“Hilton Bakı”nın sirləri açılır - 140 milyon

hilton-bakinin-sirleri-acilir-140-milyon
Oxunma sayı: 1286

Qeyd edək ki, “Hilton” otellər şəbəkəsi və onun sahibi “Hilton Worldwide” şirkəti 92 ildir biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə mehmanxanalar, xidmətlər, istirahət zonaları təklif edir. Özünün qlobal brendləri vasitəsilə qonaqlara xidmət ənənəsini davam etdirən “Hilton Worldwide” şirkətinin brendləri 84 ölkədə 3750 mehmanxanadan və 615 min otaqdan ibarətdir. Şirkət Azərbaycanın paytaxtında inşa olunan “Hilton Baku” otelini uğurlu layihələrindən biri hesab edir.
“Hilton Baku” otel kompleksi “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunub. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən inşa edilən otelin tikintisində 700 işçi çalışıb. 25 mərtəbədən ibarət olan oteldə ümumilikdə 309 otaq vardır. Oteldə Finlandiya istehsalı olan beş müasir lift quraşdırılıb. Mehmanxananın birinci mərtəbəsində qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün gözləmə otağı yerləşir.

Otelin ən böyük restoranları isə “Skay-Qrill”, “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranlarıdır. 25-ci mərtəbədə 360 dərəcə fırlanan dairəvi istirahət yeri var.

İlin isti aylarında qonaqların açıq havada istirahəti üçün nəzərdə tutulmuş kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür. Kompleksdə 2,5 min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. Otelin binasının 17 mərtəbəsi otaqlardan ibarətdir. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Otel simsiz internet şəbəkəsi ilə təmin edilib, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışlı telefon şəbəkəsi qurulub.

İkinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zalda, həmçinin müxtəlif ziyafətlərin, toy mərasimlərinin keçirilməsi də mümkündür. Birinci mərtəbədən buraya avtomobillərin qaldırılması üçün xüsusi lift sistemi quraşdırılıb ki, bu, toy mərasimləri zamanı avtomaşının birbaşa maneəsiz hərəkətini təmin edir.

Otelin tikintisi üçün 140 milyonundan keçdi


Qeyd edək ki, İsgəndər Xəlilov “Baku Hilton” otelinin tikintisinə 140 milyon dollar sərmayə qoyub. O, Bakıda, Heydər Əliyev prospektində ”City Center" şəhərciyinin salınmasına 600 milyon dollar xərcləyib. 2008-ci ildə iş adamı Türkiyədə “Hilton Worldwide” qrupuna daxil olan otelin yenidən qurulmasına 100 milyon dollar sərmayə qoymuşdu. Bakıda İ.Xəlilovun sahibi olduğu obyektlər barədə heç də hər zaman dəqiq olmayan informasiyalar dolaşır. Azərbaycan mediasına müsahibə verən milyarder özü isə obyektlərinin adını, demək olar bir-bir sadalayıb.

“Texnikabank”, “Ramstor” hipermarketi, Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, keçmiş “İnturist”, “Azərbaycan” otelləri, “Mc.Donald‘s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Şirvanda, Xaçmazda meyvə şirəsi zavodları iş adamının nəhəng biznes imperiyasının sadəcə kiçik bir hissəsidir.

Əbülfəz Elçibəyin dəvəti ilə vətənə qayıdan iş adamı indi nəhəng biznes imperiyasına sahibdir

Aldığımız məlumata görə iş adamı İsgəndər Xəlilov hökumətdən “Eurovision-2012” musiqi yarışmasına görə paytaxtın müxtəlif yerlərində üç və dörd ulduzlu otellərin tikintisinə görə razılıq alıb.
Oxucularımız üçün maraqlı olar deyə onu da bildirək ki, İsgəndər Xəlilov 1955-ci ildə Bakıda anadan olub. Bakıda Xalq Təsərrüfatı İnstitutunu, Moskvada isə Hüquq Akademiyasını bitirib. Media onun biznesə 1980-ci illərin ortalarında Rusiyada restoran biznesi ilə başladığını yazır. Xəlilovun əsas biznes uğurları isə sovetlər sisteminin çökməsi ilə eyni vaxta düşür.

Rusiyanın aparıcı neft şirkətlərindən olan “LUKoil”un prezidenti Vahid Ələkbərovla dostluq edən İ. Xəlilov şirkətin indiki ilə müqayisədə fantastik dərəcədə ucuz olan səhmlərinin bir hissəsini alır. Bu səhmlər onun milyardlar qazanmasına yol açır.

İsgəndər Xəlilov özü Azərbaycana 1994-cü ildə Heydər Əliyevin xaricdəki azərbaycanlı iş adamlarına çağırışından sonra investisiya yatırdığını bildirir. Azərbaycan mediası isə Xəlilovun vətəninə 1993-cü ildə Əbülfəz Elçibəyin prezidentliyi dönəmində gəldiyini tez-tez yada salır. O zaman İ.Xəlilov “LUKoil-Azerbaijan”a rəhbər təyin olunmuşdu. Şirkətin Azneft-Bayıl yolundakı ilk benzindoldurma məntəqəsi sadə dillə desək, “qatqısız benzin” satdığına görə, çox məşhurlaşmışdı.

İsgəndər Xəlilov indi “LUKoil”un beynəlxalq münasibətlər üzrə vitse-prezidentidir. 1995-ci ildə isə Xəlilov bu gün dünyanın 30 ölkəsi ilə ticarət əlaqələri quran məşhur ISR-Holdinqini yaradır. ISR Holdinq kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulan 10 iri tonnajlı gəmisi ilə Azərbaycanda, İranda, Orta Asiyada, Misirdə bir sıra neft layihələrinin iştirakçısıdır.

Holdinqin şirkətləri neft məhsullarının daşınması ilə yanaşı həm də neft-qaz yataqlarının kəşfiyyatı, qazılması, istismarını da həyata keçirir. ISR Holdinqin məşğul olduğu bank işi, turizm, kimya sənayesi, kənd təsərrüfatı və başqa sahələrdə ümumilikdə 35 minə qədər işçi çalışır.

2006-ci ildə İsgəndər Xəlilov daha iki azərbaycanlı milyarder Araz Ağalarov və Telman İsmayılovla bərabər Azərbaycanın ali mükafatlarından olan “Tərəqqi” medalı ilə təltif olunub. Bu medal Azərbaycan Respublikasının inkişafında müstəsna xidmətlər göstərən şəxslərə verilir.

musavat.com