Elşad Abdullayev Bakıya qayıtdı

elsad-abdullayev-bakiya-qayitdi
Oxunma sayı: 708



Bir müddət əvvəl Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sahibi Elşad Abdullayevlə bağlı şok xəbər var. “Qafqazinfo” xəbər verir ki, təhsil naziri Misir Mərdanovun 2010-cu il sentyabrın 1-də ABU-nun fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə əmrindən sonra E.Abdullayev haqda müxtəlif məlumatlar səngimir. Təhsil nazirliyi tərəfindən ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılmış Ekspert qrupu tərəfindən müəyyən edildi ki, 2005-ci illə müqayisədə ABU-nun maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib.

Daha sonra isə məlum oldu ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə onların üzərində ABU-nun tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil edilib. Müəyyən olundu ki, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaratmışlar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar. Baş Prokurorluq tərəfindən ABU-nun nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barədə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı.

Ötən ilin sonlarında isə E. Abdullayevin ölkədən qaçdığı və Fransada mühacir həyatı yaşadığı deyildi. Elşad Abdullayev elə Fransadan prezident İlham Əliyevə qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı dəhşətli faktlar əks olunan müraciət ünvanladı. Həmin müraciətdə əks olunan faktların hamısı sənədlərlə, gizli kamera ilə həyata keçirilən video çəkilişlərlə, pulların alınmasını təsdiq edən notarial sənədlərlə, mobil rabitə əlaqələrinin açılmış danışıqları ilə, məhkəmənin hökmünü əlavə etdi.

Ötən gün isə redaksiyamıza etibarlı mənbədən daxil olan məlumat görə, E. Abdullayev artıq Fransadan Azərbaycana qayıdıb və Bakı şəhərində yaşayır. Elşad Abdullayevlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.