“Qarabağ” üçün Aqil Abbas populizmi...

qarabag-ucun-aqil-abbas-populizmi-
Oxunma sayı: 668

Kim deyər, Quzanlıda oynayıb uduzan “Qarabağ” yaxşıdır, yoxsa Bakıda oynayıb udan? Əlbəttə bizə qalib “Qarabağ” lazımdır ki, Avropa, dünya miqyasına çıxsın. Təsəvvür edək ki, “Qarabağ” bütün oyunlarını Quzanlıda keçirir və elə-belə ortabab komandalardan biri olur, Biləcəridən də o tərəfə keçmir. Kimə lazımdır belə komanda? “Qarabağ”la bağlı ümidlərin kökündə məhz bu komandanın beynəlxalq aləmə çıxması və Azərbaycanı təmsil etməsi durur. Bu gün Azərbaycana, Qarabağa, Ağdama və ağdamlılara məhz bu lazımdır.

Mən başa düşürəm ki, hər bir canlının şirə çəkdiyi torpaq onun əsas güc mənbəyidir. Amma bu gün “Qarabağ” üçün Ağdam və ağdamlılar güc mənbəyi olmaq iqtidarında deyil. İndi Ağdam torpağı və ağdamlılar “Qarabağa” güc vermək iqtidarında deyil.
“Qarabağ” komandasını qoyuram bir kənara, bəyəm Aqil Abbas indi gücü o torpaqdan alır? İndi Aqil Abbasa da güc vermək iqtidarı o torpaqda deyil. Aqil Abbas gücü haradan alır bu onun öz işidir. Mənə elə gəlir ki, “Qarabağ” komandasının da haradansa güc almaq hüququ var. İndi “Qarabağ”a və Aqil Abbasa güc vermək iqtidarında olanlardan onları ayırmaq heç kimə xeyir verməz. Bu hüququ onlardan almaq lazım deyil.

O ki, qaldı Aqil Abbasın dediyi 30-35 manat çörək pulunun 2 manatına yeni komanda yaratmağa, xatırladım ki, məcburi köçkünlərin çörək pulu sonuncu dəfə 1 manat 50 qəpik artırılaraq, 16 manat 50 qəpik olub. Yəqin ki, Aqil Abbas belə xırda məsələlərdən hali deyil. O ki, qaldı bu pula “Qarabağ” komandasını saxlamağa... Nə bilim...

Bayaq dedim ki, komanda rəhbərliyi Quzanlıda oynamağı məqsədəuyğun bilmir və biz bu qərarla razılaşmalıyıq. Biz komandadan və komanda rəhbərliyindən Quzanlıda oynamağı yox, “Qarabağ”ı dünya miqyasına çıxarmağı tələb edə bilərik. Bu olar təmiz söhbət. Amma “Komanda Quzanlıda oynamalıdır” çağırışı və tələbi isə yersiz populizmdən və yersiz pafosdan başqa bir şey deyil. Bu pafos və populizm isə “Qarabağ”a uğur gətirməyəcək. Məgər görmürsünüzmü ki, pafos və populizm Qarabağı bizə qaytarmır, nə də biz pafos və populizmlə Qarabağa qayda bilmirik.
Əslində biz Qarabağı pafos və populizmin güdazına vermişik. Gəlin indi də “Qarabağ”ı populizm və pafosun güdazına verməyək.
İndi nə Qarabağ, nə də “Qarabağ” üçün Aqil Abbas populizmi və pafosu xilas yolu deyil.

P.S. Aqil Abbas “QAFQAZİNFO”dakı yazılarımı oxuyub mənə bir məsləhət vermişdi: “Yazılarını sayta verməmiş özün bir də oxu”. Bu dəfə onun dediyinə əməl etdim. Gördüm Aqil Abbasa əməlli başlı ilişmişəm. Sonra fikirləşdim ki, o hamıya ilişə bilər, ona ilişmək olmaz ki?
Aqil Abbasın bir sözü də var - “şirin ilişmək”. Çalışdım ki, mən də “şirin ilişim”. Amma bilirəm ki, Aqil Abbasdakı kimi alınmadı.