Diaspor təşkilatlarının birliyini Azərbaycanın milli maraqları tələb edir

diaspor-teskilatlarinin-birliyini-azerbaycanin-milli-maraqlari-teleb-edir
Oxunma sayı: 729

Tədbirin yekunları fonunda demək olar ki, ölkənin sosial-iqtisadi inkişafının hazırkı mərhələsində Azərbaycan diasporunun qarşısında duran vəzifələri düzgün müəyyənləşdirməklə xaricdə fəaliyyət göstərən təşkilatları milli məqsədlər naminə səfərbər etmək, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olmaq bu gün üçün aktual məsəsələr olaraq qalır. «Biz müdafiədə deyil, hücumda olmalıyıq» deyən Prezident İlham Əliyev ötən illərdə sistemli şəkildə həyata keçirdiyi diaspor quruculuğu siyasəti ilə bu məqsədin reallaşdırılmasına nail olub.

Azərbaycan dövləti son 10 ildə dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparır. Bu baxımdan ən yadda qalan və milli həmrəyliyimizin nümayişinin yüksək zirvələrindən biri 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.

Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki məzmunlu çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini bölüşdü. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr idi.

Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə «Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə» fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar yaratdı. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycanın dövlətçilik maraqları ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu.
Ulu öndərin diaspor quruculuğu siyasətini son 8 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniş tərkibli müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərindən biri kimi qiymətləndirdi, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkdi. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etdi, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mübarizə aparması ilə bağlı dəyərli tövsiyələrini verdi.

Dövlət başçısı cənab İlham Əliyev ölkə diplomatlarının iştirakı ilə keçirdiyi müşavirədə diaspor təşkilatlarının qarşısına yeni vəzifələr qoydu: «…Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər».

Dövlət başçısı İlham Əliyev müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb. Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni nəfəs verməklə, əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan diasporunun vəziyyəti müzakirə edildi, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkildi. Yüksək mütəşəkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğatı, istərsə də səmərəli əks-hücumun təşkili baxımından mühüm əhəmiyyətə malik idi.

Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ xeyli işlər görülməlidir. Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi də məhz bu vəzifələrin uğurla həyata keçirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan xalqının əvəzsiz milli sərvəti olan müstəqilliyin son 20 ildə əzmlə qorunub saxlanılması, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımların atılması, Avratlantik məkana inteqrasiya siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının reallaşdırılması respublikamızı intensiv inkişaf yoluna çıxarıb. İnkişaf və tərəqqi yolunda əldə etdiyimiz böyük nailiyyətlərdə, şübhəsiz, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də müstəsna payı var. Son qurultay da göstərdi ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt sabahına inamını artırıb. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslarla intişar tapmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olub.

Dünya azərbaycanlılarının III Qurultayının keçirilməsində məqsəd isə hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqların ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi də göstərdi ki, ötən illərdə xaricdə yaşayan azərbaycanlıların konsolidasiyası istiqamətində uğurlu nəticələr əldə olunub. Diaspor təşkilatları arasında əvvəllər mövcud olmuş fikir ayrılıqları, ziddiyyətlər, gərginliklər demək olar ki, aradan qalxıb.

Prezident İlham Əliyev qurultaydakı dərin məzmunlu çıxışında bununla bağlı dedi: «Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Mən çox xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik».

Əgər 2006-cı ildə keçirilmiş II qurultayda Azərbaycanın 46 səfirliyi və konsulluğu mövcud idisə, hazırda onların sayı 65-ə çatıb. Bu səfirliklərin yaradılmasında məqsəd təkcə ölkənin diplomatik münasibətlərinin genişləndirilməsi deyil, eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsi və təşkilatlandırılmasıdır. Dövlət başçısı İlham Əliyev bütün sahələrdə yüksək dinamizlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları və xaricdəki səfirliklərimiz qarşısında vacib məsələ kimi müəyyənləşdirib. Son illər Cənubi Qafqazda həyata keçirilən bütün qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə isə anti-azərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır. Dövlət başçısı cənab İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayındakı çıxışında bu məsələyə xüsusi diqqət ayırls, respublikamız haqqında məlumat qıtlığının tamamilə aradan qaldırılması vacibliyini bəyan etdi: «Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək».

Azərbaycan Prezidenti İlham Əliyevin xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə «Dostluq» ordenini və «Tərəqqi» medalını təqdim etməsi də tədbirin yaddaqalan məqamlarındandır. Bu addım ölkə diasporunun nümayəndələrinin həvəsləndirilməsi və onların əməyinin qiymətləndirilməsi baxımından diqqətəlayiqdir.

Yüksək mütəşəkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciətin qəbulu mühüm əhəmiyyətə malikdir. 2001-ci ildə yaradılmış Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etdirilməsi, şuranın icra katibliyinin yaradılması barədə qərarın qəbulu, Prezident İlham Əliyevin yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçilməsi isə tədbirin diqqətəlayiq məqamlarından oldu.

Ümumilikdə tədbirin yekunları deməyə əsas verir ki, II qurultaydan ötən beş il müddətində Azərbaycan inkişaf edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi, siyasi, iqtisadi, struktur islahatların keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb. Azərbaycan ÜDM-in səviyyəsinə və adambaşına düşən xarici sərmayələrin həcminə görə nəinki postsovet məkanında, hətta bütün dünyada öncül mövqeyə çıxıb. Bu müddətdə təbii ki, Azərbaycan diasporu da inkişaf edib, təşkilatlanıb, birləşmək, «çəkici bir yerə vurmaq» istiqamətində nailiyyətlər əldə edib. Bütün bunlar dünya azərbaycanlılarının birliyini, vahid məram və məqsədlər ətrafında birləşməsini zərurətə çevirib.

Baba TAĞIYEV,
«İrəli Azərbaycan» İctimai Birliyinin sədri