Deputatların Ermənistan səfərinə sərt reaksiya

deputatlarin-ermenistan-seferine-sert-reaksiya
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deputatların Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyasına qatılmağa məcbur olmaları ilə bağlı özlərinə bəraət qazandırmaq cəhdlərinin heç bir əsası olmadığı bildirilib: “Onlar Ermənistana getməklə az qala qəhrəmanlıq etdiklərini, guya orda erməniləri ifşa edəcəklərini, hətta dünyaya Azərbaycanın necə tolerant və mədəni olduğunu göstərdiklərini bildirirlər. Bütün bunlar acı gülünc hissi doğurur və rüsvayçılıqdan başqa bir şey deyildir. Deputatlardan biri deyir ki, orda atamın qəbrini ziyarət etmək üçün Ermənistan rəhbərliyindən icazə istəmişəm. İşğalçı və terrorçu Ermənistan rəhbərliyinin qarşısında bu cür alçalmaq olmaz, normal insan bunu öz şəxsiyyətinə sığışdırmamalıdır. Qadın deputatımız isə işğalçı Ermənistana gedən ilk Azərbaycanlı qadın olması ilə fəxr etdiyini bildirib. O, bu hərəkəti edərsə, Azərbaycan qadının adına qara ləkə vurmuş olacaqdır. Biz xanım deputatı bu addımı atmamağa çağırırıq.

Bizim məqsədimiz kimisə təhqir etmək, incitmək deyil. Biz Azərbaycanın, maraqlarına zərbə vuran, torpaqlarımızın işğaldan azad olunmasına xidmət etməyən proseslərin qarşısını almağa, insanlarımızın bu prosesdə iştirakına imkan verməməyə çalışırıq. Azərbaycan hakimiyyəti bu proseslərin qarşısını qəti şəkildə almalı, ayrı-ayrı fərdlər, o cümlədən deputatlar özlərindən bu prosesdə istifadə olunmasına imkan verməməlidirlər. Biz deputatları bu səfərdən imtina etməyə çağırırıq. Əks halda, biz bu hərəkəti onlara bağışlamayacağıq”.