Eynullada “Quantanamo” sevgisi hardan yarandı?

eynullada-quantanamo-sevgisi-hardan-yarandi
Oxunma sayı: 689

İki gün öncə Azadlıq radiosunun “İşdən sonra” proqramında Xədicə İsmayılovanın qonaqları “Hüquq” müdafiəçisi Sahib Məmmədovala möhtərəm Eynulla Fətullayev Azərbaycanın məhkum dünyasına demək olar ki, “gül” vurdular. Sonuncunun “gül” vurması isə bir meyvənin şaxta vurmasına bənzədi. Aydın məsələdir ki, şaxta vuran meyvə yaxud tərəvəz öz keyfiyyətini itirməklə yanaşı, həm də bazar piştaxtasına həsrət qalır. Bu baxımdan deyə bilərəm ki, bu şaxtavurma, əslində Eynullanın öz nüfuz kollegiyasını vurmaqla başa çatdı. Hamımızın bildiyimiz kimi, hörmətli Eynulla Fətullayev çox yaxın keçmişdə həbsxananın divarları arxasından xilas olanlardan biri kimi yadda qaldı. O da yadda qaldı ki, cənab Fətullayev elə çox yaxın keçmişdə həmin həbsxana divarları arxasından Azərbaycan həbsxanalarının məhz “Quantanamo” və Əbu-Qureyb” həbsxanalarına bənzətməsi hayqırtısıyla sanki bütün dünyanı heyrətləndirmək fərasətinə malik olmuşdu. Haqq üçün Dünya ictimaiyyəti də, Azərbaycanın demokratik düşərgəsi də Eynullanın bu hayqırtılarına səs verərək, onu müdafiə etməklə məşğul idi. Həzərat, nə baş verdi ki, bir-neçə ayın içərisində Azərbaycanın işgəncə məkanları olan həbsxanaları birdən-birə cənnətməkana döndü ....Bəlkə siyasi hakimiyyətin repressiya kursu demokratik kursla əvəzləndi. Bəlkə parlament vətəndaşları tam bərabərhüquqlu elan etdi. Bəlkə ölkəni bürüyən korrupsiya yerli-dibilli yoxa çıxdı. Mən Eynulla bəyə türmələr haqqında bəzi xatırlatmalar etməzdən öncə ona kaç-para xatırlatmalar etmək zorundayam. Əvvəla, türmələrdəki rejim ölkədəki rejimlə bərabər halda addımlamaqda məhkumdur. Yəni, bir ölkənin idarəetmə quruluşu necədirsə, onun təhsinin də mədəniyyətinin də məhkəmələrinin də ordusunun da və nəhayət, həbsxanasının da taleyi həmin quruluşun beyin mərkəzinin necə işləməsindən asılı olur. Bu beyin quruluşunun hansı formada işləməsi kardeşimiz Eynullaya məlum olmaması ağlasığmaz dərəcədədir. Bunu Eynulla bəradərimiz həmişə dadi-bidad etməklə vurğulayıb. Əgər bəy hansısa siyasətçini (iqtidar, ya da müxalifət ) sərt şəkildə tənqid etmiş olsaydı, bunu normal bir hal kimi qəbul etmək olardı. Lakin bir halda ki, söhbət on minlərlə dustağın taleyindən gedir, burada nəinki ehtiyatlı danışmaq, hətta qüsullanıb və salavatlanıb fikir bildirmək lazımdır. İndi isə mən, Eynulla müəllimə bəzi xatırlatmalar etməklə onun yaddaş mexanizminin çarxlarını işlətməyə kömək edəcəm.

...Hörmətli Eynulla qardaş, bu gün Azərbaycan həbsxanalarında baş verən eybəcərlikləri və iyrənclikləri gözəlliklər məkanı kimi insanlara reklam etmək, pardon, həmin şəxsin öz insani xüsusiyyətlərinin eybəcər və iyrənc olmasının birbaşa reklamına xidmət etmiş olur. Gəl birinci Cəzaların İcrası Məcəlləsində göstərilən bəzi qaydalarardan başlayaq. Özün bilirsən ki, məhkumun cəzasının üçdə bir hissəsi tamam olduqda həbsxana rəhbərliyinin təqdimatı əsasında həmin məhkum məntəqə tipli müəssiyə köçürülür. Deyə bilərsənmi, bu prosedur qaydalar həyata keçirilərkən hər məhkumdan qeyri-qanuni olaraq, rüşvət qismində nə qədər məbləğdə pul alınır ? Bəlkə də cavab olaraq, bildirərsən ki, zəhmət çəksin, həmin məhkum rüşvət verməsin. Burada artıq mən deyə bilərəm ki, əgər həmin məhkum rüşvət verib həmin cəhənnəm misallı həbsxanalardan xilas olmazsa, həbsxana rəisinin rəngarəng qəzəblərindən yayına bilməyəcək. Bundan başqa, məhkumlarla doğmalarının görüşü üçün nə qədər pul alınması, məhkum xəstələnərsə, istər ambulator, istərsə də stasionar qaydada, fərq eləməz, dərman üçün ödənişlər, Ədliyyə Nazirliyinin Mərkəzi Mualicə Müəssəsində olan 4-5 müxtəlif şöbələrində yenə də qeyri-qanuni ödənişlərin həyata keçirilməsi (burada narkoloji xəstəlikdən əziyyət çəkən məhkumların həkimə verdikləri pulları xüsusi vurğulamaq gərəkdir ).

Hörmətli Eynulla bəy, istintaq təcridxanasında Cəzaçəkmə müəssələrinə göndərilərkən bölgü prosesində hansı pulların rol oynamasını da sənə xatırlatmalıyam. Özün bilirsən ki, həbsxanaların müxtəlifliyi həmin məbləğlərin aşağı-yuxarı oynamasında mühüm rol oynayır. Siz Qobustan Qapalı həbsxanasının keçmiş rəisi Kazım Abdullayevin necə əzazil bir rəis olduğunu vurğulayırsınız. Bəli, mən də Kazım Abdullayevi yaxşı tanıdığımdan onun əzazilliyini təsdiq edirəm. Lakin indiki rəisi isə az qala mələk timsallı qismində göstərmək istəyirsiniz. Bundan başqa, Penitensiar Xidmət irarəsinin yeni rəisi Mədəd Quliyevi də xeyli bəy tərifinə məruz qoymusunuz. Burda ilk dəfə demək istəyirəm, ayıbdır vallah. Biz hal-hazırda həbsxanada olmasaq da o həyatı yaşamış insanlar kimi ora haqda indi də bütün informasiyalara malikik. Ən azı ona görə ki, bəzi dostlarımız və tanışlarımız hələ də o həbsxanalardadırlar. Sən deyirsən ki, Kürdəxanıdakı Təcridxana Avropa standartlarına tam cavab verir. Sən Təcridxananın inzibati binalarını nəzərdə tutursan, yoxsa ordakı rejmi ? Əgər türmə binasının Avropa standartına uyğunluğunu deyirsənsə, deməliyəm ki, Azərbaycanda bir-şox təhsil və tibb ocaqlarının binaları da Avropa standartlarına uyğun gəlir. Lakin həmin təhsil və tibb ocaqlarında eynən həbsxana qaydaları, yəni rüşvət və korrupsiya hökm sürməkdədir. Dustaqların bir-çox türmə əməkdaşları tərəfindən karserlərdə döyülmə (press) faktorundan xəbərin olmamış olmaz. Hərgah sənin özün də döyülmə faktını bir zamanlar mətbuat vasitəsilə ictimaiyyətə bildirirdin. Vaxtilə sənin də həbsxanalardakı bespredelliklər haqda yazdığın və rastlaşdığın hadisələri mən çox oxumuşam və sənə qarşı törədilən vəhşiliklərə görə çoxlarını da lənətləmişəm. İndi də lənətləyirəm. Baxmayaraq ki, sən və mən bu gün azadlıqdayıq, amma bizim dustaq yoldaşlarımızın bir çoxları həmin türmə əməkdaşları tərəfindən yenə də həmin bespredelliklərdən əziyyət çəkirlər. İndi isə bir incə mətləbi yenə sənə xatırladım. Möhtərəm Fətullayev, siyasi mənsubiyyətinə görə şərlənərək həbsə atılan insanlara qanunvericilikdə nəzərdə tutulan üçdə-bir niyə görə tətbiq olunmur? Bəlkə bunu da sənin təriflədiyin Mədət Quliyevin diqqətinə çatdırasan...Məgər bu həmin qanunsuzluqların tərkib hissəsinə aid deyilmi ? Həbsxanaların baraklarında yaşamaq üçün hər bir məhkuma dörd kvadrat metr yer nəzərdə tutulduğu halda, niyə görə hər məhkuma bir kvadratmetr yer verilir. Hamam və başqa iaşə obyektləri məhkumların ixtiyarına pulsuz verilməli olduğu halda, nədən bütün bunlara görə pul ödəməli olurlar ? Dustaq daşıyan maşınlarda (varanok) səkkiz adamın yerinə üst-üstə iyirmi-iyirmi beş dustağı doldurub məhkəmələrə daşımaq hansı qanunda yazılıb ? Əfv olunanlardan öncə pul alınıb sonra guya prezidentin humanist addımını tərifləməklə kimlərin gözünə kül üfürürlər ? Bəzi həbsxanalarda dustaqların yataq yerlərində gündüzlər istirahət etmələrinə qanunsuz qadağa qoyulması hansı vəhşiliklərin məhsuludur ? Həbsxanalara keçirilən narkotik vasitələr hansı məmurların maliyyə mənbəsinin artmasına xidmət edir ? O narkotik vasitə ki, sənin də o talesiz ayaqqabının içinə atıb səni dübarə şərləmişdilər.....

İndi bəs nə baş verib ki, özünün dediyin kimi “Quantanamo”nu, “Əbu-Qureyb”i tərifləməyə start vermisən ? Mən də həmin “Quantanamo”dan və “Əbu-Qureyb”dən keçən bir məhbus kimi onu deyə bilərəm ki, insanlara xüsusi bir qəddarlıqla əzab verən bu cəza obyektlərində heç nə dəyişməyib, əksinə Penitensiar Xidmət idarəsinin əvvəlki rəisi Nazim Ələkbərovun yerinə ondan da betər qanunsuzluqlara meylli olan sənin dostun Mədət Quliyev dəyişib. Bir də....hə, bir də təəssüf ki, vaxtilə mənim də rəğbət bəslədiyim dostum Eynulla Fətullavev dəyişib.