İran ayətullahına Azərbaycandan rəsmi cavab

iran-ayetullahina-azerbaycandan-resmi-cavab
Oxunma sayı: 672

Komitənin mətbuat xidmətindən “Qafqaznfo”ya daxil olan açıqlamada deyilir ki, Təbrizdə “Əşrəful-Ənbiya” məscidində keçirilən mərasimdə çıxış edən Ayətullah Sədiqinin Azərbaycandakı mövcud dini durumla bağlı irəli sürdüyü fikirlər növbəti cəfəngiyatdan başqa bir şey deyil: “Sədiqinin timsalında belə “ayətullah”ların İslamı şəxsi məqsədlərinin alətinə çevirərək, obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin hicaba qadağa qoyduğunu, dindarlarla üz-üzə dayandığını iddia etmələri tamamilə məntiqsizlik və həmin “din adamları”nın özlərinin də yaxşı bildiyi ən böyük günahlardan sayılan böhtandır. Müstəqilliyini yenidən qazanmış ölkəmizdə dindar qadınların hicab taxmasına heç vaxt qadağa qoyulmayıb. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda hicabı məcburi şəkildə deyil, könüllülük əsasında geyinirlər və bu, dövlətimizin insanlara azad seçim hüququ verməsinin bariz nümunəsidir. Ölkənin dövlət təhsil sistemi dindən ayrıdır, bütün dinlər qanun qarşısında bərabərdir və hamısına eyni şərait yaradılmışdır.

Çıxışında Azərbaycandan bəhs edərkən “Bakı dövləti” ifadəsini işlətməsi onun səviyyəsizliyini, dünyagörüşünün kasadlığını bir daha göstərir. Azərbaycanın fətvalarla deyil, dünyəvi qanunlarla idarə olunduğunu “unutmuş ayətullahlar”a onu da xatırlatmaq lazımdır ki, ölkəmizdə qanunun aliliyi prinsipi yüksək səviyyədə qorunur. Qanunlarımıza görə isə İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Bu məsələnin əlavə şərhinə ehtiyac yoxdur.

Ümumiyyətlə, son vaxtlar qonşu ölkənin din adından danışan bəzi şəxsləri tərəfindən bu kimi əsassız bəyanatların məqsədli şəkildə verilməsinin arxasında Azərbaycan üçün nəzərdə tutduqları “planların” iflasa uğramasının yaratdığı qıcıq dayanır. Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tolerant prinsipləri önə çəkməsi, dinlər və məzhəblərüstü siyasət aparması totalitar təfəkkür tərzinə sahib “ayətullahları” yamanca narahat edir və onlar son çarə kimi azərbaycanlı dindarları dövlətə qarşı qoymağa çalışırlar. Bəyanatlarında üstüörtülü şəkildə “cihad”, “şəhadət”, “qüdrət taxtından yerə salmaq” kimi ifadələrdən istifadə etmələri onların həm dini, həm də siyasi səbatsızlıqlarından xəbər verir”.