Qarabağın Metyu Brayzaya nə isti-soyuğu var?

qarabagin-metyu-brayzaya-ne-isti-soyugu-var
Oxunma sayı: 665

Əslində, bu barədə çoxları bilir və çoxları bu barədə öz sözünü deyib. Eşidilməsə belə, bəziləri hələ də bunu deyir. Azərbaycanda demokratiya üçün Qarabağ, Qarabağ üçün demokratiya lazımdır. Bu gün dairə qapanıb. Əsl status-kvo da məhz budur. Bax bu qapalı dairəni açmaq lazımdı. Amma hələ ki, bunun öhdəsindən gəlmək mümkün deyil.
***
2001-ci il Ki-Uest danışıqları yəqin ki, bu məsələni sistematik izləyənlərin yadındadır. Amma bu danışıqların detalları və bu danışıqların arxasında gizlənən maraqların xırdalıqları görünənlərdən xeyli fərqlidir. Bu danışıqlarda həmin dövrdə prezidentliyinin son dövrünü yaşayan Bill Klintonun və onun təmsil etdiyi Demokrat Partiyasının siyasi maraqları var idi. Amma danışıqlar nəticəsiz başa çatdı. Bu uzun bir proses idi. Və bu uzun proses nəticəsiz başa çatsa da, Azərbaycan Bakı-Tiflis-Ceyhan layihəsinə siyasi dəstək ala bildi. Uğursuz başa çatan danışıqlardan dərhal sonra Heydər Əliyev unikal siyasi gediş etdi. Seçkilər hazırlaşan Buş ailəsinə qonaq olmaqla. Heydər Əliyev ondan incimiş demokratların könlünü almaq əvəzində, respublikaçıların namizədinə açıq dəstək nümayiş etdirdi. Bu uzaqgörən və unikal siyasi-diplomatik gedişlə o növbəti onillik üçün bir çox problemlərin dəf olunmasına zəmin yaratdı.
Qarşıdan 2012-ci il gəlir. ABŞ, Rusiya və Fransada prezident seçkiləri keçiriləcək.
***
Azərbaycan Kazan görüşündə və buna qədər ki, prosesdə müəyyən mənada rəsmi Moskvanı məyus etdi. İndi növbəti seçkilərdə kimin prezident ola biləcəyini dəqiq hesablamaq lazım gələcək. Medvedyev, yoxsa Putin?
Rusiya ilə münasibətlərimizə analoji olmasa da hər halda ABŞ və Fransada da keçiriləcək seçkilərdə kimin daha şanslı olacağı sualına da cavab tapmaq lazım gələcək. Rəsmi Bakı üçün bu sualın cavabı həyatı əhəmiyyətli olmasa da, lazımlıdır.
***
Qarabağ probleminin ədalətli həllinə mane olan əsas nüanslardan biri təbii ki, Azərbaycanın beynəlxalq aləmdə demokratiyaya və insan haqlarına prizmasından formalaşmış müsbət olmayan imicidir. Hətta Ermənistanda vəziyyətin Azərbaycandan ağır olmasına belə Metyu Brayza1 əhəmiyyət vermir. Çünki o bilir ki, heç bir erməni Ermənistandakı anti-demokratik vəziyyəti, Azərbaycandakı anti-demokratik vəziyyətə dəyişmək istəmir. Doğrudur Azərbaycanda olan iqtisadi inkişaf ermənilər üçün əlçatmazdır. Amma ictimai vəsaitlərin bölüşdürülməsi məsələsində Azərbaycanın Ermənistandan geri qalması danılmazdır.
Bütün bu amillərin toplusu hələ ki, Azərbaycanı ermənilər üçün cəlbedici etmir. Məhz buna görə də Azərbaycanın uğurları barədə rəsmi Bakının bəyanatlarını nə ermənilər, nə də vasitəçilərin timsalında beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul olunmur.
Həm beynəlxalq ictimaiyyətin, həm də ermənilərin diqqətini cəlb etmək üçün Azərbaycanda sosial ədalət islahatlarına ehtiyac var. Azərbaycanda demokratik dəyərləri 100 faiz mənimsəmədən də sosial ədalət prinsiplərinin gözlənilməsini təmin etməklə mövcud imici dəyişmək olar. Əslində heç Metyu Brayza özü də Azərbaycana demokratik prinsiplərin 100 faiz gözlənilməsi ilə təyin olunmayıb axı. Deməli demokratiya mütləq həqiqət deyil.
***
Sözsüz ki, qısa müddətdə Azərbaycanda mövcud idarəetmə strukturunda korrektlər edilsə belə, yaddaşlarda qalan bu imicin yaratdığı mühitdən bərələnən təzyiqlərin gücünü azaltmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.
Sözsüz ki, Qarabağ məsələsində indiki durğunluq 2012-nin seçkilər ili olması ilə bağlıdır. Bir məqam da var ki, bunu unutmaq olmaz. 2012-ci ildə Avropanın musiqi bayramının məhz Azərbaycanda keçiriləcəyini. Vasitəçilər Azərbaycanın bu bayrama qədər müharibəyə başlamayacağını və ümumiyyətlə vəziyyəti gərginləşdirməkdə maraqlı olmadığını bilirlər.
Deməli vasitəçilər seçkilərdə Qarabağla bağlı öz maraqlarından çıxış edəcək. Və tərəflərdən daha çox divident qazanmaq üçün alverə girişəcəklər. Bu məqamda kiminlə sövdələşməyə getmək lazım olduğunu ciddi götür qoy etmək lazım gələcək.
Ermənilər isə bu müddətdə Qarabağ kartından, Azərbaycandan fərqli olaraq, gen-bol istifadə edəcəklər. Ermənistan parlamentinə seçkilərdə namizədlər arasında debatlarda populist çıxışlar üçün bundan gözəl mövzu tapmaq çətindir.
Artıq Serj Sarkisyan Ağrı Dağı, Dağlıq Qarabağı statusunun tanınması ilə bağlı dedikləri onun yaranmış boşluqdan bəhrələnmək istəyinin əyani sübutudur. Bu bəyanatlar hələ uzun müddət davam edəcək. Ancaq bunun Meyu Brayzaya1 heç bir isti-soyuğu yoxdur.
***
Hələ Avropa musiqi bayramına, həmsədr dövlətlərdə prezident, Ermənistanda isə parlament seçkilərinə xeyli müddət var. Deməli bu müddət ərzində biz bu təhdidlərə dözməli olacağıq. Amma rəsmi Bakı buna tutarlı cavab verə bilər. Sosial ədalət islahatları ilə.

1)Mety Brayza – Beynəlxalq güc mərkəzlərinin ümumiləşdirilmiş obrazı