Bəxtiyar Sadıqovla bağlı ifşaedici- - Yazı

bextiyar-sadiqovla-bagli-ifsaedici-
Oxunma sayı: 5957

“Yeni Cumhuriyyət” qəzetində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun haqqında ciddi ittihamların yer aldığı yazı dərc olunub. “Qafqazinfo” həmin yazını olduğu kimi təqdim edir: 

"Azərbaycan" qəzetində prezident sərəncamının dərc olunmamasının pərdəarxası məqamları 

"Dövlət içində dövlət" olmağa hazırlaşan bir çete vaxtında ifşa olunmasa idi, Azərbaycan dövlətçiliyinə ciddi ovqatsızlıq yaşadacağı şəksizdi. Kimlər var bu xəyanətin içində? "Hizmət" artıq dövlətin ideoloji bünövrəsinə lağım ataraq "Azərbaycan" qəzetinə nüfuz edibmiş.

Bəxtiyar Sadıqov türk liseyində nə axtarırdı? Bu gün o çox şey uydura, biri-birindən uğursuz bəhanələr gətirə bilər. Məsələn, deyə bilər ki, onu azərbaycanlı balalarının təhsil və tədrisinin səviyyəsi həmişə maraqlandırıb. Əllinin əlliyə qəbul edək. Söyləyə bilər ki, Gülən fenomeninin nuruna boyanmış bu "təhsil və mərifət ocağını" şəxsən görmək istəyib. Dar ayaqda belə bir perspektivsiz variant da istisna deyil. Hətta iddia da edə bilər ki, həmin "obyeklər"dən zəhmətkeşlərin şikayət məktubları daxil olurdu və o da köhnə əyyəmlarda "Kommunist" qəzetindəki sərgüzəştlərini yada salaraq başının dəstəsi ilə "reydə çıxmışdı". 

Niyə də olmasın?! Farslar demişkən, tərke-adet be məvaceb mərəzzist (adəti tərkitmək xəstəliyə bərabərdir).

"Çağ"ın rəsmi məlumatından: "Yanvarın 10-da "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov və qəzetin "Parlament və Siyasət" şöbəsinin redaktoru, Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüş İxtiyar Hüseynli Bakı Özəl Türk liseyində şagirdlərlə görüşüblər... Görüşün sonunda "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özerene, Dr. Enver Özeren isə "Çağ" Öyrətim İşlətmələri adından qonağa xatirə hədiyyəsi təqdim edib". Bu məlumatın ən ilginc məqamı bilsəniz harasıdır? - Ayın tarıxı! Bəli, məhz ayın tarixi! Belə ki, yanvarın 10-u Bəxtiyar Sadıqovun anadan olduğu gündür. Və bu əziz gündə gümanı başqa heç yerə gəlməyən bəy-əfəndi dost qapısını döyür; Bir yekə tort alıb, nimdaş "qoşun-ləşkəri" ilə üz tutur Fətullah Gülənin Azərbaycandakı "distribyuteri" Enver Özerenin iqamətgahına. 

Və elə bir təsəvvür yaranmasın ki, bu dostluq ildə bir dəfə ad günlərində baş verən nəzakət vizitləri ilə məhdudlaşır. Əsla! Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetini faktiki şəkildə "Hizmət"in ölkəmizdəki əsas "beyin mərkəzi" sayılan "Çağ" Öyrətim İşlətmələri şəbəkəsinin təbliğat dəzgahına çevrib. 

Hər nə qədər "nüfuzlu" təsnifatına aidiyyəti var deməyə çətinlik çəkirik, ancaq bir dost kimi Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun ad günündə təşkil edilmiş məclis və hədiyyələrin xərci də heç şübhəsiz "qara büdcədən" ödənilib. Əvəzində Bəxtiyar Sadıqov Prezident Administrasiyasının sabiq şöbə müdiri və ölkədəki nurçu şəbəkənin "xaç atası" Elnur Aslanovun faktiki təsir dairəsində olan və əsabələri tərəfindən yönəldilən müxtəlif tədbirlərdə fəxri qonaq statusunda iştirak və çıxışlar edir. 

Məsələn, elə bu nurçu söz-söhbətinin şıdırğı vaxtında-fevralın 8-də "Azərbaycan"ın baş redaktoru sabiq "güclü siyasətçi" Elnur Aslanov və "Art Qarden" restoranın daimi müştərisi Ceyhun Osmanlının ( deyilənə görə, məlum hadisədən sonra qorxusundan bu restoranın qapısını açan yoxdur) "patronajlığı" alında fəaliyyət göstərən "İrəli" İctimai Birliyinin təşkil etdiyi növbəti "pulsilmə" tədbirlərindən birinin qonağı olub. "Gənc Liderlər üçün Qış Universiteti - Kreativ başlanğıc" layihəsi çərçivəsində "Görmək istədiyimiz gənclik" mövzusunda paneldə çıxış edib. Maraqlıdır, görəsən, bu "mənəviyyat mücəssiməsi", "fikir dühası" gənclərə hansı öyüd-nəsihəti verə bilərdi?!

Bütün bunlardan sonra bir suala cavab tapaq: "Azərbaycan" qəzeti prezidentin sərəncamını niyə dərc etmədi? Və eyni gündə, eyni vaxta "Azərbaycan" qəzeti ilə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin saytının "texniki səbəblərə" görə bağlanmasının isə bircə izahı vardı: biriləri ciddi - cəhdlə yaddaşdakı ifşaedici məlumat və rəsmləri silib-süpürməklə məşğuldur. Bu belə! Bəs əslində nələr baş verir?

Qəzetdəki ab-havadan da, qəzetətrafı arealda baş verənlərdən məlumatı olan mənbələr birmənalı şəkildə bildirirlər ki, qəzet rəhbərliyinin Prezident sərəncamını dərc etməməsində təəccüblü heç nə yoxdur. Çünki həmin qəzet çoxdandır nə Milli Məclisindir, nə də ki onun üzərində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin "əli" var. B.Sadıqov həmişə və hər yerdə qəzetin özünə məxsus olduğunu bəyan edir. 12 ildir xatirlərə xatir səfasını çəkir. Bostan kimi, dirrik kimi, tarla kimi "işlədir". Qalıb bircə Oqtay Əsədovla notariusa gedib rəsmi qaydada alqı-satqı eləməyi. Görünür, o da baş verəcəkdi. Sərəncam imkan vermədi. 

Ona görə də "Azərbaycan" qəzetinin asiliyində təəccüblü heç nə yoxdur. Qəzetlərdən sorumluluq "de-yure" PA-nin ictimai-siyasi şöbəsində olsa da baş redaktor Bəxtiyar Sadıqov "de-fakto" Elnur Aslanovun çətirinin altına keçmişdir. Və heç kim də heç nə edə bilmirdi. Çünki bu məmləkətdə, məsəli onlardan uzaq, hansı köpəyin sahibinin kim olduğunu hamı çox yaxşı bilir.