Mentalitetin tarixi faydası

<b>Mentalitetin tarixi faydası</b>
Oxunma sayı: 185

Yəhudi xalqının bizə məlum olan ilk tarixi faciəsi, onların bütöv bir xalq olaraq öz vətənlərindən sürgün olunması, Romalıların Yerusəlimi - Qüdsü tutmasından sonra başlayır. Bu işğaldan sonra son nəfərinəcən yurdundan qovulan yəhudilər bütün dünyaya səpələndilər. Sonradan möhkəmlənmiş xristian və islam dinlərinə tapınanlar onları hər yerdə təqib edir, xristianlar onları xaç suyuna salmaq, müsəlmanlar isə din düşmənləri kimi qırıb axırlarına çıxmaq istəyirdilər, baxmayaraq ki hər iki din öz ilahi məzmununu elə yəhudilərin ruhani rəvayətlərindən götürmüşdülər. Hər yerdə yəhudilərin məbədlərini dağıdır, özlərini qul kimi satırdılar. Nəhayət, uzun əzablardan sonra bu didərgin xalqın bir hissəsi XIV əsrin sonlarında qərbi Avropada birtəhər sığınacaq tapa bildi. Onlar Hollandiya ərazisində, bütün təqiblər boyu qəlblərində qoruduqları, heç vaxt dönük çıxmadıqları iudaizim dininin evini - ilk sinaqoqlarını tikib içinə doluşdular. Yəhudilərin bu qədər ağır bir taleyin öhdəsindən gəlib, bir xalq olaraq öz mövcudluqlarını qorumaları iudaizmə misilsiz inamın, sadiqliyin nəticəsi idi. Onlar pərən-pərən düşmələrinə, hər tərəfdən düşmənlə əhatə olunmalarına baxmayaraq, həmişə dini icma daxilində, sinaqoqda birləşməyi bacarırdılar. Hətta belə bir söz də var ki, iudaizm, yəhudilərin həmişə özləriylə gəzdirdikləri xəyali vətənləri idi. Buna baxmayaraq dini icmaların daxilində sinaqoqu, əhdi-əqiqi tənqid edən yəhudilər də tapılırdı. Xalq belələrini ən yaxşı halda Tanrı adından lənətləyərək öz icmalarından qovurdu. Sinaqoq onlar üçün toxunulmaz idi, iudaizm qürbətdə yəhudilər üçün təkcə din deyildi, Qüdsün, vətəndə itirilmiş hər şeyin əvəzi idi.
Bir cümləylə nişan verək ki, buna bənzər yerdəyişmələrə, köçürülmələrə məruz qalan erməni icmaları da bu günkü mövcudluqlarını həmişə bellərinə şələlədikləri Qriqoryan kilsəsinin hesabına qoruyub saxlaya biliblər.

Azərbaycan xalqı isə uzun əsarət, işğal tarixi yaşasa da, nə yəhudilər kimi kütləvi sürgünlərə, nə də ermənilər kimi «qırdıqaçdılara» məruz qalmayıb. Tarix və tale onu öz vətənində, öz evində təqiblərə, qırğınlara düçar edib. Onu başqa cürə yox etmək istəyiblər, Sasanilər bütöv fars kəndlərini, ərəb xilafəti saysız-hesabsız bədəvi dəstələrini, çar və sovet Rusiyası vaqon-vaqon rus ailələrini bu xalqın torpaqlarına köçürməklə onu farslaşdırmağa, ərəbləşdirməyə, ruslaşdırmağa can atıblar. Ancaq əksinə olub, dəyişdirməyə gələnin özü dəyişikliyə uğrayıb. Farslaşdırmaq, ərəbləşdirmək, ruslaşdırmaq istəyənin özü azərbaycanlılaşıb. Bəs görəsən Azərbaycan xalqı haça qılınclı ərəbin, top-tüfəngli rusun qarşısında nəyin hesabına duruş gətirib, özünü fiziki və mənəvi məhvolmadan qoruyub və ən başlıcası isə əlinə düşən ilk fürsətdəcə öz xanlığını, bəyliyin, dövlətini qurub? Rəvayətlərindən xristianlıq, islam boyda nəhəng dinlər çıxan iudaizm kimi qədim dini, heç vaxt öz müstəqilliyini başqa dini sektalara güzəştə getməyən Qriqoryan kimi milli kilsəsi olmayan, ancaq yəhudilərdən və ermənilərdən daha amansız faciələrə, qırğınlara məruz qalan azərbaycanlıları nə qoruyub, onlar bir xalq kimi hansı dəyərin gücüylə öz varlıqlarını qoruyub bu günə gətiriblər?
Bu dəyər, bu mənəvi güc Azərbaycan xalqının heç bir dinə, heç bir mədəniyyətə güzəştə getmədiyi milli mentalitetidir, bu gün yeri gəldi, gəlmədi tənqid etdiyimiz qədim adət-ənənələridir. Bu xalq heç vaxt öz milli məişətinə arxa çevirməyib. Hətta, bu gün dünya ölkələrində yaşayan azərbaycanlılar da yad mədəniyyətlərin, məişətlərin içində öz məişətlərinin toxunulmazlığına sadiqdirlər. Bu qədər əsarətin, işğalın qarşısında Azərbaycan xalqı öz məişəti, mentalitetiylə dayanıb, o, öz mövcudluğunu bu məişətə, mentalitetə borcludur. Bu xalq hər hansı bir işğalçının gətirdiyi mədəniyyətə, özünün ilk baxışda adi görünən, məsələn, qədim toy adət-ənənələriylə qalib gəlib. Necə yanaşmamızdan asılı olmayaraq, razılaşmalıyıq ki, indi adına «Şadlıq sarayı» dediyimiz «adət-ənənə qalası» bizi bir xalq olaraq tarixin sınaqlarından sağ-salamat çıxarmış milli məişətimizin məbədidir. Yəhudilər sinaqoqda, ermənilər kilsədə icma şəklində birləşdiyi kimi, biz də həmişə mağarda, içində özümüzdən, öz adət-ənənələrimizdən özgə heç nə olmayan toy adlı bir icmada yığışmışıq. Sinaqoq yəhudi, kilsə erməni üçün tarixdə hansı rolu oynayıbsa, mağar da bizim üçün həmin rolu oynayıb, biz də öz məişətimizin sinaqoquna, kilsəsinə sığınmışıq.

Azərbaycan xalqının məişətə bağlılığını başqa xalqların məişətsevərliyiylə eyniləşdirmək olmaz. Məsələn, Vilhelm Fatehin 1066-cı ildə La-Manşı keçən qoşunlarından sonra min illərlə torpaqlarına düşmən ayağı dəyməyən ingilis xalq da öz məişətinə, evinə heç də bizim xalqdan az sədaqətli deyil, hətta ingilislərdə «mənim evim, mənim qalam» kimi məşhur bir deyim də var. Görünür, ingilislərin bu məişət sevdasının tarixi onların uzun müddət, ta dənizlərə çıxanacan ada xalqı olmalarıyla bağlıdır. İngilislər uzun tarix boyunca xalqların «Robinzonu» olublar. Yadelli üzünə həsrət qalan, elə bəlkə bu qürbət ehtirasının gücüylə sonradan böyük müstəmləkə, qürbət xalqına çevrilən ingilislərdən fərqli olaraq Azərbaycan xalqının həyatında məişət bir növ mənəvi sığınacaq, milli din səviyyəsinə yüksəlib. Azərbaycanlılar öz məişətlərindən, bu günümüzün diliylə desək, daha çox geosiyasi proseslərin xalqın varlığına vurduğu zərbələrə qarşı tutduqları bir qalxan kimi yararlanıblar. Azərbaycanlının dövlətini, torpağını işğal etməyi bacaran heç bir düşmənə onun məişətini işğal etmək qismət olmayıb.
Azərbaycan xalqı tarixin bir dönəmində öz mərhumlarının qəbri üstündə «Yasin» oxumağa razılaşsa da, öz şamını yandırmağı da unutmayıb. Namaz qılıb, oruc tutsa da, özünün Novruz tonqalını da sönməyə qoymayıb.

Yəhudilər min illərlə sinaqoqa sığınıb, vətənlərinə dönəcəkləri günü gözlədikləri kimi, Axərbaycan xalqı da öz məişətinə, adət-ənənələrinə sığınıb, uzun əsarətlər boyunca azad olacaqları günü gözləyiblər. Bəzən biz – mentalitet tənqidçiləri – xalqı öz məişətini dünya mədəniyyətindən, bu mədəniyyəti təbliğ edən aydınlardan uca tutmasını tənqid edəndə ifrata varırıq. Unuduruq ki, xalq öz mövcudluğuna, bu gün öz dilində yazıb, oxuduğuna, hətta onu tənqid edən aydınlarının varlığına görə ancaq öz məişətinə borcludur. Yəhudilər bir vaxtlar öz adi yəhudiliklərini qorumaq naminə iudaizmi tənqid edən Spinozaları lənətləyib icmadan qovduğu kimi, azərbaycanlılar da bir xalq olaraq yaşamaq uğrunda mübarizədə məhv olmamaq, yoxa çıxmamaq üçün tapındığı adət-ənənələri söyən, tənqid edən yüzlərlə aydını özündən uzaqda saxlamaqda haqlı olub. Bir millət kimi yox olmaq təhlükəsiylə üzləşən yəhudilərə həmin qorxulu zamanlarda Spinoza yox, əhdi-əqiq lazım idi. Azərbaycan xalqı da öz məişətinin, mentalitetinin şərəfini ona görə həmişə hər şeydən uca tutub ki, bu dəyərlər ona heç bir yazarın, aydının verə bilməyəcəyi bir şey verib – Azadlıq. Onun ən böyük filosof şairi Nizami Gəncəvi farsca yazıb yaradanda, o, evində öz dilində danışıb. Yəhudilər arxayın idilər ki, «özgə qapılarında» Spinoza kimi filosof yetişdirə biliblərsə, öz vətənlərinə dönəndən sonra bundan on qat nəhəngini yetişdirəcəklər. Bəzən azərbaycanlıları yaxın qohumlarla nikaha girmədə qınayırlar, görünür, tarixin hansısa dönəmində xalq öz milli kimliyini farslaşmadan, ərəbləşmədən, ruslaşmadan qorumaq qorumaq üçün ona belə lazım olub, xalqın hansısa farsdilli, rusdilli filosofa, şairə yox, məhz öz dilində danışan yengəyə ehtiyacı olub.
İntellektual cırtqozluğumuzu bir kənara qoyub düşünsək, görərik ki, bu gün adət-ənənələrini bəyənmədiyimiz Azərbaycan xalqı, bəlkə də dünyada bu uzunluqda əsarət tarixi olmasına baxmayaraq, öz milli fundamentallığını qoruyub saxlamış yeganə xalqdır.
Bu gün Avropanın ən mədəni xalqları, məsələn, ingilislər öz krallarını və azadlıqlarını eyni ehtirasla qoruyub saxladıqları kimi, azərbaycan xalqı da öz mentalitetinə və azadlığına sadiqdir, lap simvolik olsa belə. Bu gün xalq hər yerdə onu min illər boyu ölümdən qurtarmış mentalitetinə öz can borcunu qaytarır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi