“Hakimiyyət gey-parada icazə verəcəksə...” – Müsahibə

hakimiyyet-gey-parada-icaze-verecekse-musahibe
Oxunma sayı: 680








Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Qafqazinfo”ya müsahibəsi:


- Sizdə əhval-ruhiyə necədi?

- Həmişəki kimi işgüzar.

- Ölkədə şən əhval-ruhiyə var.

- Şən əhval-ruhiyə üçün bir əsas görmürəm. Ölkəmizin torpaqlarının önəmli bir hissəsi işğal altındadır, əhalimizin böyük hissəsi çörək pulu, iş dalınca ölkəni tərk edib. Önəmli sayda insanın ölkədən getməsinə baxmayaraq, burada qalanların içərisində də işsizlik yuxarı həddədir. Çalışanlar isə çox aşağı maaş alırlar, təqaüd yaşına çatanlara da təhqiramiz dərəcədə aşağı təqaüd verilir. İnsanların siyasi, iqtisadi və mülki hüquqlarının tapdanması adi hala çevrilib. Belə bir şəraitdə şənlik üçün əsas görmürəm.

- Problemlər çoxdur, amma “Eurovision”a ev sahibliyi, BMT TŞ-na sədrlik edirik.

- “Eurovision” yarışmasının Bakıda keçirilməsini biz də yüksək qiymətləndiririk. Gənclərimizin Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqədə qalib gəlməsinə sevinən və təbrik edənlərdən biri də biz olmuşduq. Bu musiqi yarışmasının Bakıda keçirilməsini müsbət hadisə kimi qiymətləndiririk və ümid edirik ki, maraqlı yarışma olacaq.

- İsa bəy, son bir ildə “Eurovision”la bağlı Azərbaycanda bir çox dəyişikliklər gedir. Məsələn 25 minlik saray tikilib, küçələr, prospektlər yenilənir, təmir olunur. Bu yarışma yaxın günlərdə olacaq və Azərbaycana on minlərlə Avropa insanı, jurnalistlər gələcək. Bu hadisədən sonra ölkədə siyasi baxımdan da nələrsə dəyişə bilərmi?

- Ölkədə dəyişikliklər xalqın fəallığından, mövqeyindən və hakimiyyətin siyasəti iradəsindən asılıdır. Mən müxalifəti xalqın bir parçası olaraq görürəm. Digər hadisələr isə sadəcə bu dəyişikliklərə təkan verə bilər və mən istərdim ki, bu müsbət təkan olsun.

- “Eurovision”a sayılı günlər qalmasına baxmayaraq vicdan məhbusları buraxılmayıb.

- Bu hakimiyyətin böyük yanlışıdır. O insanların həbsə olması özü qanun pozuntusudur. Təsadüfi deyil ki, bir neçə nüfuzlu insan hüquqlarını müdafiə qurumları Arif Hacılı başda olmaqla həmin şəxsləri vicdan məhbusu elan edib. Vicdan məhbusu anlayışının siyasi məhbus anlayışından fərqi orasındadır ki, yazılmamış beynəlxalq normalara görə vicdan məhbusu elən edilən şəxslər dərhal azad edilməlidir. Yəni bu adamların əməllərində heç bir qanun pozuntusunun olmadığı və yalnız o adamların siyasi mövqeyinə, düşüncə tərzinə, fərqli yanaşmalarına görə həbs olunduğu nəzərdə tutulur. Bu baxımdan həmin şəxslərin həbsdə olması həm çox ciddi qanun pozuntusudur, həm də Azərbaycanın nüfuzuna və hakimiyyətin özünə də ciddi zərbədir. Təəssüf ki, hakimiyyət bunu dərk edib addım atmaq istəmir. Bu da o deməkdir ki, “Eurovision” yarışması zaman buraya gələn yarışma iştirakçılarının, minlərlə jurnalistin, on minlərlə gözlənilən turistlərin də diqqəti təkcə musiqiyə deyil, eyni zamanda ölkədəki mövcud problemlərə, insan hüquqlarının pozulmasına, siyasi məhbus probleminə, mülkiyyət hüququ pozulan insanların problemlərinə və digər problemlərə cəlb ediləcək. Bu hakimiyyətinin çox böyük yanlışıdır və bu yanlışın ziyanını həm xalq, həm hakimiyyət çəkəcək.

- Hakimiyyət o qədərmi yanlış etdiyinin fərqində deyil sizcə? Normal insanlar da bilir ki, gəlirlər və içəridə həmin insanlar olmamalıdır. Bu nədir, dirənməkdir, ya güc nümayişidir?

- Məşhur bir fikir var ki, Allah insanları cəzalandırmaq istəyəndə onların ağlını başından alır. Hakimiyyət də ən adi həqiqətləri dərk etmir və bunun da cəzasını Azərbaycan çəkdiyi kimi hakimiyyət özü də çəkir və çəkəcək.

- Yəni hakimiyyət cəzalandırılacaq?

- Bu Allahın, tarixin, zamanın və xalq tərəfindən verilən cəza olacaq.

- İsa bəy, son vaxtlar beynəlxalq təşkilatların, konkret olaraq Almaniya səfiri, xarici işlər nazirinin müxalifətlə görüşmələrini hakimiyyət birmənalı qarşılamır. Narazılıqlarını bildirirlər. Nəyə görə hakimiyyət hansısa ölkənin səfirinin müxalifətlə yaxın olmağından narahat olur. Narahatçılığa əsas varmı?

- Müsavat Partiyası da, İctimai Palata da ölkədə aparıcı qüvvə mərkəzi kimi, demokratik qüvvələri toparlama mərkəzi kimi beynəlxalq miqyasda tanınır. Biz yalnız ölkəmizdə fəaliyyət göstərən səfirlərlə deyil, ölkəmizə gələn xarici işlər nazirləri ilə və digər yüksək vəzifəli şəxslərlə də görüşürük. Təkcə son aylarda Almaniyanın, İsveçin, Finlandiyanın və başqa ölkələrin yüksək vəzifəli şəxsləri ilə görüşlərimiz olub. Bu normal bir hadisədir. Əgər Azərbaycanını dövlət rəhbərinin xarici səfərlərinə baxsanız, onlar da səfərlərdə olarkən bu ölkələrdəki müxalifət partiyalarının liderləri ilə bəzən görüşürlər. Heç zaman onlara deyilmir ki, nədən sən bu ölkəyə gəlib təkcə hakimiyyətlə yox, müxalifətlə də görüşürsən? Bu çox qeyri-ciddi yanaşmadı. Hakimiyyətinin əsəbiliyini, özünə arxayın olmamasını, İctimai Palatanın, Müsavatın nüfuzundan çəkindiyini göstərən bir təzahürdür.

- Son günlər belə bir məlumat oldu ki, Müsavat qurultayını xaricdə keçirməyə qərar verib.

- Biz qərar qəbul etdik ki, sonuncu dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edək və Müsavatın qurultayı üçün Bakı şəhərində uyğun bir yer ayrılmasa, Gürcüstan və yaxud Türkiyə hökumətinə müraciət etmək barədə qərar verəcəyik. Biz ayın 18-ə qədər BŞİH-nın cavabını gözləyəcəyik.

- Bir növ qarşı tərəfi utandırmaq istəyirsiniz…

- Utandırmaq deyəndə ki, biz qurultayımızı keçirməliyik. Qurultayı keçirmək üçün də bizə 800-1000 nəfərlik zal lazımdır. Bakıda belə zallar mövcuddur. Əgər hakimiyyət bizə bu şəraiti yaratmayacaqsa, biz məcburuq qurultayımızı keçirmək üçün başqa imkanlardan istifadə edək. Məsələ bu qədər bəsit və sadədir. Əgər hakimiyyətdə utanan sifət varsa, ola bilər ki, utanacaq.

- Niyə sizin qurultaydan qorxurlar, niyə yer vermirlər?

- Bu sual mənə aid deyil, bu sualı xahiş edirəm hakimiyyət nümayəndələrinə yönəldin.

- Hər halda nədən çəkindiklərini bilərsiniz…

- Bunlar xalqdan və cəmiyyətdən qorxurlar, demokratik müxalifət partiyalarından və o cümlədən Müsavat Partiyasından qorxurlar. Təkcə qurultay məsələsi deyil ki, bizim mitinqlərə də uyğun yerlər ayrılmır, digər tədbirlərimizə də maneə törədilir. Bunlar istəmirlər ki, xalqın mövqeyi ifadə olunsun, xalqın, müxalifətin gücü görünsün. Çünki, aydın məsələdir ki, normal bir yer ayrılsa, on minlərlə insanının iştirak edəcəyi mitinqlər keçiriləcək. Bizim istədiyimiz şəkildə, Müsavatın qurultay tələbatına uyğun yer ayrılsa, səviyyəli qurultay keçiriləcək. Hakimiyyət bunu istəmir, çəkinir və buna görə də, uyğun olmayan təkliflər irəli sürür.

- Allah qoysa, qurultay olacaq?

- İnşallah.

- İstər Azərbaycan da, istərsə də digər ölkədə?

- Biz qurultayımızın baş tutmasına çalışırıq və inanırıq ki, bunu həll edəcəyik.

- Arzu Səmədbəyli israr edir ki, sizin başqanlığınız ən azı 2013-cü ilə qədər uzadılmalıdır. Bu təkcə Arzu Səmədbəylinin fikri deyil, bir qrup müsavatçılar da bunu istəyir.

- Müsavat yarandığı gündən demokratiya prinsiplərinə sadiq olub və müasir mərhələdə də Müsavat demokratik əsaslarla idarə olunur. Bu baxımdan Müsavat üzvlərinin öz mövqelərini bildirmək hüququ var. Qərarlar isə qurultayda veriləcək.

- Sirr saxlamaq istəyirsiniz?

- Sirr saxlamaqdan söhbət getmir. Əgər mən qurultayın nə qərar verəcəyini 100% əvvəlcədən bilsəm, o zaman bu demokratik qurultay olmaz. Razılaşın ki, əvvəlcədən verilmiş qərarla keçirilən qurultayı demokratik adlandırmaq olmaz. Müsavatda bütün qərarlar ciddi müzakirələrdən sonra demokratik qaydada qəbul olunduğu üçün inanıram ki, ən düzgün qərar qurultayda veriləcək.

- Siz bir neçə il bundan əvvəl elan etdiniz ki, başqan olmayacaqsınız. Qərarınızda bir dəyişiklik varmı, partiya sizə təsir edə bilərmi?

- Mən bildirmişəm ki, Nizamnamənin işləməsinin tərəfdarıyam və inanıram ki, belə də olacaq.

- Hiss edirəm ki, başqanlıqdan getməklə bağlı qərarınızı dəyişibsiniz.

- Mən elə hiss etmirəm.

- Mən bir neçə il əvvəl sizdən müsahibə alanda başqan kimi qalmaq istəmədiyinizi demişdiniz.

- Mən hesab edirəm ki, bizim söhbətimizdə ən önəmli məqamlar müsahibənin başlığına çıxsa daha yaxşı olar. Amma sizin xasiyyətinizi bilirəm ki, özünüz müəyyən başlıqlar hazırlamaq istəyirsiniz. Ona görə də, sizin məndən eşitmək istədiyiniz başlıqları mən deməyəcəyəm. Əgər mən sizə bu sözü demişəmsə, xasiyyətimə az-çox bələdsiniz ki, mən mövqeyimi asanlıqla dəyişən adamlardan deyiləm. Eyni sözü hər müsahibədə demək ehtiyacı görmürəm.

- Mən siyasətçilərdən, partiya liderlərindən, gənclərdən və siyasətə yaxınlığı olan hər kəsdən müsahibə alanda sizin başqanlıq məsələsinə toxunmuşam. Mən bir jurnalist olaraq mövqeyimi bildirməməliyəm, amma bir gənc olaraq sizin başqanlıqdan getməyinizi istəyirəm ki, Azərbaycanda heç olmasa getmək ənənəsi qoyulsun. Axı niyə heç kim getmək istəmir?

- Müsavatın Nizamnaməsində bu dəyişiklik 2001-ci ildə mənim təkidim ilə qəbul edilib və bu baxımdan Azərbaycanda insanların demokratik prosedurlara adət etməsi, heç kimin daimi vəzifədə qalmaması düşüncəsi yaratmışıq. Hesab edirəm ki, Müsavatın Nizamnaməsi həyata keçiriləcək. Sizin, Azərbaycan cəmiyyətinin digər nümayəndələrinin də bu mövzuya marağı Müsavatın Azərbaycanın ən önəmli quruluşlarından biri olmasının sübutu kimi qəbul olunmalıdır.

- Arif bəy başqanlığa namizədliyini irəli sürüb. Sizin onun namizədliyinə münasibətiniz necədir?

- Hər bir Müsavat üzvünün başqan olmaq haqqı var, namizədliyini irəli sürməyə hüququ var. Arif bəy isə Müsavatın ən önəmli simalarından biri kim təbii ki, bu hüquqa tam şəkildə malikdir.

- Belə bir fikir var ki, Müsavatın başqanının kim olmağından asılı olmayaraq İsa Qəmbər yenə də aparıcı siyasi lider imicini qoruyacaq və 2013-cü ildə hakimiyyətin əsas alternativi, prezidentliyə namizədi də o, olacaq.

- Biz Azərbaycanın demokratik, bütöv, inkişaf etmiş bir ölkə kimi irəliləməsini istəyirik. Bunun üçün xalqın iradəsi ilə hakimiyyət formalaşmalıdır. Bu yolda da Müsavat Azərbaycan xalqının ən önəmli siyasi qüvvəsi kimi həll edici qüvvələrdən biridir. Bizim də seçki yolu ilə hakimiyyətə gəlmək, Azərbaycanda zəruri, müsbət dəyişiklikləri həyata keçirmək fikrimiz var. Konkret olaraq 2013-cü ilə gəldikdə isə bu günün məsələsi kimin namizəd olması deyil, bu günün məsələsi Azərbaycanda normal seçki mühitinin yaranmasıdır. Elə bir şərait yaranmalıdır ki, xalq dövlət başçısını seçsin. Biz bunu hədəfləyirik, bu istiqamətdə fəaliyyət göstəririk və inanırıq ki, bu istiqamətdə dəyişikliklərə nail olacağıq.

- Hələ prezidentliyə namizədlikdən danışmaq istəmirsiniz?

- Zamanı deyil. Ölkədə azad, ədalətli seçkilər keçirilmirsə, namizədlikdən nəinki danışmaq, heç düşünmək də aktual deyil.

- Mən sizin, Əli bəyin və digər müxalifət liderlərinin müsahibələrini oxuyanda nikbin proqnozlar görürəm. Siyasət xətrinə verilən proqnozlardı, yoxsa doğurdan bu qədər optimistsiniz?

- Siyasətçi peşəsi ilə politoloq peşəsi arasında kifayət qədər fərq var. Ən azı yazıçı və tənqidçi qədər fərqli peşələrdir. Politoloqlar rahat şəkildə proqnozlar verə bilərlər. Onların bir çoxu da rahat yol seçiblər, pessimist proqnozlar verirlər. Adətən pessimist proqnozlar daha asan reallaşır və sonra deyirlər ki, gördünüz mən demişdim. Bir qrup politoloq isə ümumiyyətlə haqqın yolun tapıblar. Təsəvvür edin ki, futbol haqqında proqnoz verəndə deyəsən ki, ya A komandası, ya da B komandası qalib gələcək, ya da heç-heçə olacaq. Yəni mümkün variantların üçünü də deyirlər. Təbii ki, siyasətçi bu cür hərəkət edə bilməz. Mənim optimist proqnozlarımın iki köklü səbəbi var. Birincisi mən dünyada nə baş verdiyini görürəm. Bilirəm ki, beynəlxalq birlik çox ciddi qərarlar qəbul edib, dünyanın dəyişməsi, dünyada avtoritarizmə, totalitarizmə qarşı mübarizə aparılması, tədricən avtoritar rejimlərin siyasət səhnəsindən çəkilməsi ciddi bir hədəf olaraq qəbul olunub. Hələ 2010-cu ilin sentyabrında Amerikanın prezidenti Obama BMT-nin Baş Assambleyasında çıxışında demişdi ki, beynəlxalq terror təşkilatlarına rəhbərlik edən terrorçu başları qədər öz xalqına zülm edən, hakimiyyətinin müddətini süni şəkildə uzadan dövlət başçıları da azad dünyanın düşmənləridir. Öz hakimiyyətinin müddətini süni şəkildə uzadan dövlət başçılarının sayı isə dünyada lap elədə çox deyil. O şəxsləri adbaad saymaq mümkündür. Bu təkcə ABŞ-ın mövqeyi deyil, bu Avropa Birliyinin də, digər güc mərkəzlərin mövqeyidir. Bu proses gedir və gedəcək. Heç bir qüvvə də bunun qarşısını ala bilməz. Mənim nikbinliyimin ən böyük səbəblərindən biri də budur. İkinci bir ciddi səbəb var və bu ölkəmizdə gedən proseslər haqqında məlumatı olmağımdadır. Mən ölkədəki vəziyyəti bilirəm, əhalinin əhval-ruhiyyəsini bilirəm, Bakıda və bölgələrdə gedən proseslərdən xəbərim var. İnsanların narazılıq hissinin tədricən qorxu hissinə qalib gəlməsi istiqamətində prosesin getdiyini görürəm və bir sıra digər məlumatlar mənə nikbin olmağa əsas verir. Biz siyasətçiyik, biz sadəcə proqnozlar verməklə məşğul deyilik. Biz prosesləri müsbət istiqamətə yönəltməyə çalışırıq. Prosesləri müsbət istiqamətə yönəltmə yollarından biri də insanlarda özünə inam yaratmaqdır. Özünə inanan insan, xalq, cəmiyyət ən ciddi dəyişikliklərin öhdəsindən gələ bilər. Özünə inamı olmayan qüvvə isə ən sadə məsələləri həll etmək iqtidarında olmur. Nikbin olmaq həm də bizim missiyamızdır.

- Hər şey yaxşı olacaq?

- Hər şey yaxşı olacaq. Çünki mən Azərbaycanın demokratik ölkə olma potensialına əminəm. Azərbaycanın buna layiq və qadir olduğuna inanıram. Ona görə də, hər şeyin yaxşı olacağına inanıram. Amma hər şey öz-özünə yaxşı olmayacaq. Hər şey bizim fədakarlığımızla, zəhmətimizlə və mübarizəmizlə yaxşı olacaq.

- Mən bilirəm ki, siz yalnız ölkədəki siyasi prosesləri izləmirsiniz, həm də bütün məsələlərdən aşağı-yuxarı xəbəriniz var. Bu yaxınlarda bir qrup gənc yazıçı ilə sizin də hörmət etdiyiniz Azərbaycan Yazıçılar Birliyinin sədri arasında bir qarşıdurma yaranmışdı. Anar həcv yazmışdı. Oxumusunuz?

- Oxumuşam.

- Münasibətinizi bilmək istəyirəm.

- Mən gənc yazarlarımızı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, onlar Azərbaycana yeni nəfəs, yanaşma gətirdilər. Cəsarətlə ölkədəki vəziyyəti, hakimiyyəti, müxalifəti tənqid edirlər və çox güclü əsərlər ortaya qoymağa başlayıblar. Azərbaycan ədəbiyyatının gələcəyi onlarla bağlıdır. Eyni zamanda Anar müəllimə də, bir sıra digər 60-cı illərin nümayəndələrinə mənim münasibətim bəllidir, hər zaman onları gənclərin hücumlarından müdafiə etməyə çalışmışam. Bu qarşı durmaların bəzən sərt forma almasına təəssüf edirəm. Cavanlar bütün güclərini yaradıcılığa, həqiqətləri söyləməyə həsr etməlidirlər. Amma eyni zaman da onlar həqiqətlərin bir hissəsi kimi Yazıçılar İttifaqı ilə bağlı, 60-cılarla bağlı fikirlərini dilə gətirmək istəsələr bu onların hüququdur. Yaşlı nəsil isə hövsələli olmalıdır və tənqidə daha dözümlü olmalıdır. Nəticədə yaşlılar da, cavanlar da ədəbiyyat tarixində yaradıcılıqları ilə qalacaqlar. Zaman hökm verəcək ki, kimin əsəri tarixdə nə cür dəyərləndiriləcək.

- Həcv necə idi?

- Mən o həcvi Anar müəllimə yaraşdırmıram.

- Gənclər istəyirlər ki, Anar Yazıçılar Birliyinin sədri postundan getsin.

- Mən bilən gənclərin istədiyi odur ki, Azərbaycanda ədəbiyyata, incəsənətə müasir dünya qaydaları ilə münasibət formalaşsın. Söhbət sadəcə kiminsə gedib gəlməyində deyil, bu prosesin bir elementi ola bilər. Demokratik ölkələrdə yaradıcı ittifaqlar müstəqil şəkildə fəaliyyət göstərirlər. Ölkədə yalnız bir Yazıçılar İttifaqı, bir Rəssamlar İttifaqı, bir Bəstəkarlar İttifaqı olmur. Yazıçılar, bəstəkarlar, rəssamlar və digər yaradıcı insanlar öz seçimləri ilə birliklər qururlar. Onların birlikləri dövlət tərəfindən müəyyən dərəcədə müdafiəyə edilə bilər, amma bərabər şəkildə. Ən önəmlisi o birliklərin cəmiyyət tərəfindən dəstəklənməsidir. Ədəbiyyatın, incəsənətin inkişafı azadlıqla bağlıdır. Yalnız totalitar, qeyri-azad cəmiyyətlərdə böyük ədəbiyyat yaranır düşüncəsini mən o qədər də doğru hesab etmirəm. Bunu istisna hal kimi hesab edirəm, yeganə variant kimi yox.

- Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə münasibətiniz necədir. YAP adətən Milli Məclisdə müzakirə edilən layihələri dəstəkləyir. Amma bu sənədə qarşı çıxmışdı.

- YAP bu hakimiyyət kimi öz görməmiş mahiyyətini növbəti dəfə ortaya qoydu. Buna görə onların mövqeyini şərh etməyə dəyməz. Prinsip etibarı ilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi müasir dünyada, Avropa ölkələrində qəbul olunmuş bir gerçəklikdir. Amma bu reallıqlara uyğun bir şəkildə edilməlidir. Saxta seçkilər nəticəsində formalaşmış parlamentdə hakimiyyət partiyasına və hakimiyyətin parlamentə buraxmağı mümkün saydığı partiyalara maliyyə ayırıb, parlamentdən kənarda qalmış partiyaları dövlət büdcəsindən də məhrum etmək hesab edirəm ki, hakimiyyətin tək partiyalı sistem qurmaq kimi xam xəyallarını təzahürüdür, heç bir nəticəsi olmayacaq. Biz on illərdir pulsuz, maliyyəsiz fəaliyyət göstərmişik və ayaq üstə qalmağı bacarmışıq.

- Yəni imtina edə bilərsiniz?

- Nədən imtina edəcəyik, bizə pul ayırmırlar ki, imtina edək. Bu hakimiyyət qəsdən bizim namizədlərimizi seçkiyə buraxmadı. 2005-ci ildə bizim namizədlərimiz seçkiyə buraxılmışdısa, 2010-cu ildə bizim namizədlərin əksəriyyətini seçkilərə buraxmamışdılar. Çünki, görürlər ki, bizim namizədlərin hamısı seçkiyə buraxılsa, hətta onları parlamentə buraxmasalar belə bu namizədlərin yığdığı səs kifayət qədər çox olacaq. Bizim namizədləri seçkiyə buraxmamaqla bizim səsimizi çox aşağı sayda saxlayıblar və bu da onlara imkan verəcək ki, parlamentdən kənarda olan qüvvə kimi bizə maliyyə ayrılmasın.

- Bəlkə sizə cüzi büdcə ayırdılar.

- Fərziyyələrlə danışmağı xoşlamıram. Əgər belə bir vəziyyət yaranarsa, onda suallarınıza cavab verərəm.

- “Eurovision”a bilet almısınız?

- Xeyr.

- Niyə?

- Hesab edirəm ki, bu yarışma daha çox gənclərin iştirak edəcəyi, əylənəcəyi yarışma olsa daha yaxşı olar.

- Baxmaycaqsınız?

- Zamanım olsa televizordan izləyəcəyəm.

- Bu ərəfədə Bakıda gey parad keçiriləcəyi deyilir.

- Bu hakimiyyətin problemidir. Hələ Heydər Əliyev dönəmində eynicinsli insanların əlaqələrinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsindən çıxarıldı. Bu addımı Avropa Şurasına üzv olmaq istəyən ölkələrin qarşısına tələb kimi qoydular və bunu da Heydər Əliyev zamanında həyata keçirdi. İndi də Eurovision yarışmasıdır və Avropadan gələn qonaqlar öz tədbirlərini keçirmək istəyirlərsə, hakimiyyət özü müəyyən etməlidir ki, hansı tədbirə necə reaksiya verəcək.

- İcazə verilməlidirmi?

- Bunu hakimiyyət bilər. Burada hakimiyyət üçün çoxlu ciddi suallar yaranır. Özlərinin yaratdığı vəziyyətdir, özləri də cavablarını tapmalıdır. Əgər Avropadan gələn qonaqların şənliklərinə, aksiyalarına şərait yaratmaycaqlarsa, nə adla yaratmaycaqlar? Yardacaqlarsa, bunu necə izah edəcəklər ki, Avropadan gələnlərə istənilən tədbiri keçirməyə icazə verilir, amma Azərbaycanın demokratik qüvvələrinə aksiyalar keçirilməyə icazə verilmir. Bax bu suala da cavab verməli olacaqlar.

- İsa bəy icazə vermələri demokratik addım olmaz? Vaxtında bu qanunun Cinayət Məcəlləsindən çıxarılması və bu gün gey parada icazə verilməsi demokratik addım deyil?

- Bunu hakimiyyətdən soruşun. Çünki icazəni biz verməyəcəyik. Öz cavabımızla da hakimiyyətin vəziyyətini asanlaşdırmaq fikrində deyilik.

- Sizi uzun müddətdir ki, görmürdüm.

- Ancaq mən sizi bir-iki həftə öncə hansısa tədbirdə görmüşdüm.

- Ola bilər. Amma mən sizi görməmişəm. Demək istəyirəm ki, son dəfə gördüyümdən bir az kilo alana bənzəyirsiniz.

- Bu gözəl sualı axıra saxlamısınız, mən də sizi pərt etmək istəmirəm. Son vaxtlar mən xeyli kilo vermişəm. Ona görə də, sizin müşahidəniz heç həqiqətə uyğun deyil. Elbrus bəy, bir məsələnin monitorinqini aparırsınızsa, çox ciddi və məsuliyyətli yanaşmalısınız məsələyə. Hətta hansısa siyasətçinin kilolarına belə. Əgər bunun məsuliyyətlə, ciddi şəkildə apara bilmirsinizsə, o mövzuları qaldırıb, yanlışınızı üzə çıxarmayın.

- O zaman siz şərait yaratmalısınız ki, biz tez-tez görüşək.

- Nə vaxt istəsəniz tərəzinizi götürüb gəlin.

Elbrus Ərud