Ramil Usubov: “Bu şəxsi heyəti ruhlandırır”

ramil-usubov-bu-sexsi-heyeti-ruhlandirir
Oxunma sayı: 668

Texniki təminat sahəsində qeyd olunan irəliləyişlər son nəticədə Azərbaycanda asayişin və əmin-amanlığın nümunəvi qorunmasına, cinayətkarlıqla aparılan uğurlu mübarizənin davamlı olmasına imkan verir. “Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov iyulun 14-də Maştağa qəsəbəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yeni Müayinə Mərkəzinin istifadəyə verilməsinə həsr olunmuş mərasimdə bildirib.

Nazir bildirib ki, təkcə bu ilin ötən dövründə daxili işlər orqanları üçün onlarla yeni obyektlər, inzibati binalar tikilib istismara verilib: “Ən müasir texniki vasitələr və avadanlıqlarla təhciz edilmiş həmin obyektlər şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə onları xidməti vəzifə borcunun icrasına ruhlandırır, eyni zamanda, polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir”.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov daxili işlər naziri Ramil Usubova yeni Müayinə Mərkəzinin texniki göstəriciləri barədə məlumat verərək bildirib ki, 5 hektara yaxın ərazidə inşa edilən yeni Müayinə Mərkəzinin inşasına 2010-ci ilin iyul ayında başlanıb və bu ilin iyun ayında tikintisi başa çatdırılıb. Kompleksin ümumi sahəsi 6 min kvadratmetrə yaxındır.

Mərkəzdə Almaniya istehsalı olan ən müasir standartlara cavab verən müayinə avadanlığı və sistemləri quraşdırılıb. Burada ümumilikdə 15 xətt, o cümlədən minik avtomobilləri üçün 12, yük avtomobilləri üçün isə 3 xətt fəaliyyət göstərir. Texniki baxış zonalarında bütün zəruri mühəndis kommunikasiya sistemləri, işıqlandırma, havalandırma, müşahidə kameraları quraşdırılıb. Hər xətdə 5 dayanacaq var. Birinci dayanacaqda nəqliyyat vastəsinin xarici görkəmi, nömrəli aqreqatların qeydiyyat şəhadətnaməsindəki göstəricilərə uyğunluğu, ikinci dayanacaqda avtomobillərin mühərriklərindən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, üçüncü dayanacaqda nəqliyyat vasitələrinin işıq sistemi, dördüncü dayanacaqda sükan mexanizmi, beşinci dayanacaqda isə əyləc sisteminin vəziyyəti yoxlanılır.

Qeyd olunub ki, nəqliyyat vasitələri dayanacaqlardan keçdikcə hər bir məntəqədən avtomobilin texniki vəziyyəti barədə göstəricilər mərkəzi kompüterə ötürülür. Həmin göstəricilər öz növbəsində əməliyyat zalındakı əsas serverdə emal olunur. Konveyer üsulu ilə işləyən sistem vasitəsilə gün ərzində təqribən iki mindən çox avtomobilə texniki baxış keçirilməsi mümkündür. Bu yeni sistemin tətbiqi ilə vətəndaşlar avtomobillərini 15-20 dəqiqə müddətində texniki baxışdan keçirə biləcəklər.

Daha sonra daxili işlər naziri Ramil Usubov Müayinə Mərkəzinin xidməti otaqlarına baxıb, əməkdaşların iş şəraiti ilə yaxından tanış olub.