Prezident əyalətdə olub

prezident-eyaletde-olub
Oxunma sayı: 672

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş–Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu “Azəryolservis” ASC inşa edib.

Qeyd edilib ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Yenidənqurma işlərində 30 min tonadək asfalt-beton qarışığından istifadə olunub. Cari ilin iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılıb.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Ucar rayonunda da dövlət başçısı əvvəlcə Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, Xalq Rəssamı Ömər Eldarovla görüşüb.