daha yaxşı oxuyursuz; daha böyük ehtiyacla. Əylənmək istəyəndə dostlarla kafeyə gedə bilərik, komik bir film izləyərik, qolf, bouling, billiard , kart oyanayarıq. Bir də yazıda əylənmək lazımdımı? Bəlkə də... mən pas.

Həssas insanların çevrəsində olmaq xoşdu . Sən bir baxacaqsan, o min anlayacaq. Sən bir dönəcəksən, o min görəcək. Yazını yazdığım gün mesaj aldım: Keçindi...

Ağır xəstəmiz vardı, yazar dostumuz Zərdüşt Şəfi doğulduğu Bum kəndinə gedib, ölümünü, torpağa basdırılacağı günü gözləyirdi. Qan xərçəngi varmiş. Hamıdan gizlədib. Eşidən kimi birinci Rəşad Məcidə zəng vurdum.

Gənclərin abisi indi hamıdan daha hüzünlüdü, bilirdim. Abi, gənclərin gözə gəldi...

Bizdən danışanda elə ağız dolusu “mənim gənclərim” deyir ki, adam arxasında Tibeti hiss edir. Ailəmizin bir üzvünün də yeri boş qaldı. Rəşad deyir “ həssas idi, Zərdüşt. Bir gün halımı çox qəribə formada təhlil elədi. Dedi, beyin yorğunluğundan sağ əliniz işləmirdi, sallaq qalmışdı. Əli hərəkət etdirməyə sinirlərin gücü çatmırdı. “Ona bir bənd şeir yazdım o gecə.” - Rəşad deyir.

Dəyəcəksən hədəfə
Yanılmazsan bu dəfə
Uzan ən düz tərəfə
Sağ əlim...


Sağ əlim sallaq qalıb, qüsur varsa, ötüşdürün. Solla yazıram.
Qəfildən bir ağır xəbər eşidərkən, ya birdən-birə möhkəm əsəb keçirərkən sinir oyanması baş verir, orqanizmdə sinirlərin stabil durumu bu qəfləti oyanışı- dalğanı həmən aşa bilmir, beyində tormuzlanma olur, bədən süstləşir. Bu davamlı, ard-arda təkrarlandıqda xroniki yorğunluq adlanan bir xəstəlik yaranır. Adam həmişə özünü halsız hiss edir. Kiminsə öləndə kimsə sənə ürək-dirək verir mütləq. Başın sağ olsun, möhkəm ol, ya da nə bilm axır qəmin olsun, üzülmə kimi təskinliklər dolu yarımcümlələr yağdırırlar canına. Ən çox da “ölüm haqdı” deyirlər. “Ölüm Haqdı”. Pah! Məncə ən böyük haqsızlıqdı. Ondan böyüyü yoxdu. Nə başımız həmişə sağ olacaq, nə qəmimiz sonuncu. Adımız kimi bilirik. Elə belə olacaq həmişə... Öləcəyik. Kim haqlıdı?!