“Mənə qarşı ittihamlar davam etsə…”

mene-qarsi-ittihamlar-davam-etse
Oxunma sayı: 649

Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı dilə gətirib. Millət vəkili Azərbaycan dilinə, bu haqda mövcud qanuna Bakı şəhərinin mərkəzi küçələrində, xüsusilə, alış-verişin gur olduğu ictimai yerlərdə, dükan və mağazalarda əməl olunmaması ilə bağlı parlamentdə və mətbuatda səsləndirdiyi fikirlərin üzərində bir daha qaldığını bildirib.

“Mən demirəm ki, kimsə hansısa dildə danışmasın. Kimsə kiminləsə hər hansı dildə danışa, ünsiyyətdə ola bilər. Buna kim qadağa qoyur ki? Bunu Azərbaycan Konstitusiyası da qadağan etmir. Lakin mənim dediklərimi bir kənara qoyaraq, indi kimlərsə mənə qarşı əsassız, cəfəng ittihamlar səsləndirirlərsə, əks kampaniya aparırlarsa, hesab edirəm ki, bu cür məsələlərə son qoymaq lazımdır. Mənim dediklərim təftiş olunmalı deyil, buna heç kimin haqqı çatmır” – deyə, millət vəkili qeyd edib.

F.Ağamalının qeyd etdiyinə görə, əgər K.Abdulla da onun dediklərini bir kənara qoyub, əsası olmayan fikirlərlə üzərinə gəlməkdə davam edərsə, o da öz növbəsində əlavə arqumentlərlə çıxış etmək məcburiyyətində qalacaq.

Millət vəkili bir daha bildirib ki, ictimai yerlərdə, dövlət müəssisələrində Azərbaycan dili bütün Azərbaycan vətəndaşları üçün məcburi xarakter daşıyır və daşımalıdır.

“Mən şəxsən Kamal Abdullaya bir ziyalı kimi hörmət edirəm və qarşılıqlı münasibətlərimiz də var. Onun rəhbərlik etdiyi Bakı Slavyan Universitetində də slavyan dilləri üzrə mütəxəssislərin hazırlanmasını müsbət, lazımlı bir iş kimi qiymətləndirirəm. Bu gün Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin, Qərb və Xəzər universitetlərinin ingilis, fransız və digər Avropa dillərində, eyni zamanda dünyanın tanınmış ali məktəblərindən olan Moskva Dövlət Universitetinin Bakı filialının Azərbaycanda rus dilinin tədrisini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu universitetlər Azərbaycan gənclərinin müasir səviyyədə bilik qazanmasında, intellektual səviyyəsinin yüksəlməsində ciddi töhfələr verməkdədir. Bunlar lazımdır və onları fəaliyyətlərinə görə alqışlayıram.

Amma onun mənə qarşı ittihamlarını heç cür qəbul etmirəm, onları tamamilə əsasız və yersiz hesab edirəm. Kamalla Abdulla yaxşı olar ki, gedib Azərbaycan Respublikasının Konstitusiyasını öyrənsin. Konstitusiyanın 21-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Ancaq Kamal Abdulla “1.news.az”a müsahibəsində Azərbaycan dilinin rəmzi məna daşıyan və məsuliyyət hissi verən anlayış kimi qiymətləndirir. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur. Mənim həyəcan təbili çaldığım məsələ Azərbaycan dilinin dövlət dili olaraq Azərbaycanda, onun baş şəhəri olan Bakı şəhərində qorunması ilə bağlıdır. Mən dilimizin qoruması arzusundayam. Bir vətəndaş olaraq düşünürəm ki, mən bu məsələdə Azərbaycan qanunvericiliyi çərçivəsindən çıxış etmişəm. Ona görə mənə qarşı bu cür iddiaların heç bir əsası yoxdur, onlar mənim fikirlərimi təftiş etməsinlər” – deyə, millət vəkili sonda sözlərinə əlavə edib.