Onların roman məktubları - 1

onlarin-roman-mektublari-1
Oxunma sayı: 1472

Türkiyədən, Mətləb Muxtarov yazır: Franko Ferucci – “Tanrının dilindən kainatın hekayəsi”. Oxuduğum kitablar arasında xüsusi yeri var bu kitabın. Tanrı hər şeyi xatırlayır və bütün kainatın inkşaf yolunu danışmağa başlayır. İlk insanın yaranması, Musa peyğəmbər, İsa peyğəmbər, Budda, Heraklit, Platon, Freyd, Eynşteyn, Şekspir... və s. Bir çox tarixi şəxsiyyətlərin fərqli həyat hekayələrini məhz bu kitabdan oxuya bilərsiniz. Maraqlı və gülməlidir. Kitabın ön sözünü yazan isə Umberto Ekodur.

Con Steynbek – “Siçanlar və insanlar haqqında”. İnsan müəyyən bir vaxtdan sonra hansı kitabı oxuyursa oxusun, o kitab ona heç bir təsir göstərmir. Sanki bundan öncə oxuduğun kitablar səni bəs qədər kədərləndirib və ağladıb... “Bu qədər yetər” deyirsən və kitabı soyuqqanlı oxuyursan. Mən şəxsən qeydlər edirəm. Hər hansı bir kitab əlimə düşəndə o kitabı qaralayıram. Özümü uşaq hesab elədiyim vaxtlarda oxuduğum bəzi əsərlər mənə çox böyük təsir göstərib. Bəziləri ağladıb, bəziləri isə şoka salıb. Məsələn: Remarkın "Zəfər Tağı" əsəri. Bu əsər məni çox kədərləndirmişdi. 19 yaşımda bu əsəri oxuyarkən necə kədərlənmişdimsə, 22 yaşımda oxuduğum "Siçanlar və İnsanlar haqqında" əsəri məni bir o qədər kədərləndirmişdi. Bu əsər insanı soyuqqanlı olmağa vadar edə bilmir. Steynbek öz dövrünün Amerika cəmiyyətini ustalıqla təsvir edib.

İvan Bunin – "San-Fransiskolu cənab" əsəri və hekayələri. Bunin tək-tük rus yazıçısından biridir ki, Azərbaycanda az təbliğ olunub. İlk Nobel mükafatını qazanan rus yazarıdır. "San-Fransiskolu cənab" əsərini oxuyarkən çox bəyənmişdim. Əsərin gözəl məzmunu və axıcı dili var. Amma Buninin ən gözəl yaratdığı ədəbi nümunələr onun hekayələridir. Buninin hekayələrində nəsə fövqəladə bir kədər var. Bəzi hekayələrini beş dəfə oxumuşam. Çox kədərli və çox gözəldir... Azərbaycancaya tərcüməsi də çox gözəldir. Oxumağa dəyər... Buninin "Mityanın Məhəbbəti" əsərini də oxuyun.

Stefan Sveyq – “Bəşəriyyətin ulduzlu saatları”. Bu əsər sevdiyim əsərlərdən biridir. Mükəmmələ yaxın bir əsərdir. Ayrı-ayrı tarixi miniatürlərdən ibarət olan bu əsərin ən oxunaqlı hissəsi şübhəsizki, İstanbulun Fəthinə aid olan hissəsidir. Sveyqin dahiliyi, hadisələrin incəliyinə kimi getməsi çox qeyri-adidir... Bundan savayı, əsərdə dünya tarixində baş verən digər yadda qalan hadisələr ədəbi dildə çox gözəl canlandırılıb. Kaliforniyanın kəşfi, Leninin Rusiyaya gəlişi, Napoleonun məğlubiyyəti və s kimi tarixi hadisələr çox gözəl əksini tapıb... Sveyqə olan sevgim bu əsərdən sonra birə beş artdı. Kişi dahidir!!!


Kurt Vonnehut – 'Pişik Beşiyi". Bu əsər çox qeyri-adi bir əsərdir. Mən bu əsəri oxuyarkən həm güldüm, həm də kədərləndim. Əsər atom bombasının yaranmasına dair yazılmış bir əsərdir. Çox qəribə və fərqli bir zaddır. Sonundakı monoloqu isə çox sevirəm.

Yasunari Kavabata – "Kioto". Yasunari Kavabatanın bu əsəri çox gözəl təbiət təsvirləri ilə boldur. Yapon adət-ənənələri ilə maraqlananlar bu kitabı oxuya bilərlər. Oxuyarkən Kiotoya səyahət edəcəksiniz. Əsərin sonunda olan fərqli final isə çox gözəl təsvir olunur... Oxumağa dəyər.

Knut Hamsun – "Aclıq". Bu əsəri oxuyarkən acıyırsan. Hər cümləsində yoxsuluq və aclıq var. Bir insanın başına gələn əhvalatlar. Yaşadığı həyat. Yoxsulluq və aclığa baxmayaraq, öz vicdanının qoruyub saxlaması...

Gəncədən, Şahin Quluzadə yazır: M.F. Dostoyevski – “İdiot”. Mənim həyatıma ən çox təsir edən romanlardan biri olub. Dostoyevskinin dahiliyini bilirsiniz nədə gördüm? Ateizmə kifayət qədər haqq qazandırdı - “Mən doğrudanmı dərk edə bilməyəcəyim şeyə (allah) görə əzab çəkəcəyəm?”. Çox rasional və kifayət qədər əsaslı. Bu fikir məni ateizmə inandırdı, amma sonra həyatın çox adamın fikir vermədiyi bir üzünü açıq göstərdi. Bəli, Dostoyevski bu ateisti əsərin sonunda ümidsizliyə düçar etdi və öldürdü. Vərəm xəstəsi olan ateist sağalırdı, amma o ümidsizliyi seçdi və öldü. Mənim bu kitabı oxuyub qurtardığım vaxtdan 3 il keçməsinə baxmayaraq, hələ də bu sualın cavabını axtarıram. Görəsən səmimi ateist varmı? Bəziləri deyir ki, var. Bəs onda onlar niyə özlərini xoşbəxt hiss etmirlər və nəyə görə həmişə inanmadıqları allahı ələ salmaqla məşğuldular? Şaxtababanı və ya uşaqgətirən hacıleyləkləri niyə ələ salmırlar? Axı indi onlar da yoxdu? Niyə məhz allahın yaxasından yapışırlar? Özü də ki, çox tez-tez, niyə allahın yoxluğunu sübut etməyə çalışırlar? Əgər inanmırsansa, daha vacib və düşünüləsi məsələlər yoxdurmu? Tutaq ki, mövhumata və dinə qarşısan. Sadəcə yaradıcıya inanan insanlarla allah haqqında diskussiya aparmağı niyə ateistlər sevir? Bütün bu suallara cavab tapa bilmədim...

Teodor Drayzer – “Kerri bacı”. Psixoanalitika sahəsində ən sevdiyim yazıçılardandı Drayzer. Hətta bir subyektiv fikrimi bildirim ki, Drayzerin bu romanında Ziqmund Freydin məhşur üçbucağı (o, eqo və supereqo) dolğun izah edilib və daha yaxşı anlaşılır. “Kerri bacı nə çox axmaq hərəkətlər etdiyi qədər axmaq deyildi, nə də söylədiyi ağıllı sözlər səviyyəsində ağlı yox idi. Əslində hər bir insan bu ikisinin arasında bir yerlərdədi - bəzən o tərəfə, bəzən bu tərəfə qaçır”. Mən hesab edirəm ki, haqqında qeybət edilən və ya şaiyələr yayılan ali insan irqi məsələsi həqiqətən varsa, onda bu irqi yaratmaq istəyənlərin əsas məqsədi “Kerri”ni ağıllı olan tərəfə dartmaqdır. Əsərdə superyaxşı və ya superpis qəhramanlar yoxdu. Hətta deyərdim ki, Kerri tam olaraq sıfır nöqtəsindədir. Günahın insanlarda yox, qaydalarda olduğunu Drayzer bu əsərdə çox gözəl izahat edib.

Bakıdan, Rəsul Şükürsoy yazır: Onore de Balzak – “Vadidəki Zambaq”. Mən bu əsərdə yazıçının söz ehtiyatına və təsvir gücünə heyran qaldım. Feliksi öz uşaqlığını Balzakın diliylə çox təsirli ifadə etməyi bacarıb. Hisslər, hadisələrə münasibət çılpaqdı. 3D effekti yaradır.

Frans Kafka – “Bir savaşın təsviri”. Kafkanın fəlsəfi kimliyi, bu əsərdə, daha bariz şəkildə ortadadı. Onun hələ də çox qabardılmayan aforizmlərini seçib çıxarmaq olar bu əsərdən. Ya da cümlələri nisbətən dəyişərək yeni aforizmlər düzəltmək mümkündü. Ancaq gərək, əsəri oxuduqca qeydlər aparasan ki, bu alınsın. Düşündürür və beyində dərin izlər buraxmadan süzülür gedir, yox olur.

Cek London – “Martin İden”. Martin İden mənim uşaqlığımın əsəri, Cek London da uşaqlığımın yazarıdı. Əsərin sonluğundakı dramatikanı əsəri ilk oxuduğumda deyil, ikinci oxunuşumda da yox, üçüncü cəhdimdə tam dərk etmişdim. Məncə bu romanı indi yenidən oxusam, yenə də hansısa maraqlı məqamlar tapa bilərəm. Baxmayaraq ki, üç dəfə oxumuşam.

P.S.: Bütün oxuculara təşəkkür edirəm. Məktubların qəbulu davam edir. Ünvan: [email protected]