Erməni təbliğatında Zahid Oruc

ermeni-tebligatinda-zahid-oruc
Oxunma sayı: 645

Onun danışdıqları mənim üçün heç vaxt, əhəmiyyət kəsb etməyib. Amma son dediklərinə mütləq cavab vermək lazımdır. Çünki onun dedikləri erməni təbliğatının bir hissəsidir. Erməni təbliğatına cavab verdiyimiz kimi, erməni təbliğatının tərkib hissəsi olan bir çıxışa cavab vermək mütləq lazımdır.

Əvvəlcə Zahid Orucun dediklərini olduğu kimi, üslubuna toxunmadan diqqətinizə çatdırım ki, aydınlıq olsun: “Azərbaycan özü Qarabağda cəbhə xəttində hər gün atəşkəsi pozmalıdır. Biz bunu ermənilərə həyatlarının gerçək ağır vəziyyəti kimi təqdim etməliyik. Göstərməliyik ki, ərazi işğalını həyata keçirən, separatçılıq edən tərəfin aqibəti daim bu cür olacaq, daim atəş altında, ümidsiz həyat tərzində yaşamalı olacaqlar. Orada onlara təsərrüfat yaratmaq mümkün olmayacaq, gənclərinin normal gələcəyə hazırlanması alınmayacaq. Ermənilərdə belə bir fikir formalaşıb ki, erməni uşaqları Qarabağda doğulur və orada möhkəmlənib oranı doğma vətənləri kimi görürlər və bağlanırlar oraya. Azərbaycanlı övladları isə doğma yurdu işğalda olduğu üçün başqa yerlərdə dünyaya gəlirlər və istər-istəməz ata-baba yurdlarından uzaqlaşacaqlar. Bax, bu illüziyaya son qoymaq üçün də Azərbaycan hər gün atəşkəsi pozmalıdır. Ermənilərə göstərilməlidir ki, işğalçılıqdan əl çəkməyəcəkləri halda həyatları ancaq bu cür keçəcək. Ermənilər hər gün hiss etməlidirlər ki, nə qədər işğalçılığı davam etdirirlər Azərbaycanla heç bir məsələdə vuruşa bilməyəcəklər. Qarabağın işğalda saxlanması və hər gün atəşkəs pozulması məhz Ermənistanı və işğal altındakı torpaqlarda yaşayan erməniləri zəif salır. Ona görə də hücum mövqeyində daim Azərbaycan olmalıdır”.

Birincisi: Ermənilər car çəkir ki, atəşkəsi biz yox, Azərbaycan tərəfi pozur. Zahid Oruc birinci cümləsində buna çağırış etməklə ermənilərin dediyini təsdiq edir.

İkincisi: Ermənilər Azərbaycandan ayrılmaq istədiklərini deyəndə bunu üzləşdikləri və üzləşəcəkləri təqib və təhdidlə izah etməyə çalışırlar. Zahid Oruc da öz çağırışları ilə bunu təsdiq edir.

Üçüncüsü: Ermənilər öz tarixi torpaqları adlandırdıqları Qarabağda məskunlaşdırma siyasəti həyata keçirməyə çalışırlar. Onlar buna nail ola bilməsələr də Zahid Oruc ermənilərin buna nail olduqlarını, lakin Azərbaycanın bununla barışmayacağını deyir.

Bu Zahid Orucun erməni təbliğatında oynadığı rolun “səhnə həlli” idi.

İndi isə Zahid Oruca yox, Zahid Oruca mandat verənlərə üzümü tutub demək istəyirəm ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü ən azı aşağıdakıları bilməlidir:

Birincisi - atəşkəs yüngül silahlarla pozulur.

İkincisi - Qarabağ istiqamətində yüngül silahların atış məsafəsində ermənilərin yaşayış məntəqəsi yoxdur və ola da bilməz.

Üçüncüsü - ermənilərin məskunlaşma haqda dedikləri fiaskoya uğramış yalan təbliğatdır. Əgər belə məskunlaşma varsa da cəbhə xəttindən və yüngül silahların atəş məsafəsində çox-çox uzaqdadır. Deməli onları atəş altında saxlayıb narahat etmək fikri absurddur.

Dördüncüsü - atəşkəsi pozub erməni hərbçilərinə ara-sıra atəş açmaq isə onları daim ayaqda saxlamağa xidmət edərdi. Hərbçi peşəsi atışmaq peşəsidir. Hərbçi atışanda daha gümrah və formada olur...

Bütün bu deyilənlərdən sonra özümdə belə bir sual yarandı: Axı Zahid Oruc niyə belə danışır?

Çox istərdim bu suala cavab alım. Amma inanmıram ki, Zahid Oruca mandat verənlər bu sualıma cavab verə.