Bu əsasən 30 yaşını keçmiş qadınların xəstəliyidir. Daha çox menopauza (klimaks) dövrü və ya ondan sonrakı dövrdə, habelə çox doğuş keçirmiş qadınlarda rast gəldiyi kimi, tək-tək hallarda gənc qızlarda da rast gələ bilər. Bu sayaq sidik qaçırma gecələr sidiyi saxlaya bilməməkdən fərqli bir hal olduğu üçün, səbəbləri də, müalicəsi də fərqlidir (Axtar: Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) - Çıxış yolu).
Qadınlarda sidiyi saxlaya bilməmək həyat üçün təhlükəli bir hal deyil, lakin dərin tibbi – sosial və psixoloji bir problemdir. Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri - iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur. Xəstəlik bəzən çox ciddi psixi və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial dezadaptasiyaya (cəmiyyətdən qaçmağa, təcrid olunmağa) gətirib çıxara bilər: daim xəstədən xoşagəılməz qoxu gəlməsi və ya qoxu gəlmək qorxusu, evdən hətta qısa müddətə harasa çıxanda uşaq bezindən (pampersdən) istifadə məcburiyyəti və sair normal yaşam çətinlikləri bəzən belə arzuolunmaz ağır hallara səbəb olur.
Bütün dünyada hər 3 qadından biri (38%) sidiyi saxlamaqla bağlı problemdən daimi əziyyət çəkir. Daha 20%-isə ara-sıra əziyyət çəkir. Hesab olunur ki, bir çox qadın bunu utanaraq gizli saxladığından, bəziləri isə menopauza dövrü üçün normal hal hesab edib, həkimə müraciət etmədiyindən, bu rəqəmlər həqiqətdə daha böyükdür. Bir çox qadınlar, xüsusən bir neçə dəfə uğursuz müalicə olmuş qadınlar belə hesab edir ki, bu belə də olmalıdır və buna çarə yoxdur. Halbuki bu gün belə xəstələrin hər birini müalicə ilə tam sağlam olduğu dövrlərə qaytarmaq mümkündür.
Qadınlarda sidik qaçırmanın əsasən 3 növü rast gəlir:
1- gərginlik – (stress) sidik saxlanmazlığı. 49 %
2- təcili – urgent sidik saxlanmazlığı 22 %
3- qarışıq tip sidik saxlanmazlığı 29 %
Bunların baş vermə yolları (patogenezi) bir-birindən fərqlənir. Belə ki, gərginlik sidik saxlanmazlığı (və ya sidik qaçırma) çanaq dibi əzələlərin zəifliyinin, təcili – urgent sidik saxlanmazlığı isə sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyinin nəticəsində baş verir. Qarışıq tip sidik qaçırma zamanı hər iki səbəb - həm çanaq dibi əzələlərin zəifliyi, həm də sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyi müşahidə olunur.
Gərginlik sidik saxlanmazlığı zamanı sidiyə getmə hissi, tələbatı olmadan baş verir – güldükdə, öskürdükdə, asqırdıqda sidik kanalını əhatə edən əzələlərin zəifliyi sidik qaçırmaya səbəb olur. Gərginlik sidik saxlanmazlığı zamanı dözülməz, təcili sidiyə çağırış olmur.
Təcili (urgent) sidik saxlanmazlığı isə sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyinin nəticəsində təcili sidiyə getməyə tələbat yaradır və çox zaman tələbat dözülməz həddə çatır.
Qadınlarda sidik qaçırmanın əsas səbəblərinə aiddir:
• Hamiləlik və doğuşlar. Hamiləlik vaxtı sidiyi saxlaya bilməməyin müxtəlif formaları 8-50% arasında rast gəlir, amma bir çox hallarda doğuşdan sonra keçib gedir. Amma onların bir qismində bir neçə il sonra yenidən əmələ gəlir. Hamiləlik zamanı çanaq əzələlərinin zəif olduğu qadınlarda uşaqlığın hamiləlik müddətinə paralel böyüməsi sidik kisəsini basır və azacıq əlavə təzyiq – gülmə, öskürmə, asqırma sidiyi saxlaya bilməməyə səbəb olur.
• Menopauza dövrü. Bu dövrün başlanması ilə qadınlarda hormonal dəyişikliklərin (sidik kisəsinin divarının normal vəziyyədə qalmasında mühüm rolu olan esterogenlərin azalması) nəticəsi olaraq sidik kisəsi əzələlərinin zəifləməsi.
• Sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması
• Uşaqlıq yolu üzərində və ya sidikliyə yaxın orqanlarda aparılmış cərrahi əməliyyatlar.
• Xronik qəbizlik - düz bağırsağın sidik kisəsinin arxasında yerləşməsi səbəbindən onu qıcıqlandırıb, sidik qaçırmaya səbəb olur.
• Artıq çəki qarnın aşağı hissəsini basaraq, çanaqda təzyiqi artırır və sidik qaçırma törədir.
• Bəzi travmatik hallar nəticəsidə onurğanın, yaxud çanağın zədələnməsi
• Uşaqlığın sallanması, (prolapsus uteri), sidik kisəsinin sallanması (sistosele) və bağırsağın sallanması (rektosele) – və s.
Diaqnostikası və müalicəsi
Qadınlar arasında sidiyi saxlaya bilməməyin müalicəsi hələ də böyük çətinlik yaradır. Çünki belə xəstələr utancaqlıq üzündən uzun müddət həkimə müraciət etmir, xəstəliyi hətta ailədə gizlədirlər. Belə xəstələrin yalnız 25-33% - nin həkimə müraciət etdiyi güman olunur.
Müalicədən əvvəl sidiyi saxlaya bilməməyin hansı növünün olması aydınlaşdırılmalıdır. Çünki bu xəstəliyin hər bir növ ayrı müalicə tələb ediyindən, dəqiq diaqnozun qoyulmaması səhv müalicəyə, hətta gərəksiz cərrahi əməliyyata səbəb ola bilər.
Diaqnozun qoyulması anamnezlə - xəstəlik və xəstə haqda geniş məlumat toplamaqla başlanır: sidik qaçırmanın necə və nə vaxt (gülmə , öskürmə s. və zamanı) baş verdiyi, nə ilə əlaqəsi olması, həmçinin qadında hər hansı başqa bir xəstəliyin olması, keçirdiyi hamiləliklər, doğuşlar və bunun kimi məlumatlar toplanmalıdır. Ətraflı anamnez diaqnoz üçün çox qiymətlidir.
Çanaq orqanlarının müayinəsi zamanı uşaqlığın sallanmasının (prolapsus uteri), sidik kisəsinin sallanmasının (sistosele) və ya bağırsağın sallanmasının (rektosele) olub-olmaması ilk növbədə aydınlaşdırılmalıdır. Ginekoloji və lazım gələrsə nevroloji müayinə aparılmalıdır. Çanaq orqanlarının ultrasəs müayinəsi, sidiyin və uşaqlıq yolundan alınan materialın labarator yolla analizi vacibdir. Lazım gələrsə başqa orqanlar da müayinə olunur.
Sidiyi saxlaya bilməməyin başlanğıc fazasında, yəni əlamətlər az təzahür edirsə, konservativ, yəni qeyri-cərrahi müalicə (fizioterapevtik və dərmanlarla müalicə), çanaq dibi əzələlərini möhkəmləndirən məşqlər fayda verir. Bütün hallarda ümumi urodinamik vəziyyəti nəzərə almaqla iltihabi xəstəliklərin, sidik kisəsinin neyrogen disfunksiyalarının kompleks müalicəsi aparılmalıdır.
Dərman müalicəsi əksər hallarda xəstəliyin konservativ müalicəsinin digər üsulları – «davranış terapiyası» və elektrostimulyasiyanın, homeopatik vasitələrin tətbiqi şəraitində daha effektli olur.
Dərman müalicəsi nəticəsiz olduqda “mülayim” cərrahi əməliyyatların aparılması mümkündür. Lakin müzakirələr zamanı cərrahi müalicənin mütəxəssislər arasında tərəfdarları çox azdır.
Davranış terapiyasının mahiyyəti sidikliyə və onun sfinkterlərinə nəzarət üçün xəstələrin öyrədilməsidir. Davranış terapiyasının əsasını çanaq dibi əzələlərinin məşq etdirilməsi, sidikliyin treyninqi, bioloji əks əlaqə (biofeedback terapiya) təşkil edir.
Sidikliyin treyninqinin mahiyyəti ondan ibarətdir ki, xəstə təyin olunmuş müəyyən saatlarda və sidik ifrazı aktları arasındakı müddəti tədricən artırmaqla sidiyə gedir. Bu zaman məqsəd psixoloji olaraq sidikliyin aktivliyini aşağı salmaqla sidik saxlanmazlığının azalmasına nail olmaqdır. Sidikliyin treyninq proqramı urgent (təcili) sidik qaçırma olan xəstələrdə çox böyük əhəmiyyət kəsb edir. Lakin, təcrübə göstərir ki, sidiyin saxlanma treyninqi gərginlik (stress) sidik qaçırma zamanı da effektlidir. Bu müalicənin əsasını xəstənin sidik ifrazı aktının gündəliyi təşkil edir. Bu gündəliyə qəbul edilən mayenin miqdarı, sidik ifrazının vaxtı, bu zaman xaric edilən sidiyin həcmi, sidiyin qeyri-iradi itirilmə halları xəstə tərəfindən qeyd edilir. Bir sözlə, bütün müalicə üsullarında sidiklik əzələlərinin möhkəmləndirilməsi mühüm şərtdir.
“Real” Tibb Mərkəzində (doktor Süleyman Cəbrayılov) sidik ifrazı pozulmalarının müxtəlif formalarının cərrahiyyəsiz müalicəsi məqsədilə Amerika və Avropanın öncül uroloji elmi cəmiyyətlərin, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə (sübutedici təbabətin metodları ilə) təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Belə müalicə protokollarının hər birinin hazırlanmasında 100-lərlə həkim-professor iştirak edir. Bu zaman dünyanın ən tələbkar elmi - tibbi jurnallarının (The Journal of Urology -The Official Journal of the American Urological Association, British Medical Journal, Cleveland Clinic Journal of Medicine və s.) hesablaşdığı və dərc etdiyi tədqiqatlara üsünlük verilir. Dünyanın 10-larla ölkəsində, o cümlədən Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır.
Sözardı: Qadınlarda sidik qaçırma tibbdə müalicəsi mümkün olmayan problem hesab olunmur, - əksinə, əsas problem müalicədə deyil, sidik qaçırmadan əziyyət çəkən qadınların əksər hissəsinin (70%-nə yaxın) bu əziyyəti tənhalıqda çəkməsidir – utanıb hamıdan xəstəliyini gizlətməsidir. “Real” Tibb Mərkəzində 100-lərlə belə xəstənin uğurlu müalicə təcrübəsi söyləməyə əsas verir ki, qadınlarda sidik qaçırma həqiqətən problem deyil!
P.S. Müəllifin digər məqalələrini axtar:
Kişilərin prostat problemi – Çıxış yolu
Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu
Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) – Çıxış yolu
Doktor Sülyman Cəbrayılov
“Real” tibb mərkəzi
8 km, B.Nuriyev, 55
(012) 370 08 38
(050) 519 91 84
(055) 519 91 84