Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

daxili-isler-nazirliyi-ehaliye-muraciet-etdi
Oxunma sayı: 675

Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidməti vətəndaşlara müraciət edib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli Strategiya çərçivəsində DİN-də həyata keçirilmiş layihələrdən biri də “102” Xidməti - Zəng Mərkəzi sisteminin yaradılmasıdır.

Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı vardır. Sistemin fəaliyyəti hazırlanan, törədilən və ya törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarətini daha da gücləndirib.

Eyni zamanda, polis əməkdaşlarının hadisə yerlərinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsini təmin edib, cinayətlərin qeydiyyatında tamlığı şərtləndirib.

Bununla belə, daxil olan məlumatlardan görünür ki, hər hansı hüquqazidd əməllə bağlı vətəndaşların bilavasitə ərazi polis qurumlarına etdikləri müraciətlərə bəzən həssaslıqla yanaşılmaması, lazımi reaksiya verilməməsi, hətta onların vaxtında qeydiyyata alınmaması kimi neqativ hallar da mövcuddur.

Məlumat üçün diqqətinizə çatdırırıq ki, birbaşa "102" Xidmətinə edilən müraciətlər qeydiyyata alınaraq avtomatik arxivləşdirilir, kompyuter şəbəkəsi ilə təxirəsalınmadan ərazi polis qurumuna ötürülür. Orada görülən tədbirlər, o cümlədən vətəndaşın qəbulu prosesi hər bir növbətçi hissədə quraşdırılmış videokameralar vasitəsilə izlənilir, nəticələri barədə Zəng Mərkəzi rəsmi məlumatlandırılır.

Öz işini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərinin uzlaşdırılması əsasında quran, qanuni mənafelərinizin etibarlı qorunmasını əsas vəzifə olaraq həyata keçirən DİN cinayət və hadisələr barədə ilk növbədə "102" Xidmətini məlumatlandırmanızı, sonra isə müvafiq ərizə ilə ərazi polis qurumuna müraciət etmənizi xahiş edir.

Funksiyaları və texniki imkanlarına görə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə səciyyəvi olan "102" Xidməti qarşılaşdığınız və ya şahidi olduğunuz cinayət və hadisələr barədə müraciətləriniz üzrə hər hansı neqativ halı tam istisna etmiş olacaq.