“Bizdən 55 qəpiyə alıb marketdə 3.5 manata satırlar” - Video

“Bizdən 55 qəpiyə alıb marketdə 3.5 manata satırlar”
Oxunma sayı: 7596

“Bir kiloqram kivi ömrü bir ay uzadır”

Bu sözlər elə-belə deməyib. Bu möcüzəli giləmeyvə tam bir vitamin bombası adlandırılır. Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, həm də çəkisindən narazı olanlar üçün də xəzinədir.

Kivinin ölkəmizdə yetişdirilmə tarixi elə də qədim deyil. Necə deyərlər, cavanlığın dərmanı olan bu meyvə elə özü də cavandır.

Kivi bağları ilə yaxından tanış olmaq üçün “Qafqazinfo” olaraq Rəftarə Şükürovanın Lənkəranın İstisu qəsəbəsində yerləşən bağına yola düşürük. Maraqlısı budur ki, ora ilk dəfə getməyimizə rəğmən sakinlər yolu elə izah edir ki, ünvanı bura illərdir gəlib-gedən biri kimi tapırıq. Düzü, buna fermerin özü də təəccüblənir:

“Mən də sizin zənginizi gözləyirəm ki, qarşınıza çıxam. Ancaq Toplan bərk hürəndə bildik ki, qonaqlarımız var”.

Rəftarə xanım 6 ildir ki, kivi təsərrüfatı ilə məşğuldur. Onun 13 hektarlıq torpağının 6 hektarında feyxoa, 3,5 hektarında isə kivi bağları salınıb:

“Kivi ağacının yaşı artdıqca məhsuldarlığı da artır. Məsələn, 10 yaşında kivi bağının hər hektarından hardasa 40-50 tona qədər məhsul götürmək olur. Bizim ağaclarımız hələ ki, cavandır. 

Dilimiz öyrəşib, bayaqdan kivi ağacı deyirik amma o, lianadır, sarmaşıb dolaşaraq böyüyür”. 

Rəftarə xanım bu il kivi bağından bir qədər inciyib. Bunun səbəbi də əziyyətinin bəhrəsini istədiyi kimi görə bilməməsidir:

“Builki il sitrus ili olmadı. Yay çox isti keçdi. Baxmayaraq ki, biz sprinq sistemində suvarma xətləri çəkmişik, damcı suvarmamız da var. Ancaq yenə də su çatdıra bilmədik. Odur ki, builki məhsul qaneedici deyil. Kivinin yarpaqları çox böyük olduğundan subuxarlandırması da çox olur. Yayda kivinin dibi mütləq nəm qalmalıdır. Bir gün susuz qalsa, bütün yarpaqlar büzülür, küsür. Qışda isə tam əksinə”.

Məlumat alırıq ki, kivi ağacı normalda 80-100 kiloqram məhsul verir. Nə qədər məhsuldar ağacdırsa, bir o qədər də nazlıdır. Elə bu bağı salmaq da əsaslı vəsait tələb edir. Çünki lianalar üçün tel-dirək sistemi hazırlanmalıdır:

“Bağımız cavan olduğuna görə, hələ tam istədiyimizi ala bilməmişik. Yaxşı, bol məhsullu kivi bağı olan bir iranlı dostumdan onu yetişdirməyin incəliklərini soruşmuşdum. Mənə cavabı bu olmuşdu ki, kivi özü hər şeyi öyrədir. Həqiqətən belədir. Mən də yavaş-yavaş öyrənirəm. İtaliyada, Türkiyədə, Gürcüstünda kivi bağlarında olmuşam. Elə öz ölkəmizdə də harada kivi bağı görsəm, tez maraqlanıram ki, görüm nə öyrənə bilirəm. 

Təəssüf ki, bu dəqiqə bu kivi sahəsini yaxşı bilən ixtisaslı aqronom tapa bilmirik. Problemimiz olduqda məsləhət ala biləcəyimiz bir insan yoxdur. Rayonda çəltik əkimi çox olduğu üçün yayda su ilə bağlı sıxıntılarımız olur”. 

Bağda gəzən zaman gözümüzə meyvəsiz ağaclar da sataşır. Sən demə, onlar erkək kivilər imiş:

“Kivilər əkilən zaman erkək və dişi olmaqla sıralanır. Erkək ağacları meyvə gətirmir, sadəcə tozlanmada iştirak edir. İnkişafı dişi ağacdan daha sürətlidir. Böyük bağlarda 8 dişi ağaca bir erkək əkilməlidir. Çoxaldılması vegetativ və toxumla olur. Toxumla yetişən fidan calaq olunur. Ancaq hazır çilingdən çoxalmış (vegetativ) ağac kifayət qədər məhsuldar olur. 

Kivinin iki budama dövrü var: yaz və qış budaması. Qış budaması zamanı calaq üçün materiallar hazırlanır. Martda isə calaq işləri aparılır. Ağaclar budama zamanı 20 göz hesabı ilə alt tumurcuğun yanından kəsilir”. 

Təsərrüfatçının hədəfi gələcəkdə xaricə birbaşa mal göndərmək, şəxsi istehsal yerini açmaqdır. Bunun üçün isə xeyli tutarlı səbəbi var:

“Standartlara uyğun kivinin bazara çıxma qiyməti 1 manatdan artıq deyil, hətta ötən il xırda kivini 40 qəpiyə də satmışıq. Ancaq bazarda, marketlərdə o qiymətlərə yaxın durmaq olmur. Nədənsə bizdə hər zaman xarici məhsullara daha çox üstünlük verilir. 

Bu mövsüm feyxoanın bazar satışı 55 qəpikdən baha olmayıb. Ancaq marketlərdəki qiyməti görürsüz. Dünən qızım zəng vurub ki, Bakıda feyxoa 3 manat 50 qəpiyə satılır. Bu meyvələrin satışından qazanan insanlar var, ancaq onlar biz deyilik. Əziyyətini biz çəkirik, ancaq alveri ilə məşğul olan insanlar qazanır. Nə deyək, buna da şükür. Allah onlara da insaf versin ki, əkinçini də nəzərə alsınlar. 

Mən bu gün xırda feyxoanı 13 qəpiyə satışa verirəm. İstehsal yerim olsa, ondan kompot, şoraba, mürəbbə və ya cem hazırlayaram. Elə həmçinin kividən də. Kivinin də çox gözəl kompotu, şorabası olur. Bazara yeni adda məhsullar da təqdim edə bilərəm. 

Bununla bağlı ABAD-a da müraciət etmişəm. Bu il gec müraciət etdiyimə görə, builki dərimə çatmadım. Ancaq söz verilib ki, gələn il öz istehsal seximiz olacaq. Feyxoa məhsullarını bazara “feyxoşa” adı ilə təqdim edəcəyik, kiviyə də belə bir maraqlı ad fikirləşirik”. 

İstər kivi yığımında, istərsə də feyxoa bağlarında gülərüzlü, deyib-gülə iş görən kəndlilər zarafatlarını bizdən də əsirgəmirlər. Rəftarə xanımın sözlərinə görə, təsərrüfatında 7-8 daimi işçi var. Ancaq yığım və çeşidləmədən asılı olaraq payız aylarında xeyli qəsəbə sakini buradan çörək pulu qazanır:

“Bu gün 15 nəfər feyxoa çeşidləyir. Dünən isə 40 nəfər feyxoa yığırdı. Hətta ərim qapıda onlarla qarşılaşanda pərt oldu, soruşdu ki, bu ordu bizim bağdan çıxır?”

Əfsuslar olsun ki, təsərrüfatlarda qadın sahibkarların adını o qədər də tez-tez eşidə bilmirik. Odur ki, son olaraq Rəftarə xanımdan bu sahənin nə kimi çətinliklərinin olduğunu xəbər alaq:

“Bu, mənim qızımın bağıdır. Ailə biznesidir. Onlar bağı saldı, bitkiyə, ağaca olan sevgimə görə mən də davam etdirmək istədim. Təbiətə bu qədər vurğun olmasam, yəqin ki, bu əziyyətli işə duruş gətirə bilməzdim. Elə olur ki, bağın içərisində 10-13 km yol qət etmiş oluram. Hər gün bağı bu baş, o başa bir xeyli gəzirəm. Özüm şəhərdə yaşayıram, səhər günəş doğmamış mən də oyanıram ki, bağıma gedim. Beynimdə planları cızıram. Bu bağ bir növ mənim həyatımdır, onunla nəfəs alıram. Əminəm ki, əziyyətimin bəhrəsi yaxşı olacaq”.

Günel Hacı

Foto-Video: Nuran Məmmədov












Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi