“Eldar Sabiroğlu ibtidai hərbi biliklərə belə sahib deyil” – Düşmən cavabı

eldar-sabiroglu-ibtidai-herbi-biliklere-bele-sahib-deyil-dusmen-cavabi
Oxunma sayı: 658

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun dünən cəbhə bölgəsində verdiyi bəyanat Ermənistan Müdafiə Nazirliyini təşvişə salıb. Qeyd edək ki, Tərtərdə keçirilən mətbuat konfransında çıxış edən E.Sabiroğlu bildirmişdi ki, Azərbaycanın elə radar sistemi var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edir və anında zərərsizləşdirə bilir. Ermənistan tərəfi isə bu bəyanata dərhal cavab verib. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu ölkənin müdafiə nazirinin mətbuat katibi Arçrun Ovvanisyan bildirib ki, Eldar Sabiroğlunun söylədiklərinin hərbi işlə heç bir əlaqəsi yoxdur:

“Azərbaycan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ibtidai hərbi biliklərə belə sahib deyil, əks halda anlayardı ki, söylədiklərinin hərbi işlə heç bir əlaqəsi yoxdur. Bu ciddi bəyanat deyil. Rəqibin obyektlərini vuran və ya erməni dövlətinin taleyini şübhə altına qoyan radar nə deməkdir?. Dünyada belə bir radar yoxdur ki, eyni vaxtda həm raketi zərəsizləşdirir və cavab zərbəsi vurur”.

Ovvanisyan Eldar Sabiroğlunun Ermənistanda keçirilən hərbi təlimləri ciddi qəbul etməməsinə də münasibət bildirib: “Əgər cənab Sabiroğlu bir neçə yüz hərbi texnikanın iştirak ilə keçirilən hərbi təlimlərə “əhəmiyyət vermirsə” , bu o demək deyil ki, bu təlimlər yüksək səviyyədə keçməyib yaxud da bir neçə ədəd hərbi texnika iştirak etməyib”.

Qeyd edək ki, APA-nın yaydığı məlumata görə, E.Sabiroğlu cəbhə bölgəsində çıxışında bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri strateji obyektlərini qorumağa qadirdir. Eyni zamanda, Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vurarıq. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur.