Hayat devam ediyor...

hayat-devam-ediyor
Oxunma sayı: 684

Serialın mövzusuna görə iki gənc sevirmiş bir-birini, bütün serial mövzularında olduğu kimi. Ama bunlar bir az irəli gedərək nikahdankənar münasibət yaşayıblar. Düzünü deyim ki, bu dəqiqə “nikahdankənar münasibət” ifadəsini yazana qədər ən az 10 variant yazıb, pozdum. Çünki bizdə də hələ də vətəndaş nikahı kimi məsələlərə adi yanaşma formalaşmayıb. Subyektiv mövqeyimi ifadə etsəm, heç formalaşmasa yaxşıdır, amma yenə də kimsənin həyatına müdaxilə etməm. Ictimai qınağın heç nəyi dəyişdirmədiyindən əminəm. Ictimai qınaq və ayıblama sadəcə və sadəcə pərdələnməyə və baş verənlərin riyakarcasına malalanmasına xidmət edir.

Qayıdım seriala... Deməli bu iki növcavanın bu tip münasibətini öyrənən ailə çarə aramaq fikrinə düşürlər. Qızın namusunu korladığı üçün oğlan evini müqəssir bilirlər.

Müvafiq həkim kağızı-filanla məsələni “rəsmiləşdirməyi” də unutmurlar. Bu yerdə öz-özümə “Allah, Allah!” dedim. Niyəmi? Çünki bizim məmləkətdə hər şey əks dövran edərdi. Bu yerdə oğlan evi – konkret desəm, kişi qəhrəman olardı! əccəb eləmisən, beş də artıq deyilərdi. Axı hər zaman günah ancaq və ancaq qadındadır! Kişi monoqamdır – nə zibildir, ondandır, qəhrəmandır, igiddir, onunla fəxr etmək lazımdır, o indidən hamıya dünyanın ən önəmli “qəhrəmanlığını” sübut edə bilib. Buna görə kimin ağzı nədir ki, onu qınasın? Pis qadın olub, onun anası olub! Diqqət etmisinizmi, adətən qızları orta məktəbdə yaxşı qiymət alanda, universitetə qabul olanda, biri tərəfindən təriflənəndə atalar “mənim qızımdır” deyirlər. Lakin kiçik bir səhvini görəndə üzlərini tuturlar anaya, “bu da sənin tərbiyən” deyə ananı qınağa çəkirlər.

Bizdə namus, qeyrət deyərkən, qadınların iffəti nəzərdə tutulur. Islamda zina üçün qadın – kişi fərqi yoxdur, hər ikisi günahkardır. Bizdə isə bu, qadının boyuna biçilmiş günah sayılır, yalnızca qadının. Yenə də fikrimi təkrarlamaq istəyirəm, mən heç də bütün adətlərimizin dağıdılıb məhv edilməsi tərəfdarı deyiləm. Ilkin gənclik dönəmində hər şeyə qarşı olan yeniyetməlik etirazları etmişəm, bir çox şeylərin həqiqətən də dəyişməsini istəyirəm. Lakin bu dəyişimin ailədaxili münasibətlərə, ana təməl prinsiplərə toxunmasını qətiyyən istəmərəm. Mən bu tipli münasibətlərdə günahın yalnızca qadına yazılmasına etiraz edirəm. Və ya qızım saf idi, tərtəmiz idi, onu “yoldan çıxarıblar” kimi ifadələrlə də razı deyiləm. əgər həqiqətən də günah varsa, qınamaq və ya cəzalandırmaq kimi bir niyyət varsa, o zaman bu, hər iki tərəfə tətbiq ediləməlidir.
Ya da buraxın, millət işi ilə məşğul olsun...

P.S. Şərh yazmaq fikrinə düşsəniz, sizdən kiçik bir xahişim olacaq. Lütfən, şəxslər üzərindən deyil, mövzu üzərindən yazmanızı rica edəcəm. Öncədən təşəkkür edirəm!