İspaniya, yoxsa İtaliya?

ispaniya-yoxsa-italiya-
Oxunma sayı: 677

Finalda son iki dünya çempionatın qalibləri qarşılaşacaqlar - italiyalılar 2006-cı ildə, ispanlar isə 2010-cu ildə dünya çempionu olublar. Sonuncular 2008-ci ildə Avropa çempionatında da qalib gəliblər. Beləliklə, İspaniya millisi tarixdə üç iri turnirin qalibi olmuş ilk ölkə ola bilər. Bundan başqa, ispanların Avropa çempionu adını qoruyan ilk milli titluna da yiyələnmək şansı var.

Lakin İspaniya millisi rəsmi qarşılaşmaların əsas vaxtında İtaliya yığmasını məğlub edə bilməyib. Yalnız 1920-ci ildə keçirilmiş oyun istisnadır. EURO-2008-in ¼ finalında İtaliya millisi penaltilər seriyasında qalib gəlmişdi. Bütövlükdə indiyədək ispanlar 8 dəfə (7-si yoldaşlıq oyunlarında), italiyalılar isə 10 dəfə qalib gəliblər, 12 oyun heç-heçə başa çatıb.

İspaniya millisi indiyədək iki dəfə (1964 və 2008-ci illər), İtaliya yığması isə yalnız bir dəfə (1968-ci il) qitə birinciliyinin qalibi olublar.

Maraqlıdır ki, tarixdə dördüncü dəfədir eyni qrupun komandaları finalda qarşılaşırlar. Əvvəlki üç oyundan ikisində qrup mərhələsində ikinci olan komanda çempionluğu qazanıb. Bu turnirdə İtaliya millisi qrup ikincisi olub. Onların İspaniya millisi ilə qrupdakı qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

Bu turnirdə hər kəs ispanlardan parlaq və inamlı oyun gözləyirdi. Amma David Vilyanın yoxluğu komandanın oyununa öz təsiri göstərir. Əgər orta sahədə İspaniya millisi turnirin ən güclüsüdürsə, hücumları qolla başa çatdıracaq hücumçu yoxdur. Fernando Torres və Alvaro Neqredo bu rolun bhdəsindən gələ bilmədilər, baş məşqçi Visente del Boske isə bu mövqeyə nominal yarımmüdafiəçiləri qoymağa məcbur olur. Adətən, bu vəzifə Sesk Fabreqasın üzərinə düşür. O, indiyədək iki qol vurub.

Turnirdən əvvəl italiyalıları heç kim finalda gözləmirdi. Komandanın qələbələrinin əsas ilhamvericiləri pleymeyker Adrea Pirlo, ¼ finalda İngiltərə millisi ilə qarşılaşmadan sonrakı penaltilər seriyasının qəhrəmanına çevrilən qapıçı Canluici Buffon və yarımfinalda Almaniya millisinə qarşı möhtəşəm oyun keçirən Mario Ballotellidir./anspress/