İstiqlalçı deputatların qarşısını ala bilmədilər

istiqlalci-deputatlarin-qarsisini-ala-bilmediler
Oxunma sayı: 681




Dünən müstəqilliyin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı «Park İnn» otelində tədbir düzənləndi. Tədbirin spikeri KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, bayram mərasimini qeyd etmək üçün «Arzu» şadlıq evi, «Hayatt Recensi oteli ilə müqavilə bağlamaq istəsələr də, qarşı tərəf bundan imtina edib. Onun sözlərinə görə, «Park İnn»lə müqaviləni isə bir QHT bağlayıb: “18 oktyabra münasibət belədir. Mən istisna olmaqla son 20 ildə istiqlalçı deputatların hamısı repressiyaya məruz qoyulub. Bu gün 43 istiqlalçı deputatın 16-sı dünyasını dəyişib, bir nəfər siyasi məhbus həyatını yaşayır».

Daha sonra söz istiqlalçı deputatlara verildi.

İlk öncə çıxış edən VAMBP sədri, professor Hacıbaba Əzimov müstəqilliyin əldə olunmasının Azərbaycan xalqının şərəf işi olduğunu bəyan etdi: “Həmin vaxt Ali Sovetdə oturanların çoxu müstəqillik istəmirdi. Çünki onlar həm vəzifələrdə oturmuşdular, həm də KQB ilə bağlı idilər. Hakimiyyətin bu əlamətdar günə belə pis münasibəti şəhidlərin ruhuna hörmətsizlikdir”.
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı ilk öncə meydan hadisələrindən danışdı. Bildirdi ki, əgər bu 20 ildə dövlət varsa bu 43 deputatın, o vaxt mitinqlərdə iştirak edən milyonlara insanın xidmətidir: “Bu hakimiyyətdəki bəzi insanların bayramı deyil, biz bu bayramı, bu bayrağı onlara zorla qəbul etdirmişik. Bayrağı təhqir edənlər, müstəqillik ideyasına lağ edənlər indi müstəqillikdən danışırlar. Nəzərə alın ki, tarixi mədhiyyə deyənlər yaza bilməz. Mən sizi birliyə, birgə mübarizəyə səsləyirəm”.

AMİP lideri Etibar Məmmədov dedi ki, arxivində saxladığı, hərakat vaxtı türk mətbuatının yazdığı bir məqalə diqqətini çəkib: «Orada qeyd olunurdu ki, Türkiyənin müstəqilliyimizi tanıması ABŞ Dövlət Departamentində ciddi narahatçılığa səbəb olub. Yəni Avropa, ABŞ bizim müstəqilliyimizi qəbul etmirdi. Hesab edirəm ki, tarixin bu hissəsi yazılmalıdır”.
Sabiq daxili işlər naziri İsgəndər Həmidov isə 12 martda Ali Sovetin binasında istiqlalçı deputatların aclıq aksiyası keçirməsindən danışdı: “Bu gün artistlər, müğənnilər, istiqlalda heç bir əməyi olmayanlar mükafatlandırılır. Çalışırlar ki, Azərbaycanın istiqlal tarixi yaddaşlardan çıxsın”.

İstiqlalçı deputat Sülhəddin Əkbər dedi ki, xalq seçimini edərək cümhuriyyətini qurub: “Ölkə müstəqillik əldə etsə də, demokratiya baxımdan ciddi uğurlar əldə edilmədi. Hesab edirəm ki, ölkə demokratikləşənə, qanunların aliliyi təmin olunana qədər mübarizə getməlidir”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirdi ki, müstəqilliyə könülsüz səs verib: Çünki bizləri söyən, döyən, aşağılayan şəxslər birdən-birə müstəqillik haqqında danışmağa, onu müdafiə etməyə başladılar”.

Sabiq təhsil naziri Firudin Cəlilov bildirdi ki, Azərbaycanın iki milli bayramı var: “Bunlardan biri bahar, digəri isə müstəqillik günüdür. 18 oktyabrın əhəmiyyətini bu gün vəzifədə oturanlar bilmirlər. Bilənləri isə səslərini çıxarmır. Bu gündə Məmməd Əmin Rəsulzadə başda olmaqla onun komandasının ruhu şad olur. Bizim liderimiz Rəsulzadədir. Biz Azərbaycanın bütövləşməsinin davasını aparırıq. Artıq siyasətə gəldiyimi bəyan edirəm və milli adamlarla birlikdə olacağam”.

Sabiq nazir Tahir Əliyev də qeyd etdi ki, müstəqilliyi əldə etmək asan olmayıb: «Biz buna görə, hər cür təhqir olunmuşuq. O vaxt biz 25, onlar isə 300 nəfərdən çox idi. Amma bizdən qorxurdular. Bir dəfə də dava düşəndə bizim bu Firdin Cəlilov Abbas Abbasovu təpiklədi”.
Tədbirə siyasi mühacirət həyatı yaşayan istiqlalçı deputat Faiq Baxşəliyev telefon vasitəsilə qatılaraq həmkarlarını və xalqımızı bu bayram münasibətilə təbrik etdi.

Sabiq baş prokuror İxtiyar Şirin Əbülfəz bəy həbs edildikdən sonra Qaradağdakı Xüsusi Komendaturada saxlanıldığını xatırlatdı: «Sonradan mən Qaradağın prokuroru olarkən danışırdılar ki, Əbülfəz Elçibəy hətta yataqxanada olarkən məhbuslara Azərbaycanın müstəqilliyi haqqında danışır və öz ideyalarını yaymaqda davam edirmiş”.

Sabiq müdafiə naziri Rəhim Qazıyev isə bütün inciklikləri bir yana qoyaraq birgə mübarizə aparmağı təklif etdi: “Bu gün Nemət Pənahlı, Arif Hacılı şərlənərək həbs olunublar. Hesab edirəm ki, onlarda yada salınmalıdır».

İbrahim İbrahimli isə həmkarı Firdun Cəlilovla razılaşmadığını bəyan etdi: “Bizim liderimiz həm Rəsulzadə, həm də Əbülfəz Elçibəydir. Baxın əsrin əvvəllərində Rəsulzadə türkçülük, müasirlik və islamlaşmağı təklif edirdi. Əsrin sonlarında isə Elçibəy millətləşmək, bütövləşmək və dövlətləşmək konsepsiyasını irəli sürdü. Mən indiki hakimiyyətin bu günə niyə önəm vermədiyini, bəzi hallarda onu yaddan çıxarmaq istədiyinin səbəblərini bilirəm. Bu tədbirə ona görə, kölgə salırlar ki, özləri bu prosesdə iştirak edə bilməyiblər”.

İstiqlalçı deputat Məryəm Həsənova da, 20 il əvvələ qayıdaraq müstəqilliyin əldə edilməsinin asan iş olmadığını xatırladıb. Bildirib ki, milyonların əməyi hədər getməyib və bunun əyani əsəri müstəqil Azərbaycanın olmasıdır”.

Sonda çıxış edən AXCP sədri Əli Kərimli istiqlalçı deputatların hər cür qayğıya layiq olduğunu bəyan etdi. O, İbrahim İbrahimli ilə həmrəy olduğunu da ifadə etdi: “Bu hakimiyyətin natamamlıq kompleksi var. Onlar ölkənin müstəqilliyi, azadlığı uğrunda mübarizədə iştirak etməyiblər. Mən buradakı çıxışlarda açıq-aydın hiss etdim ki, keçmiş deputatlarda mübarizə əzmi var. Onların bəziləri siyasətdən kənarda olublar. Hesab edirəm ki, hər bir kəs bacardığı qədər bu mübarizəyə öz tövhəsini verməlidir. Yalnız bu halda bizlər istədiyimizə nail ola bilərik”.

“Qafqazinfo” qeyd edir ki, KXCP bu tədbiri Ağsu restoranında keçirmək isəsə də, restoran rehberliyi sonradan razılaşmanı pozmuşdu. Buna görə də, təşkilatçılar Park İNN rəhbərliyinə tədbirib mahiyyəti ilə bağlı heç bir məlumat vermədən, hansısa bir sosial məsələ haqda tədbir keçirəcəyini bildirərək zal ala bilmişdilər.

“Bizim yol” qəzeti