Livan qətnaməsinin müəllifi AMİP-dir

livan-qetnamesinin-muellifi-amip-dir-
Oxunma sayı: 660

AMİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hələ bir müddət əvvəl Qətnamə layihəsi AMİP tərəfindən hazırlanaraq BGDİ-də qəbul olunması məqsədi ilə Təşkilatın İdarə Heyəti üzvlərinin müzakirəsinə təqdim edilib. AMİP Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev həmçinin BGDİ-nin İdarə Heyətinin Fəxri üzvü olaraq Beynəlxalq Gənc Demokratlar İttifaqının İdarə Heyətinin Beyrutda keçirilən toplantısına qatılıb və sənədin qəbulunda bilavasitə iştirak edib.

Təşkilat qeyd edir ki, bu ildən etibarən Ermənistanın hakim partiyasının gənclər təşkilatı da BGDİ-nin üzvüdür. Bu faktı və Livan ermənilərinin Ermənistanın siyasi və ictimai həyatında böyük təsirə malik olduğunu nəzərə alsaq, Dağlıq Qarabağla bağlı Qətnamənin Livanda qəbul edilməsi siyasi baxımdan Azərbaycan üçün çox əhəmiyyətlidir.

Qətnamədə erməni vəhşilikləri, həmçinin Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması faktı öz əksini tapıb. Sənəddə Münaqişə nəticəsində təxminən 25000 adamın həlak olduğu, bir milyona yaxın Azərbaycanlının ev-eşiyini itirərək qaçqın həyatı yaşadığı xüsusi vurğulanıb, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd Qətnaməsi, həmçinin Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 25 yanvar tarixli 1416 saylı və Avropa Parlamentinin 2010-cu il 20 may tarixli Qətnamələri qeyd olunmaqla bu altı qətnamədə bəyan edilən şərtlərə məhəl qoyulmadığı və Ermənistan tərəfindən işğal olunmuş ərazilərin hələ də işğal altında olması faktı vurğulanıb, Beynəlxalq hüquqa görə Dağlıq Qarabağın və yeddi ətraf rayonun Azərbaycan Respublikasının bir hissəsi olması xüsusi qeyd olunmaqla bildirilib ki, beynəlxalq birlik ayrılma cəhdini pisləyir və onu qanunsuz hesab edir.

Məlumat üçün bildiririk ki, dünyanın 80-dən artıq ölkəsindən 127 siyasi təşkilat Beynəlxalq Gənc Demokratlar İttifaqında (ing. İDYU) təmsil olunur. O cümlədən Azərbaycan Respublikasından yalnız AMİP Gənclər Təşkilatı 1997-ci ildən BGDİ-nin tam hüquqlu üzvüdür.