Qurultay olacaq

qurultay-olacaq
Oxunma sayı: 701

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sessiyada ictimai-siyasi vəziyyət və BAXCP-nin III (IV) Qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Sessiyanı açıq elan edən BAXCP Ali Məclisinin sədri Vaqif Abışov gündəlikdə duran məsələlər barədə Ali Məclis üzvlərini məlumatlandırıb.

Gündəlikdəki ilk məsələ ilə bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məruzə edib. Daha sonra BAXCP sədrinin məruzəsi ətrafında çıxışlara başlanılıb. BAXCP sədrinin məruzəsi və məruzə ilə bağlı çıxışlar dinlənildikdən sonra gündəlikdə duran növbəti məsələnin müzakirəsinə başlanılıb. Ali Məclisin sədri Vaqif Abışov BAXCP-nin III (IV) Qurultayı ilə bağlı partiyanın İdarə Heyətinin təkliflərini səsləndirib.

BAXCP-nin sonuncu qurultayının 2008-ci ildə, iyunun 7-də keçirildiyini xatırladan Ali Məclis sədri Nizamnaməyə əsasən növbəti qurultayın 2012-ci ildə keçirilməli olduğunu vurğulayıb. Vaqif Abışov bildirib ki, Qurultaya hazırlıq prosesinin davam etdirilməsi üçün müvafiq qərarlar qəbul edilməli və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır. Prosedura uyğun olaraq, öncə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin say tərkibi müəyyənləşdirilib. Qərara alınıb ki, Təşkilat Komitəsi üzvlərinin sayı 23 nəfərdən ibarət olsun. Müzakirələrdən sonra Təşkilat Komitəsinin üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb. Namizədlərin səsvermə yolu ilə təsdiqindən sonra BAXCP-nin III (IV) Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması barədə qərar qəbul olunub. Rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının və Qurultayın keçirilmə tarixilə bağlı qərarların qəbul olunması Təşkilat Komitəsinə həvalə olunub.