Kəmaləddin Heydərovu rüşvətdə ittiham edən qız danışdı

kemaleddin-heyderovu-rusvetde-ittiham-eden-qiz-danisdi
Oxunma sayı: 693

Azərbaycan hakimiyyətinin adı qarışan beynəlxalq rüşvət qalmaqalına səbəb olmuş materialın müəllifi danışıb. BBC-nin “Newsnight” proqramının jurnalisti Anna Adams Azərbaycanın 2012-ci il London Yay Olimpiya Oyunlarında iki qızıl medal əvəzində boks təşkilatına milyonlarla dollar pul ödəməsinə dair məlumatları necə əldə etdiklərini açıqlayıb.

BBC əməkdaşı Könül Xəlilova ilə söhbətində A. Adams deyib ki, onlara Azərbaycan hakimiyyətinin dünya Boks Seriyasına (WSB) London olimpiadasında iki qızıl medal əvəzinə rüşvət verdiyinə dair məlumat hələ bir il əvvəl daxil olmuşdu: “Bir il əvvəl boks yarışlarının təşkilinə bələd olan mənbə “Newsnight” proqramı ilə əlaqə saxlayaraq bildirdi ki, Azərbaycan hakimiyyəti WSB-nin icraçı direktoru İvan Xodabəxşə milyonlarla dollar verib. Xodabəxş isə bu pulların əvəzində London olimpiadasında Azərbaycan yığmasına iki qızıl medal təmin etmək üçün öhdəlik götürüb. Biz bu iddianı araşdırmağa başladıq. Daha sonra heç bir bağlılığı olmayan ikinci mənbədən də bu cür məlumat əldə etdik. Bu mənbə qızıl medallara görə milyonlarla dollar verildiyini təsdiqlədi”.

A. Adams deyib ki, onlar iddialarla bağlı çox uzun təhqiqat aparıb. Jurnalist iddiaları araşdırmaq üçün ABŞ və Rumıniyaya ezam edilib. Adams bildirib ki, Azərbaycan hakimiyyətinin dediyinin əksinə olaraq ,məlumatı onlara ötürən mənbə boks təşkilatının rəhbərliyindən narazı olan qərəzli adamlar deyil. Belə ki, bu mənbənin Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) ilə heç bir qərəzi yoxdur. Jurnalistin dediyinə görə, o mənbənin marağı idman yarışlarında bu cür halları aradan qaldırmaq olub: “Mənbə WSB ilə İsveçrədəki investisiya şirkəti arasında müqavilənin ləğv olunmasını istəyirdi. Onun marağı ümumi mənafeləri qorumaq olub, bizim mənbələrimiz rəhbərlikdən narazı olan işçilər deyil”.

A.Adams BBC-nin artıq iddialarla bağlı dəlilləri AİBA-ya təqdim etdiklərini xatırlayıb. Deyib ki, “Newsnight” proqramı iddiaların araşdırılmasında AİBA ilə əməkdaşlıq etməkdən məmnundur və əlindəki dəlilləri onlara təqdim edib: “Lakin biz məlum səbəblərdən o məlumatları bizə çatdıran mənbələrin kimliyini açıqlaya bilmərik”.

A.Adams bildirib ki, onların təhqiqatı davam edir. Belə ki, proqram efirə gedəndən sonra bir neçə şəxs “Newsnight” proqramı ilə əlaqə saxlayıb və onlarda da belə tipli məlumatların olduğunu bildirib. Adams Azərbaycan hakimiyyətinin BBC-ni qərəz və böhtanda günahlandırması ilə bağlı deyib ki, Bakıda onların təhqiqatının tənqidlə qarşılanacağını gözləyirdilər. Lakin Azərbaycan rəsmilərinin dediyi kimi BBC-nin heç bir qərəzi olmayıb və dəlillərə, uzunmüddətli təhqiqatın nəticələrinə istinad edilib: “Biz proqram efirə getməzdən həftələrlə əvvəl Azərbaycan hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, lakin dəfələrlə cəhd etsək də bizə cavab verən olmadı. İndi də yoxdur”.

Xəbər verildiyi kimi, BBC ötən həftə AİBA rəsmisi, iddiaları araşdıran komitənin rəhbəri Tom Virgetslə əlaqə saxlayıb və ona aşağıdakı sənədləri təqdim edib:

1. Verilişin yazılı mətni.
2. İvan Xodabəxşlə müsahibənin tam mətni.
3. Birbaşa mənbələr və digər müsahiblərlə danışıqlardan efirə çıxarılmayan müsahibələr.
4. AİBA, WSB və Azərbaycana qarşı iddiaların vaxtına dair məlumat.
5. İvan Xodabəxş, Ho Kim və Azərbaycan rəsmiləri arasında email yazışmaları və müqavilə layihəsi.

BBC həmçinin eyni materialları Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyasına da göndərib. Qızıl medal əvəzində Azərbaycandan 9 milyon ödənməsinə dair iddiaları səsləndirən birbaşa mənbələr AİBA-nın məsələ ilə bağlı təyin etdiyi istintaq panelinin rəhbəri Tom Virgetslə əməkdaşlığa hazır olmadıqlarını deyiblər. Onlar buna onun investisiya müqaviləsini imzalayan Çinq-Kuo Vu tərəfindən seçildiyini əsas gətiriblər. Birbaşa mənbələr deyib ki, belə bir müqavilə imzalayan cənab Vunun istintaqı kimin aparacağını müəyyənləşdirməsi düzgün olmazdı. Ancaq onlar BOK-un Etika Komissiyası ilə şərtlərdən asılı olaraq əməkdaşlıq edəcəklərini deyib.

“Yeni Müsavat”