“Nə qədər qapaz yemək olar?” - Müsahibə

ne-qeder-qapaz-yemek-olar-musahibe
Oxunma sayı: 663

“Qafqazinfo” Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfovun Sportal.az saytına müsahibəsini təqdim edir

- "Böyük oyun"u izləyəcəksinizmi?
- Əlbəttə izləyəcəm. Amma təssüf ki, televiziyada göstərmədikləri üçün birbaşa stadiondan izləyəcəm. “Xəzər Lənkaranı” stadiondan dəstəkləyəcəm.

- "Xəzər Lənkaranı"ın cari mövsümdə keçirdiyi oyunları, yəqin ki, izləmisiniz. Komandadan razı qaldınızmı? Həmin oyunlar sizi qane etdimi?
- Oyunları izlədim. Qapıçı Orxandan çox xoşum gəldi. Kamran Ağayevə də hörmətim var. Amma təzə qapıçı yaxşı oyun nümayiş etdirdi. Belə də ki, hələ çempionatın əvvəlidir deyə, oyunlar barədə dəqiq fikir söyləmək olmur. Bəlkə də gələcəkdə daha yaxşı oyun göstərəcəklər. Biz azarkeşlər, təbii ki, istəyirik oyunlar daha maraqlı, daha baxımlı olsun. Amma bu yaxınlarda Azərbaycan və Portuqaliya milliləri arasında oyun keçirildi. Həmin oyuna baxanda zövq almaq nədi, demək olar ki, futboldan iyrəndim. Nə qədər qapaz yemək olar? Sən başını sal aşağı, qoy, başına min dənə qapaz dəysin. Belə hərəkətlərə nə qədər dözmək olar? Oyun odur ki, hücum edəsən, qol şansları yaradasan. Yoxsa sən ölməmək üçün başını sal aşağı, qoy qapazlasınlar.

- Yəni deyirsiniz ki, Portuqaliya Azərbaycanı "topla döyürdü"?
- Döyürdü nədir? Bir var döyüşəsən, sən ona, o sənə vura. Bax, bu, döyüşdür. Portuqallar bizimlə məzələnirdi. Pis başa düşməyin. Mən futbolmuzun gələcəyini yaxşı görmək istəyirəm. Amma mən bir azarkeş kimi həmin oyundan iyrəndim. İyrənməyimin də səbəbi var. Nə qədər arxaya yığışmaq olar? Bir sən də hücum yarat. Bizim futbolçuların sürəti ilə portuqalların sürəti arasında yerlə göy qədər fərq var. Pis başa düşməyin. Mənim futbolçularımıza hörmətim var. Yaxşı uşaqlardır. Onlara böyük hörmətim var. Amma nə edə bilərik ki, onları belə yetişdiriliblər. Belə tərbiyə ediblər. Məsələn, “Jiquli” ilə "Mersedes"i ötmək olar? Onda 280 sürətdirsə, səndə 120-dir. Oyun sürətini qaldırmaq lazımdır. Yoxsa belə oyundan mən nə zövq ala bilərəm.

- “Neftçi”nin avrokuboklarda qələbə qazanması sizi sevindirdi?
- Yerlə göy qədər sevindirdi. Mən azərbaycanlıyam. Ölkə futbolunun inkişafına, təbii ki, sevinməliyəm. Əgər hər hansı bir Azərbaycan komandası ölkədən kənarda bizi təmsil edirsə, təbi ki, buna ürəkdən sevinməliyəm.

- Siz “Xəzər Lənkaran” azarkeşisiz. “Neftçi”nin Avroliqadakı oyunlarına baxacaqsız?
- Təbii ki, mən azərbaycanlıyam. Kimliyindən asılı olmayaraq, bizi Avropada təmsil edənlər mənim canımdır.

- Yəni daxildə “Xəzər Lənkaran”a azarkeşlik edirsiniz. Amma Avropada fərqi yoxdur. Elə?
- Təbii ki, mənim ölkəmi Avropada təmsil edən istənilən komanda mənə əzizdir. Mən o komandanı sonuna qədər dəstəkləyərəm. Daxili çempionatla Avropa arenası fərqlidir.

- Çünki bəzi “Xəzər Lənkaran” azarkeşləri flaqmanın Avropadakı uğuruna bir qədər qısqançılıqla yanaşırlar. Siz nə fikirləşirsiniz?
- Yox, mən bunu qəbul eləmirəm. Çünki “Neftçi” orada tək özünü yox, bütün Azərbaycanı təmsil edir. Həm də ki, ölkəmizin ilk komandalarındandır. O da bizim üçün əzizdir.

- Bəs Avro quboklarda “Xəzər Lənkaran”la “Neftçi” üz-üzə gəlsə hansına azarkeşlik edərsiniz?
- Təbii ki, “Xəzər Lənkaran”a tərəfkeşlik edərdim. Mənim yerimdə siz də olsanız, eyni hərəkəti edərsiniz. Çünki Lənkaran mənim üçün doğmadır.

- Bəs “Neftçi”nin son vaxtlardakı nailiyyəti, güclənməsi sabahkı oyunda sizi qorxudurmu?
- Yox, niyə qorxmalıyıq ki? Bizimkilər də pis oynamır. Həm də ki, bu bir oyundur əvvəlcədən nəticəni bilmək olmur. Təbii ki, biz onlardan maraqlı, baxımlı oyun gözləyirik.