“Çudo Peçka” haqda şok araşdırma

cudo-pecka-haqda-sok-arasdirma-
Oxunma sayı: 2078

Metroda, dayanacaqlarda, eləcə də reklam şitlərində “Çudo Peçka” mağaza-kafelər şəbəkəsinin artan reklamları diqqəti cəlb etmir desək, yalan olar. Müştəri cəlbinə hesablanan bu reklamlarda əsasən şəbəkənin yeni çeşiddə şirniyyatları təriflənir. "Yeni Dad" seriasından istənilən məhsul alan müştəriyə tort, çizkeyek, piroq, bir qutu trufel hədiyyə vəd edilir. Publika.Az "yeni dad" seriasından olan həmin məhsulların alıcılara bəxş etdiyi şirin dadın pərdəarxası tərəflərini araşdırıb.

Məlum olub ki, reklam edilərək az qala dağ başına çıxarılan “özəl reseptli” şirniyyatlar insan sağlamlığı üçün təhlükə mənbəyi olaraq qalır. Bir müddət əvvəl sahibinin dəyişməsi ilə əlaqədar aparılan reformlar sadəcə kosmetik xarakter daşıyıb. Məşhur şirniyyat və qənnadı ustası Yelena Suçkovanın özəl reseptləri tortların adlarını dəyişdirsə də, məhsulların keyfiyyətini dəyişdirməyib.

“Çudo Peçka” MMC 2001-ci ildən fəaliyyət göstərir. Şəbəkənin Bakı Şəhərində 9-a yaxın mağaza-kafesi var. Ötən 11 ildə fast-food sektorunda monopolistə çevrilməyi bacaran şəbəkə bu gün sahəsinin ən gəlirli müəssisəsi hesab olunur.

Tortların yararlıq müddəti göstərilmir

Araşdırmalarımız göstərir ki, bu gün şəbəkəni istehsala daha az vəsait sərf edib daha çox gəlir götürmək düşündürür, nəinki keyfiyyət. Çünki, adətən qənnadı biznesində istehsalçının gəliri 20-30% -ə hesablanır. “Çudo Peçka”nın “hədəfləri” 80 faizə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib. İstehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti şəbəkədə “sirr” kimi qorunur.

“Çudo Peçka”nın reyd apardığımız mağaza-kafelərinin hər hansı birində məhsulların üzərində yararlılıq müddətinə rast gəlmədik. Xüsusilə isti yay günlərində kremli məhsulların yararlılıq müddəti vacib hesab edildiyindən tortlarla bağlı vəziyyət daha acınacaqlıdır. Tortların istehsal tarixi, yararlıq müddəti, tərkibi göstərilməyib. Halbuki, tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır.

“Çudo Peçka” şirniyyat, qənnadı mağaza-kafelər şəbəkəsinin mağazalarında isə tortlar 10 gündən artıq saxlanılır. Vaxtı ilə müəssisədə işləyən bir işçinin sözlərinə görə, yalnız 10 gündən sonra onlara tortu vitrindən götürməyə icazə verilir. Şəbəkənin tortları ilə bağlı daha bir acınacaqlı məqam kremli məhsullara marqarin yağının işlədilməsidir. Şirniyyat sektorunda kremli məhsullara marqarin yağının qatılması qadağan olunduğu halda, tortların hazırlanması prosesində kərə yağından istifadə edilmir.

Eyni zamanda bu gün şəbəkə tortların bişirilməsində yaşıl çay, zəncəfil, karamel, kakao yağı kimi təbii məhsullardan istifadə edildiyini iddia edir. Əslində tortların qiymətləri onların nə dərəcədə təbii məhsullardan hazırlandığını təyin etməyə imkan verir. Çünki təbii inqrediyentlərdən istifadə məmulatın azı 20% bahalaşmasına gətirib çıxarır.

“Çudo Peçka” nın tortlarında isə hər hansı qiymət dəyişikliyi baş verməyib. Əksinə, digər şirniyyat şəbəkələrinin tortları ilə müqayisədə qiymətlər ucuzdur. Məsələn, “Bon Appetite” şirniyyat mağazalar şəbəkəsində “Napoleon” tortunun kiloqramı 11 manat təşkil etdiyi halda, “Çudo Peçka”da eyni adlı tortun standart həcmlisinin satış qiyməti 11 manatdır.

Daha bir məqam: tərkibində şirinlik olan qida məhsulları həm konservantdır, həm də qıcqırma proseslərini aktivləşdirir. Nəticə zəhərlənməyə qədər gedib çıxır. Məsələyə bu prizmadan yanaşsaq deməli, “Çudo Peçka” istehlakçılara keyfiyyətsiz məhsul satmaqla yanaşı onlar zəhərləyir. Həm pulun gedir, həm canın.

Şəbəkənin istehlakçılara təqdim etdiyi digər şirniyyat məhsullarının, fast-foodların hazırlanma, yararlıq müddəti ilə bağlı keyfiyyətləri də standarlara cavab vermir. Məsələn, bulkalara 20-30 köpürdücü vurulur, nəticədə rezin kimi şişir. Həmçinin, 1 gündən artıq qalan peraşkilərin yenidən emal edilərək xəmirə qatılmasına dair məlumatlar mövcuddur. Hansı ki, bu ənənə şirniyyat sektorunda geniş yayılıb.

“Çudo Peçka” qanunları çeynəyir

“Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən malların üzərində məsul şəxsin imzası və möhürü olan qiymət kağızı əksini tapmalıdır”. Bunu mövzu ilə bağlı Publika.Az-a şərhində Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirdi: “Bizdə məhsulların üzərində qiymət kağızları kağız şəklində olur. İstehlakçılar aldadılır. “Çudo peçka” uzun müddətdir, vaxtı keçmiş məhsulların əhaliyə satışını həyata keçirir. Bu, artıq müəssisədə oturuşmuş sistemə çevrilib. Əhali bilməlidir ki, tortların saxlanma müddəti 36 saatdır”.

Tortların bir neçə sutka ərzində xarab olmamasından söz açan ekspert bildirir ki, bunun üçün xəmirə həddən artıq kimyəvi maddələr qatılır: “Şirniyyat məhsullarının istehsalında tək un və şəkər tozu deyil, müxtəlif komponentlərdən istifadə olunur. Həmin kimyəvi qatqılar bir sıra hallarda normadan artıq qatılır. Nəticədə şirniyyatlar kimyalaşır. Məhsulun ömrünü nə uzadırsa, o, insan ömrünü bir o qədər qısaldır. Xarici ölkələrin xəstəxanaları Azərbaycan vətəndaşları ilə doludur. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən, azərbaycanlılar heç də uzunömürlülər hesab edilmirlər”.

Qatqıların tərkibinə gəlincə, bunların istehlakçılardan gizlədildiyini önə çəkən mütəxəssis onların əsasən, xaricdən idxal edildiyin söyləyir: “İstehlakçıların hüquqları, Yeyinti Məhsulları haqqında qanunlarda həmin qatqıların açıqlanması tələb edilir. Ölkədə istehlakçı informasiyası, etiketləşmənin standartı olmadığından şirniyyat istehsalçıları bu məlumatları gizlədirlər.

Halbuki konservantsız və boyaq maddələrsiz tortlara və un məmulatlarına, aşağı kalorili məhsullara tələbat daha çoxdur. İstehlakçılar üçün qənnadı məmulatlarının “bişirilməsində qida əlavələri, dad gücləndiriciləri və yarımfabrikatlardan istifadə olunmaması vacibdir. Çünki qida rənglərinin, boyaların kanserogen, yəni şiş əmələ gətirmək xüsusiyyətləri var. Bəzi dövlətlərdə belə qida əlavələri artıq qadağan edilib”.

Şəbəkə 11 illik fəaliyyəti dövründə maliyyə gəlirlərini açıqlamayıb

Şirniyyat qida rasionunun əsasını təşkil etdiyindən bu sektor gəlirli sahədir. Lakin bu günə qədər sektorda əsas istehsalçı hesab olunan “Çudo Peçka” nə maliyyə gəlirlərinin, nə də xərclərinin strukturunu açıqlamayıb. Əslində şəbəkənin Məhdud Məsuliyyətli Müəssisə təşkilati-hüquqi formasının seçməsi də əbəs deyil. Çünki bu cür cəmiyyətin sahibləri üçün əsas üstünlüklər cəmiyyətin öhdəlikləri üçün cavabdeh olmamalarından, itkilərinin onların qoyduqları mayalarla məhdudlaşdırılmasından, səhmdar cəmiyyətlərindən daha az qaydalara və hesabat tələblərinə tabe olmalarından ibarətdir.

Digər tərəfdən, adətən böyük dövriyyəyə malik müəssisələrin gəlir və xərcləri, sosial proqramları onların veb səhfələrində əksini tapır. “Çudo Peçka” isə yalnız “facebook” sosial şəbəkəsində səhifəyə malikdir. Bu səhifədə də ancaq müəssisənin məhsullarının reklamı əksini tapıb.

“Çudo Peçka” üçün ucuz reklam daha sərfəlidir, nəinki Korporativ Sosial Məsuliyyət

Müasir dövrdə şirkətlərin istehlakçıları qarşısında etimadının formalaşması, beləliklə, satışın artması reklamdan daha çox həmin şirkətin KSM sahəsindəki fəaliyyətindən qaynaqlanır. Reklam müəssisənin hər hansı məhsulunun imicini formalaşdırırsa, KSM fəaliyyətləri ümumilikdə şirkətin özünün müsbət imicini yaradır Düzdür, KSM Azərbaycanda şirkətlərin fəaliyyətinə son 5 ildə daxil edilib. Bəzi şirkətlər daxili KSM qaydaları formalaşdırıblar. Lakin “Çudo Peçka” ötən 11 ildə sosial sərmayə proqramlarına açıq olmayıb. Şirkətin bununla bağlı daxili qaydaları da yoxdur.

Eyni zamanda, “Çudo Peçka” bu gün əmək hüquqlarının daha çox tapdandığı müəssisələr sırasındadır. Yəni müəssisədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələri kobud şəkildə tapdanır. Şəbəkənin mağazalarında əsasən gənclərin, tələbələrin əməyindən istifadə edilir ki, gərgin iş rejiminin müqabilində onlara minimum əmək haqqından bir qədər artıq məvacib - 150 manat verilir.

Beləliklə dövriyyəsinin yüksək olmasına baxmayaraq əməyin ödənişi minumumlarla ölçülür. Əmək hüquqlarının pozulması halları bununla bitmir. Vaxtilə mağaza-kafelər şəbəkəsində işləyən Lalə adlı tanışım deyir ki, müəssisədə çalışanlar üçün nahar fasiləsi də nəzərdə tutulmayıb. İşçilər əmək müqaviləsi bağlamadan işə cəlb edilirlər.

Sonda bildirək ki, araşdırmada ortaya çıxan faktlarla bağlı “Çudo Peçka” MMC-nin mətbuat əlaqələndiricisinin rəyi qənaətbəxş olmadı.

Publika.az