Ramiz Mehdiyev Azərbaycanın milli ideyasından məqalə yazdı – Tam mətn

ramiz-mehdiyev-azerbaycanin-milli-ideyasindan-meqale-yazdi-tam-metn
Oxunma sayı: 2115

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 26 may sayında “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsi dərc olunub. “Qafqazinfo” həmin məqaləni təqdim edir:

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da "Buta" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində demişdir:
"Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk.
Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir".

("Azərbaycan" qəzeti, 12 may 2011-ci il).


Məqalənin mövzusunun açılmasında bu fikirlər əsas rol oynayır.



SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa etmişdir. Hər bir xalqın tarixində 20 il o qədər də böyük müddət deyildir. Lakin Azərbaycan üçün bu illər ciddi sınaqlar dövrü idi: o, müstəqil dövlət kimi yaşaya biləcəkdimi?! Zaman göstərdi ki, Azərbaycan xalqının milli ruhu sönməmişdi, əgər bu millətin layiqli lideri, dünya miqyaslı dövlət xadimi olarsa, o, istənilən çətinlikləri dəf edə bilər.

Bu illər ərzində həll edilən məsələlərin xarakterini əvvəlki illərlə əsla müqayisə etmək olmaz. XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya özünün həqiqi təcəssümünü məhz müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə tapmışdır.

İranla müharibə nəticəsində 1828-ci ildən Rusiya imperiyasının tərkib hissəsinə çevrilmiş Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən dini identiklikdən Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid ideyası bu məkanda ideya axtarışlarının mərkəzində dayanırdı. Bu dövrdə ən ümdə məqsəd etnik şüurun dini şüurdan ayrılması ideyası idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazımbəy kimi mütəfəkkirləri bu yöndə çalışırdılar.

Milli məsələ XX əsrin əvvəlində Azərbaycan cəmiyyətində xeyli aktuallaşmışdı və bunun da ciddi səbəbləri vardı. Həmin dövrdə Azərbaycan sənaye cəmiyyəti yaradılması yoluna qədəm qoymuş və ümmənin (müsəlman icmasının) etnik-mədəni millət mərhələsinə transformasiyası prosesi başlanmışdı. O dövrün Azərbaycan ziyalılarının milli problemləri nə səviyyədə başa düşmələrini bizim yazıçıların, publisistlərin, şairlərin, ictimai xadimlərin əsərlərində görmək olar.

Azərbaycanda inqilabaqədərki milli təfəkkür əvvəlcə türkçülük və etnik millətçilik ideologiyası kimi inkişaf edirdi. Bu, həmin ideyanın transformasiyası üçün mühüm və zəruri platforma idi, çünki çox böyük bir regionun türkdilli əhalisinin tarixi və mədəni yaddaşına əsaslanırdı. Bu ideologiya öz milli hüquqlarının müdafiəsi işində bütün türkdilli xalqların birliyi və həmrəyliyini, ayrıca türk (Azərbaycan) millətinin, perspektivdə isə dövlətinin yaranmasını təmin etməli idi.

Sonrakı dövrdə bizim mütəfəkkirlər milli identiklik ideyasını irəli sürməyə başladılar. Bu ideya azərbaycançılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda genişlənən kəskin siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Bu, bizim böyük əcdadlarımızın fəaliyyətinin kvintessensiyası idi.

Əlbəttə, bütün bu məqsədlər formalaşmaqda olan Azərbaycan cəmiyyətində çox böyük izahat işi aparmağı tələb edirdi. Ziyalıların görkəmli nümayəndələri öz intellektini bu məsələlərin həllinə sərf etməli, cəsarət və məsuliyyət nümayiş etdirməli idilər. Əhalini böyük dəyişikliklərə hazırlamaq, insanların tarixi və mənəvi dəyərləri dərk etməsi, onlarda etnik mənlik şüuru oyatmaq üçün vaxt lazım idi. Bütün bu işlər çarizm tərəfindən müqavimətlə, onun Cənubi Qafqaz müsəlmanlarına tətbiq etdiyi məhdudiyyətlərlə üzləşirdi. Əhali onun üçün ənənəvi olmayan etimadsızlıq, şübhəlilik, bəlkə də düşmənçilik şəraitində yaşayırdı.

Üstündən neçə-neçə onilliklər keçəndən sonra soydaşlarımızın həyatının həmin dövrünü dərindən düşünəndə anlamağa başlayırsan ki, onlar nə qədər hüquqsuz, təhqiramiz şəraitdə yaşamışlar. Yeri gəlmişkən deyək ki, sovet hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara qarşı etimadsızlıq olmuşdur. Bunu mən öz şəxsi həyat təcrübəmə və Azərbaycan Kommunist Partiyasının rəhbərlərindən biri kimi iş təcrübəmə əsasən deyirəm. Əgər bu gün xalqımız mövcuddursa və çoxları üçün nümunədirsə, bu, yalnız və yalnız onun daxili insan resursları və istedadı sayəsindədir.

XX əsrin əvvəlində o dövr üçün az-çox bitkin məzmun kəsb etmiş Azərbaycan milli ideyası və birləşdirici ideologiya kimi "azərbaycançılıq" milli ruhu və milli-mədəni yüksəlişin mexanizmlərini dirçəltmək, o cümlədən xalqı öz tarixi torpaqlarından tədricən qovulmaqdan xilas etmək cəhdi idi. Bu ideyanın reallaşdırılması xalqın öz milli muxtariyyətini, sonradan isə suveren, müstəqil dövlətini yaratmasını nəzərdə tuturdu.
1918-ci ilin mayında Azərbaycan dövlətinin yaradılması Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması prosesinin obyektiv yekunu oldu. M.Ə.Rəsulzadə 1952-ci ildə Münxendə çıxan "Qafqaz" jurnalında yazırdı: "Böyük dövlətlər Azərbaycanı 1920-ci il yanvarın 12-də tanımışlar. Bu, artıq gerçəkləşmiş milli ideyanın təntənəsi günü idi. O vaxtdan Azərbaycan müstəqil dövlət kimi beynəlxalq ailəyə daxil olmuşdur".

Azərbaycan milli ideyası prioritetlərin müəyyən edilməsində uzun bir yol keçmişdir. Bu müddətdə əvvəlcə dini tərkib hissə yaranmış, sonradan o, tədricən milli mənlik şüurunun mədəni-tarixi paradiqmasına - türkçülüyə transformasiya etmişdir.

XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın "türkləşmə, islamlaşma, avropalaşma" prioritetlərini əks etdirən formulu yaratmışdır. Bu gün məhz həmin ideyalar Azərbaycanın Dövlət bayrağının üç rəngində təcəssüm olunur.
XIX-XX əsrlərin tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli klassiklər və görkəmli maarifçilər azərbaycanlıların milli mənlik şüurunun oyanışında başlıca rol oynamışlar.

Onlardan bəziləri həm də müstəqil Azərbaycan dövlətinin yaradılmasının təməlini qoymuşlar. Göstərilən dövr azərbaycanlıların tarixində həmişə bu insanların adları ilə bağlı olacaqdır. Bununla belə, tarix sübut etmişdir ki, nəzəri fikrin formalaşdırılması onun tərkib hissələrinin əməli şəkildə həyata keçirilməsi qədər məsuliyyətli işdir. Təəssüf ki, bir sıra obyektiv və subyektiv daxili və xarici səbəblər üzündən birinci Azərbaycan Respublikasının liderləri dövlətçiliyimizin uzunmüddətliliyinə nail ola bilmədilər. Nəticədə keçən əsrin 90-cı illərinin əvvəlində Sovet İttifaqı dağılana qədər müstəqillik ideyaları boğuldu. SSRİ-nin dağılması ilə Azərbaycan xalqı milli ideyanın həyata keçirilməsi - müstəqil milli dövlətçiliyin qurulması üçün daha bir tarixi şans əldə etdi. Lakin 1990-cı illərin əvvəlində həm Azərbaycanın daxilində, həm də qlobal geosiyasi kontekstdə cərəyan edən ictimai-siyasi proseslər, regiondakı qüvvələr nisbəti, üstəlik, həmin dövrdə hakimiyyətdə olmuş şəxslərin siyasi baxımdan qeyri-yetkinliyi, millətin və dövlətin inkişafının strateji prioritetlərini lazımınca təsəvvür etməmələri bu vəzifənin tam şəkildə yerinə yetirilməsini təhlükə qarşısında qoymuşdu. XX əsrin əvvəlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ibrət götürülməmiş mənfi dərslərinin təkrarlanması təhlükəsi 1993-cü ildə özünü aşkar şəkildə göstərməyə başlamışdı.

Mənfi ictimai-siyasi proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və ya parçalanmaq təhlükəsindən yalnız sözün həqiqi mənasında tarixi miqyaslı, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas edə bilər. Yalnız böyük dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata keçirə bilər.

Fəlsəfə elmində çoxdan təsdiqlənmişdir ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır. Ona görə də hər bir millətin öz milli ideyası olmalıdır, əks halda həmin millətin yaşamağa haqqı yoxdur. Filosoflar milli ideyanı xalqın taleyini, onun vəzifəsini ifadə edən və taleyüklü məsələlərin həlli üçün milli enerjini səfərbər edən inteqrativ milli mənlik şüuru konsepsiyası adlandırırlar.

Milli ideya bir insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli dövlətdə ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını nəzərə almalıdır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır.

Milli ideyanın mahiyyətinin məğzi nədən ibarətdir? Qeyd etmək lazımdır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir.
Millətin indi və gələcəkdə salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx birləşdirir, onu möhkəmləndirir, millətin vahid tam kimi fəaliyyət göstərməsinə şərait yaradır, bütövlükdə cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız "Mən"inin qorunub saxlanmasına imkan yaradır.

Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi çıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaradıcısı və qorunub saxlanmasının təminatçısının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir. Əgər milli ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə və ənənələrə əsaslanmırsa, o, həyat qabiliyyətli ola bilməz.
Müasir mərhələdə Azərbaycan milli ideyasının leytmotivi Azərbaycanın müstəqil mahiyyət kimi dərk edilməsi olmalıdır. Bundan ötrü isə milli ideyanın özü şəxsi, ictimai və dövlət varlığının baza dəyərlərini ehtiva etməlidir. Ölkənin BMT tərəfindən tanınmış sərhədləri daxilində qorunub saxlanmasına yönəldilmiş Azərbaycan milli ideyasının və onun mahiyyətinin həyata keçirilməsi ərazi, əhali və idarəçilik kimi əsas xüsusiyyətlərə malik olan dövlətin ən mühüm vəzifəsidir. Azərbaycan xalqı məhz öz milli ideyasını müəyyən etmək yolu ilə millətə çevrilmişdir.

Milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.

Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi meyarlarına uyğun olmalıdır. Lakin əgər milli şüura tətbiq edilmiş həqiqilik meyarı surroqat həqiqətlə əvəz edilirsə, onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum olur.

Dövlət ideoloji fəaliyyətlə məşğul olmağa, yəni konkret milli və dövlətçilik dəyərlərini dəstəkləməyə və təbliğ etməyə borcludur, eyni zamanda, başa düşməlidir ki, milli ideologiya milli ideyanı əvəz etməməlidir. İdeya həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan bir niyyət, yaxud "nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir" (bax: Soüioloqiçeskiy gnüiklopediçeskiy slovarğ. M., 1998, s. 94). İdeologiya isə insanların gerçəkliyə və bir-birinə münasibətini dərk etməyə, qiymətləndirməyə imkan verən, müxtəlif sosial qrupların və cəmiyyətlərin mənafelərini ifadə edən baxışlar və ideyalar sistemidir.

Milli ideologiya bütün millətin mənafelərini ifadə etdikdə, onun həyatına, inkişaf vektoruna, ölkə əhalisinin əksəriyyətinin dünyabaxışının mühüm hissəsinə çevrildikdə öz məqsədini doğrulda bilər.

Son 20 ildəki siyasi inkişaf göstərmişdir ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır.
Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, "azərbaycançılıq" ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürmüşdür. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcəkdir.

Milli ideyanın və azərbaycançılıq ideologiyasının reallaşdırılması yalnız o halda uğurlu hesab edilə bilər ki, onlar əhalinin sosial aktiv təbəqələrinin səfərbər edilməsi, inkişaf və modernləşdirmə strategiyası, ölkənin qarşısında duran məsələlərin həlli ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin təmin olunması vasitəsinə çevrilsin.
Xalqın milli mənlik şüurunun oyanması ilə milli ideyanın yaranması arasında çox böyük zaman kəsiyi vardır. Milli ideya qəti şəkildə yalnız millətin yaranması ilə formalaşır, yəni tam qərarlaşmış formaya düşür.

Bizim müasir Azərbaycan üçün milli ideya anlayışının məzmununu nə ilə dolğunlaşdırmaq barədə düşünməyimizə ehtiyac yoxdur. Strateji məqsədlər ölkənin Konstitusiyasında müəyyən edilmişdir. Ona görə də milli ideyanın maddiləşdirilməsi Azərbaycan Konstitusiyasının reallaşdırılması yolu ilə həyata keçirilir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin bütün vətəndaşlarını birləşdirən ideyadır. Bütün insanları təkcə keçmiş haqqında xatirələr deyil, məhz Konstitusiya birlikdə saxlayır. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycan milli ideyasının rəsmi ifadəsidir.

Bəs milli ideyanın və xalqın dəyər oriyentasiyalarının mahiyyəti nədən ibarətdir? Heç şübhəsiz, əsas dəyərlərdən biri məhz dövlətçilikdir. Dövlətin ali dəyərləri isə müstəqillik, dövlət suverenliyi, habelə mədəniyyət, din və ənənə dəyərləridir. Milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər.

Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çoxlu görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bugünü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir.
Bir çox xalqların tarixi təcrübəsi milli tarixin böhranlı zaman kəsiyində məhz müəyyən şəxsiyyətin sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə, həyati əhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin və onun ən yaxşı nümayəndələrinin sıx birləşməsinə dair parlaq misallarla zəngindir. Bu baxımdan nisbətən yaxın tarixdən misallar göstərmək olar: Mustafa Kamal Atatürk və 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin yaradılması; Konrad Adenauer və müharibə nəticəsində dağıdılmış Almaniya Federativ Respublikasının 1950-ci illərdə bərpası; Şarl de Qoll və 1960-cı illərdəki narahat Fransa; Li Kuan Yu və 1965-ci ildə Sinqapurun yaranması; Franklin Ruzvelt və 1930-1940-cı illərdə ABŞ-ın timsalında dünya hegemonunun formalaşması.

Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət ümummilli lider Heydər Əliyev - sözün həqiqi mənasında millətin və dövlətçiliyin xilaskarı olan insan öz bəsirəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olmuşdur. Heydər Əliyevin onu tarixi şəxsiyyətlər sırasına çıxaran vətəndaş və siyasi hünəri müxtəlif təhdidlərə və təqiblərə rəğmən siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq qətiyyətindən ibarət idi.

1991-ci ildə Azərbaycanın müstəqillik yoluna qədəm qoyması onun tarixində yeni səhifə açmaqla yanaşı, həm də o vaxt qarşıya çıxan məsələlərin təcili həll edilməsini kəskin zərurətə çevirmişdi. Lakin təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycan dövlət quruculuğu ilə əlaqədar bütün təxirəsalınmaz məsələlərin - xarici təcavüzün dəf edilməsi, daxili siyasi vəziyyətin sabitləşdirilməsi, cəmiyyətin tam hərc-mərcliyə və vətəndaş müharibəsinə sürüklənməsinə yol verilməməsi, heç olmasa, minimum həyat qabiliyyətinə malik iqtisadiyyat yaradılması məsələlərinin az bir hissəsini də reallaşdıra bilməmişdi.
Ölkənin o vaxtkı rəhbərliyinin xüsusən xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə diletant idarəçilik metodları və tam bacarıqsızlığı Azərbaycan cəmiyyətində daxili siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırmış və separatçı meyillərin güclənməsi üçün zəmin yaratmışdı. Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə nail olmaq naminə millətin sıx birləşməsindən söhbət də gedə bilməzdi və ölkə rəhbərliyinin özü də həmin məqsədlərin nədən ibarət olduğunu aydın dərk edə bilmirdi. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. Ona görə də 1988-ci ildən 1993-cü ilədək olan dövrü tam əminliklə qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar.

Tarixi miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti hərtərəfli düşünülmüş şəkildə qiymətləndirərək, Azərbaycan dövlətinin varlığının özü üçün gərəkli təcili və həyati əhəmiyyətli məsələlərin - hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirə və səfərbər edə bildi.

Xarici dövlətlərin rəhbərləri, dünyanın tanınmış analitikləri birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev XX əsrin ikinci yarısının - XXI əsrin əvvəlinin siyasi tarixində görkəmli siyasi xadim və dövlət xadimi kimi qalacaqdır. Çox böyük siyasi təcrübəsi, nadir xarizması, natiqlik qabiliyyəti və yüksək nüfuzu onu müasir siyasi xadimlər arasında kəskin şəkildə fərqləndirirdi. Onun məqsədi qabaqcıl Avropa standartlarına uyğun milli dövlət yaratmaq idi. Məhz o, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoydu, bununla da milli müstəqilliyin inkişaf vektoruna dönməzlik xarakteri verdi. Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və dərəbəylik vəziyyətindən, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ölkənin xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılması da onun xidmətidir. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi edən müasir dövlətə çevrilə bilər.
Heydər Əliyev bütün dövlət quruculuğu prosesinin həyata keçirilməsinin yeganə təminatçısı olmuşdur. Ötən əsrin 70-80-ci illərində uğurla həyata keçirilən səmərəli dövlətçilik, varislik və proqnozlaşdırıla bilən konsepsiya əsas götürüldü. Azərbaycan xalqı çox güclü məna potensialı ilə dolğunlaşdırılan, cəmiyyətin daxilindəki ziddiyyətləri həll etməyə və davamlı inkişaf üçün zəmin yaratmağa qadir olan milli ideya əldə etdi.
Heydər Əliyevin bütün parlaq həyatı mühüm tarixi hadisələrlə zəngin idi. Bütövlükdə isə o, siyasət korifeyi idi və özünün qaynar fəaliyyəti ilə qeyri-adi şəxsiyyət kimi müasir Azərbaycanın tarixində çox böyük rol oynamışdır.

1993-2003-cü illəri əhatə edən on il ən müxtəlif təhdid və təhlükələrlə dolu idi, gənc respublikaya çox böyük təzyiqlər vardı. Heydər Əliyevin siyasi nüfuzu və onun vaxtında qəbul etdiyi qərarlar Azərbaycanı simasız dövlət vəziyyətinə yuvarlanmaq təhlükəsindən xilas etdi. Azərbaycan bu on ildə dövlətçiliyin bərqərar olması, demokratik keçid və konsolidasiya yolu qət etmiş, eyni zamanda, ölkədə genişmiqyaslı iqtisadi islahatlar aparılmış, siyasi sistem və sosial münasibətlər humanistləşmişdir. Bu cür geniş əhatəli transformasiya sistemli xarakter daşıyır və subyektiv səpkili çoxsaylı maneələrə rəğmən həyata keçirilirdi.

Azərbaycanda dövlətçiliyin və milli şüurun, iqtisadiyyatın və sosial quruluşun, siyasi sistemin və identikliyin durğunluq və tənəzzül keçirdiyi həmin dövrdən təqribən 20 il ötəndən sonra cəsarətlə deyə bilərik ki, 1993-2003-cü illərdə Heydər Əliyevin on illik prezidentliyinin əsas uzunmüddətli hədəfləri aşağıdakılar olmuşdur:
* ölkədə son dərəcə zəruri olan ictimai-siyasi həyatın sabitləşdirilməsi, demokratik ənənələrin və təsisatların yaradılması və təkmilləşdirilməsi;
* dövlət aparatının möhkəmləndirilməsi və işlək dövlət idarəçilik təsisatlarının formalaşdırılması;
* cəmiyyətdə yeni davranış normaları və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlıq mövqeyinin formalaşdırılması;
* 1994-cü ildən başlayaraq Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın mühüm prioritetlərinin formalaşdırılması;
* müstəqil dövlətin neft strategiyasının yaradılması, - bunun təməli "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulmuşdur, - əsas regional enerji aktoruna transformasiyanın başlanması;
* "Böyük İpək yolu" layihəsində fəal iştirak etməklə regional logistika mərkəzi kimi Azərbaycanın rolunun dəyişdirilməsi;
tarazlaşdırılmış xarici siyasətin dövrə uyğunlaşdırılmış modelinin formalaşdırılması;
* müasir və döyüş qabiliyyətli ordu yaradılması və s.

Heydər Əliyevin həm nəzəri səviyyədə, həm də praktikada həyata keçirdiyi norma və dəyərlərin məcmusu konsolidasiya edilmiş demokratiyanın həyat qabiliyyətli modelinə çevrilmişdir. Heydər Əliyevin prezidentliyi dövründə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın yetkin dövlət kimi qəbul edilməsi təmin olunmuş, gələcəkdə müasir dünyaya sürətlə qovuşması üçün şərait yaradılmışdı. Ölkə inamla qəddini düzəltmiş, həm quruculuq fəaliyyəti, həm də dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsi problemlərinin fəlsəfi baxımdan dərk olunması üçün imkan yaranmışdı. Azərbaycan cəmiyyətinin üzləşdiyi müasir təhdidlər və çətinliklər daha ciddi tələblər irəli sürür, XXI əsrin çağırışları nəzərə alınmaqla sonrakı illərdə ölkəyə başçılıq edə biləcək şəxsiyyətin seçilməsinə daha böyük tarixi məsuliyyətlə yanaşmağı zəruri edirdi.

YENİ PARADİQMA


Ad cogitandum et agendum homo natus est (lat.) -
İnsan düşünmək və iş görmək üçün yaranmışdır.

2003-cü ildə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Ölkə yuxarıda sadalanan istiqamətlərin hamısında nəzərəçarpacaq uğurlar qazanmışdır. Azərbaycan dövləti uzunmüddətli həyat qabiliyyətinə malik olduğunu, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm adi vətəndaşlar, həm də qlobal miqyaslı ən mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. Məhz Heydər Əliyevə xas olan xarizma, uzaqgörənlik, iradi keyfiyyətlər, təcrübə, başqa sözlə desək, onun şəxsiyyəti göstərilən dövrdə bizim üçün sistem əhəmiyyətli "millət", "dövlətçilik", "idarəetmə sistemi", "hakimiyyət", "inkişaf etmiş iqtisadiyyat", "mənəvi dirçəliş", "liderlik", "transformasiya", "çoxvektorluluq" kimi dəyərlərin təşəkkülü və möhkəmlənməsində çox mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilmişdir. Dövlətçilik quruculuğu tarixi prosesinin məntiqi müasir dövrün çağırışlarını başa düşməyin keyfiyyətcə yeni səviyyəsinə keçməyi tələb edirdi. Bununla belə, sistem dəyərləri dəyişməz qalmalı idi. İlham Əliyev Azərbaycan milləti üçün hər iki tələbi təmin edən seçim oldu. Əgər bu seçimə Azərbaycan milləti və dövlətçiliyinin bütün tarixi təcrübəsi prizmasından nəzər salsaq, o, mahiyyət etibarilə reallıq olan tarixi dövlət layihəsinin legitimləşdirilməsi idi.

Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya birliyinə inteqrasiya strategiyasını nəzərdə tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində öz əksini tapır. Böyük dövlət xadimi kimi İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər onu tarixi miqyaslı siyasətçi, millətin kollektiv tarixi təcrübəsini dövlət quruculuğu istiqamətinə yönəldən ali idarəçilik funksiyalarını yerinə yetirməyə sövq edir. Azərbaycan cəmiyyəti və dünya birliyi bu fenomeni 2003-cü ildən bu günə qədər müşahidə edə bilir. Milli və dövlət müstəqilliyinin qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik şüurunun tərkib hissəsinə çevrilmişdir. Məhz müstəqil Azərbaycan dövlətinə görə, onun hadisələrlə zəngin tarixinə görə qürur hissi, Azərbaycan millətinin dünya tarixinə öz töhfəsini verməyə hazır olması Heydər Əliyevi belə deməyə sövq etmişdi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bu siyasi kateqoriyalar tarixi prosesin yeni mərhələsində yeni keyfiyyət məzmunu ilə dolğunlaşmış, milli mənlik şüurunun strukturunu möhkəmlətmiş, milli "Mən"də konkret və dəqiq forma kəsb etmişdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı bütün uğurlardan danışarkən ilk növbədə ölkə iqtisadiyyatının vəziyyətinin kökündən dəyişməsini vurğulamış, 1993-2003-cü illərdə həyata keçirilmiş islahatların bütün spektrini, o vaxta qədər ölkəyə cəlb edilmiş investisiyaların ümumi həcminin 15 milyard dollar olmasını, bu proseslərdə ictimai-siyasi sabitliyin mühüm rol oynamasını xatırlatmışdır. İlham Əliyev yeni vəzifədə elə ilk nitqində müasir Azərbaycanın ən mühüm probleminə - Dağlıq Qarabağın işğal edilməsinə yeni səpkidə münasibətini bildirmiş, dünya birliyini "ikili standartlardan" imtina etməyə çağırmış, dünyanın və regionun əsas aktorlarının təcavüzkara təzyiq göstərməkdə öz rollarını fəallaşdırmasının zəruriliyini vurğulamışdır. Prezident İlham Əliyev öz mövqeyinin vektorunu göstərmişdir: "Biz torpaqlarımızın işğal edilməsi ilə heç vaxt barışmayacağıq, Azərbaycan öz ərazilərini nəyin bahasına olursa-olsun azad edəcəkdir".

Bu bəyanatlar Dağlıq Qarabağ üstündə Ermənistanla hərbi qarşıdurma şəraitində dövlətin inkişafının strateji konsepsiyasının, eləcə də politoloji baxımdan adi "postsovet məkanından" inkişaf etməkdə olan azad dövlətə siyasi və iqtisadi keçid dövründə cəmiyyətin transformasiyasının əsasına çevrilmişdir.

SÖZLƏ ƏMƏL BİR OLANDA


Concordia rarvae res crescunt, discordia maximae dilabuntur (lat.) -
Harmoniya olduqda ən kiçik də böyüyür, nizamsızlıqda isə böyük də yox olur.

2003-cü ilə qədər Azərbaycanda hakim elitanın, cəmiyyətin fəal hissəsinin və geniş xalq təbəqələrinin təşəkkül tapmış həmrəyliyi daxili siyasətdə yanaşmalara dəyişikliklər olunmasını tələb edirdi. Müstəqillik illərində yaradılmış yeni dövlət təsisatları indi artıq onların fəaliyyətinin şəffaflığı və səmərəsinin artırılması istiqamətində təkmilləşdirilirdi. Bu, ilk növbədə, Azərbaycan cəmiyyətinin sosial və iqtisadi aspektlərinə aid idi, çünki Prezident İlham Əliyevin strateji baxışlarının reallaşdırılması ən əvvəl əhalinin maddi rifahının yaxşılaşması və yüksəlməsində, ölkənin hər bir vətəndaşının, - istər dövlət orqanlarında xidmət, istərsə də ictimai fəaliyyət və ya şəxsi təşəbbüsü olsun, - özünütəsdiqi üçün bütün imkanların açılmasında öz əksini tapmalı idi.

İlham Əliyev 2003-cü ildə dövlətə başçılıq etdiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının həyat qabiliyyətli strukturunun təmin edilməsi üçün zəruri olan və idarəçiliyə cəlb edilmiş kadrların seçilməsi məsələsinə keyfiyyətcə yeni yanaşma tələb edən genişmiqyaslı infrastruktur layihələri irəli sürdü. Həmin məsələnin başa düşülməsi dünya birliyinə inteqrasiyanın strateji məqsədi ilə ahəngdar şəkildə uzlaşırdı. Sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını "cavanlaşdırmadan", həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən bu məqsədə çatmaq mümkün olmazdı. Bununla bərabər, iqtidar başa düşürdü ki, regional miqyasda Azərbaycanın çox böyük təbii və yüksək insani resursları nəzərə alınmaqla, həmin istiqamətlərdə qazanılan uğurlar ölkəni regional lider səviyyəsinə ucaldacaqdır.

Modernləşmə müasir dövlətin zəruri funksiyalarından biridir. Azərbaycan innovasiya modernləşməsinin həyata keçirilməsində çox maraqlıdır. Bu halda həmin proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcəkdir. İnnovasiya modernləşməsi tipologiya baxımından inkişafın təkamül yoluna yaxındır, bu isə Azərbaycanın demokratik transformasiya strategiyasına uyğundur. Düşünürük ki, dəyişməkdə olan dünyada modernləşmə siyasətinin həyata keçirilməsi ölkədə keyfiyyət dəyişiklikləri üçün mühüm stimul olacaqdır. Ona görə ki, Azərbaycan dövləti daha möhkəm olacaq, çünki o, yeni çağırışlara, postindustrial cəmiyyətə xas olan dinamik mühitdə yaşamağa daha yaxşı uyğunlaşdırılacaqdır. Eyni zamanda, modernləşmə ritorikasının ölkənin müvafiq inkişaf strategiyalarının bütünlükdə məzmununa və real sosial-iqtisadi proseslərin tərkib hissəsinə çevrilməsi vacibdir. Əks halda o, təbliğat proqramı kimi qalacaq ki, bu da insanları məyus edə bilər.

Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən etmişdir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, inkişaf və modernləşmə idarə edilən proseslərdir, onların təkcə lokomotivi deyil, həm də hərəkəti tənzimləmək üçün pedalları vardır.

Qərbin tanınmış siyasi filosofları bildirirlər ki, "qızıl milyard" ölkələri qeyri-Qərb dövlətlərinin modernləşməsinin uğurlu olmasında o qədər də maraqlı deyildir. Qərbi həmin ölkələrin iqtisadiyyatının yalnız ayrı-ayrı sahələrinin inkişafı qane edir. Çünki həmin sahələr bu və ya digər dərəcədə Qərbin maraqlarına xidmət edir. "Qızıl milyard" ölkələrinə inkişaf etmiş rəqiblər lazım deyildir. Onlar, bir qayda olaraq, ucqar ölkələrin istismarı hesabına fəaliyyət göstərir. Onlara həmin ölkələrin təbii ehtiyatları və insan resursları lazımdır.
Müasir qlobal çağırışlar və dünyada yaranmaqda olan yeni geosiyasi və geoiqtisadi struktur şəraitində Azərbaycan milli ideyasının və milli ideologiyasının həyata keçirilməsi o halda uğurla nəticələnəcəkdir ki, bunlar yalnız milli strateji maraqlara əsaslanmış olsun.
Prezident İlham Əliyevin dövründə ölkənin seçdiyi dinamik sosial-iqtisadi inkişaf xətti üçün ən ciddi sınaq əvvəlcə Amerika iqtisadiyyatının ümumi axsaması fonunda ABŞ-ın ipoteka sistemində başlanmış böhranın doğurduğu 2008-2011-ci illərin dünya maliyyə böhranı oldu. Qeyd etmək yerinə düşər ki, əvvəlcə yalnız maliyyə sektorunu bürüyən böhran sonradan iqtisadiyyatın real sektoruna da keçmişdi. Fond və valyuta bazarlarında yaranmış problemlər qlobal iqtisadiyyatda struktur sarsıntılarına gətirib çıxarmış və xammal bazarlarında güclü dəyişkənliklə müşayiət olunmuşdu ki, bu da ayrı-ayrı ölkələrin və bütöv regionların milli iqtisadiyyatına son dərəcə mənfi təsir göstərmişdi. Əksəriyyətinin korporativ tarixi Avropanın bəzi dövlətlərinin yaşından çox olan ən iri beynəlxalq banklar, o cümlədən Lehman Brothers, Fannie Mae, ING, Northern Rock və ABM Amro kimi nəhənglər müflisləşmə həddinə çatmışdı. 2011-ci ilin martına qədər Amerikanın 350-yə yaxın bankı müflisləşdiyini bildirmişdi. Citigroup, General Motors, AIG və General Electric də daxil olmaqla, ən iri şirkətlər on minlərlə əməkdaşı ixtisar etmək məcburiyyətində qalmışdı. Portuqaliya, Yunanıstan, İslandiya və bir sıra başqa ölkələr ciddi böhran dərəcəsinə çatmış və öz tərəfdaşlarından maliyyə yardımı istəməyə məcbur olmuşdu. Onlar böhranın nəticələrindən hələ də özlərinə gələ bilmirlər.

Maliyyə-iqtisadi böhran bir sıra dövlətlərin sosial siyasətinə də təsir göstərmişdi. Həmin ölkələr öz borclarını yüngülləşdirməyə çalışaraq əhaliyə ödənilən sosial müavinətləri və pensiyaları azaltmağa məcbur olmuş, cəmiyyətin aztəminatlı təbəqələrinə kömək məqsədi ilə nəzərdə tutulan müxtəlif proqramlar kəskin şəkildə məhdudlaşdırılmışdı və s.
Hətta bu gün, dünya iqtisadiyyatının tədricən özünə gəldiyi bir vaxtda da böhranın nəticələri hiss edilir. Onun nəticələri o qədər ciddidir ki, dünyanın bir sıra regionlarında sosial gərginliyə səbəb olur, dünya iqtisadiyyatında resursların qeyri-bərabər paylanması, ərzaq qıtlığı, siyasi qarşıdurmalar kimi xroniki hallar bunu daha da kəskinləşdirir. Bu isə öz növbəsində sosial-siyasi sabitliyin pozulmasına gətirib çıxarır və çox vaxt belə halların nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün olmur. Dünya təcrübəsi göstərir ki, iqtisadi zəiflik, xarici amillər qarşısında tab gətirməmək çox vaxt dövlətlərin suverenliyi və milli təhlükəsizliyi üçün təhlükəyə çevrilir. Nəticədə həmin dövlətlərin bundan sonra hansı istiqamətdə hərəkət etməli olması barədə öyüd-nəsihət verməyə cəhd göstərən çoxlu məsləhətçilər peyda olur və onlar bəzən bunu dövlətlərin daxili işlərinə qarışmaq niyyətlərini gizlətmədən edirlər.

Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı.

Hələ 2004-cü ilin əvvəlində qəbul edilmiş və sonrakı dörd ildə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı iqtisadi artım sürətinin saxlanmasında mühüm rol oynamışdır. Proqram çərçivəsində qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildikdən sonra 2009-2013-cü illər üçün yeni proqram qəbul edilmişdir və hazırda o da uğurla həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf planlarının həyata keçirilməsi, habelə nəzərdə tutulan işlərin yerinə yetirilməsinin gedişi ilə tanışlıq çərçivəsində 2003-cü ildən 2011-ci ilin may ayına qədər respublikanın 58 rayon və şəhərinə 195 səfər etmişdir. Təkcə bu fakt dövlət başçısının bölgələrin hərtərəfli və sürətli inkişafına dərin maraq göstərməsinə dəlalət edir.

2008-2009-cu illərdə dünya böhranının şiddətli vaxtında yaranmış çətinliklər Azərbaycanın xarici borclardan həddən çox asılı olan bir sıra kommersiya banklarına, o cümlədən sistemyaradan banklara da müvəqqəti təsir göstərmişdi. Lakin tənzimləyici dövlət orqanlarının gördüyü səriştəli tədbirlər və müvafiq dövlət fondlarında ehtiyatların həcminin kifayət qədər olması sayəsində bu çətinliklər tezliklə aradan qaldırılmışdı. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı 2003-cü ildən başlayaraq ölkənin kommersiya banklarının kredit bazarında daha ehtiyatlı davranışına yönəlmiş bir sıra qabaqlayıcı tənzimləmə tədbirləri görmüşdü. Böhran ərəfəsində bankların çoxunda əcnəbi ekspertlərin iştirakı ilə yaradılmış və təkmilləşdirilən riskləri idarəetmə sistemləri mövcud idi, aktivlərin və kreditlərin təminatı kimi qəbul edilən girovların keyfiyyətinə dair tələblər sərtləşdirilmişdi.

Prezidentin strateji baxışları çərçivəsində qarşıya qoyulmuş iqtisadi xarakterli vəzifələr iqtisadiyyatın müxtəlif sahələrində mövcud istehsal güclərinin modernləşdirilməsini davam etdirməyə, müəyyən edilmiş müddətlərdə iqtisadiyyatın strukturunu şaxələndirməyə imkan vermişdir. 2004-2011-ci illərdə ölkənin dövlət büdcəsinin mədaxil hissəsi 7,6 dəfə artmışdır. Həmin dövrdə ümumiyyətlə 900 minə yaxın iş yeri, o cümlədən 700 min daimi iş yeri açılmışdır.

2010-cu ildə yerli banklar tərəfindən ölkə iqtisadiyyatına ayrılmış qısamüddətli kreditlərin məbləği 8,8 faiz artmışdır. Uzunmüddətli kreditlər üzrə isə bu göstərici 9,1 faiz idi. 2011-ci il fevralın 1-nə ölkənin bank sektorunun aktivlərinin ümumi həcmi 13 milyard manatdan çox idi. 2010-cu ildə fiziki şəxslərin ölkə banklarındakı depozitlərinin ümumi həcmi 29,7 faiz artaraq ilin yekunlarına görə 3,3 milyard manat olmuşdur.

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2011-ci il aprelin 1-nə 25,7 milyard manata çatmışdır. Həmin tarixdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları da maksimum məbləğə çataraq 6,7 milyard ABŞ dolları olmuşdur.

Onu da vurğulamaq lazımdır ki, qeyri-neft sektorunun inkişafı iqtisadi və sosial xarakterli başqa məsələlərin həlli üçün Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş strateji məqsədlərdən biri olmuşdur. Son 7 ildə ümumi daxili məhsul təxminən 3 dəfə artmış, hətta 2008-2009-cu illərdə dünya maliyyə böhranının ən kəskin dövründə də öz dinamikasını saxlamışdı. Eyni zamanda, qeyri-neft sektorunun inkişaf sürəti bütövlükdə iqtisadiyyatın inkişaf sürətini xeyli qabaqlayırdı. Belə ki, 2010-cu ildə ölkədə ÜDM-in artımı 5 faiz olduğu halda, qeyri-neft sektorunda bu göstərici 7,9 faiz idi.

Uzunmüddətli perspektivdə neft-qaz ehtiyatlarının məhdud olacağını nəzərə alaraq, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə daha çox diqqət yetirir. Bu məqsədlə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilmiş geniş tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kiçik və orta sahibkarlığın fəal kreditləşdirilməsi, o cümlədən uzunmüddətli kreditlərin ayrılması özəl sektorun inkişafına güclü təkan vermişdir. Bu gün Azərbaycan vətəndaşlarının, onun idarəçilik və işgüzar elitasının ən yaxşı nümayəndələrinin "uğur tarixlərinin" əksəriyyəti məhz özəl sektorda müşahidə olunur. Kreditlərin 80 faizinin regionlara verilməsi göstərir ki, iqtisadiyyatın təkcə sektorlar üzrə deyil, həm də respublikanın bölgələri üzrə şaxələndirilməsinin zəruriliyinə diqqət yetirilir.

Təkcə son bir ildə ölkədə beş mindən çox müəssisə açılmışdır. Həm də ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların həcmi saxlanılmaqla onların strukturunda müsbət dəyişikliklər baş verir - investisiyaların üçdə iki hissəsi Azərbaycanın öz kapitalı ilə təmin edilir.
Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi üçün nadir təbii-iqlim şəraiti vardır. Lakin Prezidentin fikrincə, ölkəmiz özünün bu üstünlüyündən hələ yetərincə istifadə etmir. Dünyadakı 11 iqlim qurşağından 9-nun Azərbaycan ərazisində olması il boyu müxtəlif bitkiçilik məhsullarının yetişdirilməsi, eləcə də ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün əlverişli şərait yaradır və biz bu imkanlardan bacarıqla istifadə etməliyik. Azərbaycan iqtisadiyyatının intensiv və dinamik inkişafı, maddi resursların artırılması ölkənin kənd təsərrüfatı qarşısında yeni imkanlar açmışdır. Bu yeni imkanlardan yetərincə və səmərəli istifadə edilməsi aqrar sektorda dövlət siyasətinin ən başlıca vəzifələrindən biridir.

Hazırda kənd təsərrüfatı milli iqtisadiyyatın ən mühüm sahəsidir. 1995-ci ildən etibarən Heydər Əliyevin təşəbbüsü ilə ölkədə radikal torpaq islahatlarına başlanmışdı. Hazırda aqrar istehsalda özəl sektorun payı 99,7 faizdir. Bu isə o deməkdir ki, aqrar sektor bazar münasibətləri əsasında inkişaf edir. Ölkə əhalisinin 47 faizi kəndlərdə yaşayır, məşğul əhalinin 39,7 faizi kənd təsərrüfatı sahəsində çalışır.

Müasir Azərbaycanın həm qida məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək, həm də bəzi məhsul növlərini xarici ölkələrə ixrac etmək üçün bütün imkanları vardır. Həyat səviyyəsinin yaxşılaşması, vətəndaşların pul gəlirlərinin çoxalması adambaşına qida məhsullarına istehlakçı tələbatını yüksəltmişdir ki, bu da öz növbəsində ölkədə ərzaq bazarını genişləndirməyə şərait yaratmışdır.

Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə "2008-2015-ci illərdə əhalinin ərzaqla etibarlı təmin edilməsi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə başlanmışdır. Bu proqram ölkədə yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi, habelə regionların sosial-iqtisadi inkişafı üzrə əvvəlki dövlət proqramlarını uğurlu şəkildə tamamlayır, aqrar, regional-iqtisadi və sosial siyasətdən ibarət, bir növ, üçbucaq yaradır, uzun müddət üçün əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının möhkəm təməlini qoyur.
Aqrar sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması nəticəsində 2010-cu ildə kənd təsərrüfatı müəssisələrinin sayı 2036-ya, sahibkarların sayı 2659-a, emal müəssisələrinin sayı isə 556-ya çatmışdır.

2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı, bütün başqa vergilərdən azad edilmişlər. Bu siyasət 1999-cu ildən tətbiq olunur.
Rayonlarda və kəndlərdə sahibkarlığın dövlət tərəfindən təşviqi prosesi də davam edir. Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən verilmiş kreditlərin çox hissəsi məhz aqrar sahəyə yönəldilmişdir. Dövlət tərəfindən maliyyələşdirilən layihələrin 94 faizi məhz kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrini əhatə edir.

İqtidar yaxşı başa düşür ki, aqrar sahədə dövlət siyasəti daha çevik həyata keçirilməli və əlaqələndirilməli, bu sektorun kadr potensialı gücləndirilməli, institusional problemlər həll edilməlidir. Bu məsələlərin həllini təmin etmək üçün Prezident İlham Əliyev 2011-ci il mayın 3-də "Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" Sərəncam imzalamışdır. Bu, aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsində və aqrar elmin yenidən təşkilində mühüm vəsilə olacaqdır.

2010-cu il bir də onunla əlamətdar olmuşdur ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də qaz ölkəsi statusunu növbəti dəfə təsdiqləmişdir. Təsdiq edilmiş ehtiyatlarının həcmi 200 milyard kubmetrə çatan "Ümid" qaz yatağı açılmışdır. Bu tarixi layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi aktoru statusuna transformasiyası şəraitində ölkənin geoiqtisadi əhəmiyyətini yeni səviyyəyə yüksəldir.

Prezident İlham Əliyev ölkənin daxili simasını dəyişməklə bərabər, həm də onun regional funksionallığını modifikasiya etmişdir. Hazırda regional əhəmiyyətli şimal-cənub və şərq-qərb istiqamətində yollar çəkilir, Çindən Avropaya qədər geniş bir məkanı əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bunlarla yanaşı, yeni lokomotivlər və qatarlar, təyyarələr, gəmilər və bərələr alınır, çünki Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi artmaqdadır. Bütün bu infrastruktur layihələrinin həyata keçirilməsi, Bakıda yeni aeroport kompleksinin və dəniz limanının tikilməsi, şübhəsiz ki, Azərbaycanın bütün regionun mərkəzi nəqliyyat qovşağına və rəqabətədavamlı logistika mərkəzinə çevrilməsinə şərait yaradacaqdır.

Müasir Azərbaycanın iqtisadi siyasətindən və modernləşmə xəttindən danışarkən informasiya və kommunikasiya texnologiyaları sahəsinə toxunmamaq olmaz. Son üç ildə Azərbaycan bu sahənin inkişaf dinamikasına görə MDB ölkələri arasında liderlik edir. Belə ki, BMT-nin məruzəsinə görə, ölkələrin elektron hökumət yaradılmasındakı uğurlarını əks etdirən "United Nations e-Government Survey-2010" indeksi üzrə Azərbaycan dünyanın 192 ölkəsi arasında 83-cü yeri, "e-iştirak" indeksinə görə isə 157 ölkə arasında 68-ci yeri tutmuşdur.

Prezidentin müəyyən etdiyi strategiyaya görə, Azərbaycan yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsindən gələn gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılmasına nail olmağı planlaşdırır. Prezident hələ 2003-cü ildə Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə həsr edilmiş dünya sammitindəki çıxışında dəqiq göstərmişdir ki, Azərbaycanın əsas məqsədi özünün "qara qızıl"ını insan kapitalına çevirməkdir və bu işdə aparıcı rollardan biri informasiya texnologiyaları sahəsinə məxsusdur. İKT artıq bu gün öz həcminə və potensialına görə energetika sahəsindən sonra ikinci yeri tutur, lakin inkişafın perspektivləri və dinamikası baxımından bu sektor şəksiz liderdir. 2003-cü ildən bəri bu sahədə orta illik artım sürəti 30-32 faiz səviyyəsində olmuşdur, halbuki dünya üzrə illik artım orta hesabla cəmi 10 faizdir. Yalnız böhranlı 2009-cu il istisna təşkil etmiş, həmin il artım dinamikası 13-14 faizə düşmüşdü. Son yeddi ildə İKT sektorunun həcmi 5 dəfə artmışdır və hazırda 1,5 milyard ABŞ dollarına yaxındır. Bu isə Azərbaycanda bütövlükdə ÜDM-in 1,9 faizinə və qeyri-neft sektorunda ÜDM-in 4,3 faizinə bərabərdir. Hər il büdcədən bu sahəyə ayrılan birbaşa investisiyalar 50-60 milyon dollardan çoxdur. Ümumiyyətlə, son dörd ildə rabitə və informasiya texnologiyaları sahəsinə 600 milyon dollardan çox sərmayə qoyulmuşdur. Təkcə son beş ildə Azərbaycan bazarlarına və regiondakı digər bazarlara 500-dək yeni
İT - şirkət çıxmışdır. Davos Dünya İqtisadi Forumunun "The Global

Information Technology Report 2010-2011" hesabatında göstərilir ki, şəbəkə hazırlığının səviyyəsinə (The Network Readiness Index) görə Azərbaycan dünyanın 138 ölkəsi arasında 70-ci yeri tutur.

Azərbaycan Prezidentinin müəyyən etdiyi strategiyaya görə, "Virtual zona" layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə çərçivəsində bütün ölkə, bir növ, "makrotexnopark"a çevriləcəkdir. Layihə çərçivəsində güzəştlər konkret əraziyə deyil, İT fəaliyyətinin müəyyən növlərinə şamil ediləcəkdir. Vergi və gömrük güzəştləri, ucuz kreditlər, bütün zəruri infrastruktur - bunların hamısı İKT sahəsində biznes fəaliyyətini asanlaşdırmalıdır.

Ümumdünya inteqrasiyası, təhsilin beynəlmiləlləşməsi və qlobal maliyyə axınlarının günbəgün sürətlənməsi şəraitində bütövlükdə İKT, o cümlədən İnternet hər bir fərdin həyatının ayrılmaz tərkib hissələrinə çevrilir. Buna görə də dövlətin vəzifəsi ən yaxın perspektivdə hər bir vətəndaşın informasiya-kommunikasiya texnologiyaları ilə qarşılıqlı münasibətlər sahəsinə maksimum cəlb olunmasını təmin etməkdən ibarətdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın ilk orbital peykinin buraxılması layihəsi çərçivəsində işlər davam edir. Bu layihənin əhəmiyyətini qiymətləndirməmək olmaz. O, iqtisadiyyatdan daha çox informasiya baxımından əhəmiyyətlidir və Azərbaycanın müasir və uğurlu ölkə statusunu vurğulayır.

Şübhəsiz ki, Prezidentin iqtisadi siyasətinin əsas məqsədi Azərbaycanın ixrac potensialını genişləndirmək, xarici şirkətləri ölkəmizdə bütövlükdə Cənubi Qafqaz və Xəzər hövzəsi regionuna xidmət edəcək regional ofislərin və nümayəndəliklərin təşkilinə cəlb etməkdir. Azərbaycan xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaqla bərabər, ölkə iqtisadiyyatı özü də iri investora çevrilir, dünya iqtisadi məkanında özünün müsbət imicini transformasiya edir. 2003-2010-cu illərdə Azərbaycan fəal investisiya siyasəti həyata keçirmiş və başqa ölkələrin iqtisadiyyatına 5,7 milyard dollar sərmayə qoymuşdur. Şübhəsiz ki, Azərbaycanın maliyyə ehtiyatları bu göstəricini bir neçə dəfə artırmağa və dünyanın bir sıra regionlarında həyata keçirilən qlobal layihələrdə Azərbaycanın iştirakını təmin etməyə imkan verəcəkdir.

Bütün bunlar onu göstərir ki, artıq bu gün yeni texnologiyalar sahəsində gələcək uğurların təməli qoyulur. Bu, Azərbaycan iqtisadiyyatına nəinki çox güclü təkan verəcək, həm də Prezidentin həyata keçirdiyi strateji layihələrə uyğun olaraq, gəlirlərin şaxələndirilməsini təmin edəcəkdir.

Müasir dövrün qarşıya qoyduğu vəzifələrə və çağırışlara uyğun olaraq ölkənin bundan sonrakı modernləşmə və inkişaf xətti İlham Əliyevin aşağıdakı sözlərində vurğulanmışdır: "Biz 10 il, 20 il, 50 il qabağa baxmağa çalışmalıyıq. Dünya necə inkişaf edəcək?! Azərbaycan nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?! Demoqrafik vəziyyət necə olacaq?! ...Bu gün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin edəcəkdir".

ZAMANIN SEÇİMİ


Prezidentin seçdiyi daxili və xarici siyasət xəttinin uğurları, bu xəttin ölkə əhalisi tərəfindən dərk edilmiş şəkildə qiymətləndirilməsi və qəbul olunması Azərbaycanda onun özünə xas olan, qlobalist romantizmdən azad, Azərbaycan dövlətçiliyinin qurulmasının tarixi prosesinin reallıqlarını nəzərə alan və milli inkişafın məntiqindən irəli gələn konsolidasiya edilmiş demokratiya modelinin, yaxud ABŞ-ın vitse-prezidenti Dik Çeyninin təbirincə desək, "soverign democracy" modeli yaratmaq yolundakı gələcək fəaliyyəti stimullaşdırır.

Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, öz inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar paralel, kəsişmədən, bir-birini qabaqlamadan həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

Demokratiya milli maraqların və dövlət müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz. Bizim hər birimiz demokratiyanı öz daxilimizdə "yetişdirir", sonra isə onu ictimai-siyasi səviyyəyə ötürürük. Bu gün başqa geosiyasi və etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış təcrübəni "qəflətən daxil etmək", "kor-koranə köçürmək", "gətirmək" olmaz. Hər bir cəmiyyət onun yeni idarəçilər, top-menecerlər, intellektuallar nəsli formalaşdıqca, sosial-iqtisadi bazis dəyişdikcə demokratikləşir və daha şəffaf olur. Bu, bir-birindən asılı olan, iqtisadi inkişafın milli dünyagörüşü ilə dəstəklənən siyasi transformasiyalarla yanaşı getdiyi, onların bir-birini qabaqlamadığı prosesdir. Bu həqiqətlərin başa düşülməsi Prezidentin Azərbaycanda demokratik transformasiya məsələsinə yanaşmasını formalaşdırır.

Bir neçə il bundan əvvəl ABŞ Prezidenti C.Buş (oğul) "hər yerdə demokratiya" anlayışını adi danışıq dilinə daxil etməyə cəhd göstərmişdi. Lakin ətrafa nəzər saldıqda, geosiyasi maraqlar naminə geoiqtisadi demarşları təhlil etdikdə istər-istəməz bu qənaətə gəlirsən ki, "hər yerdə mövcud olan demokratiya", çox ehtimal ki, utopiyadır. Hərbi qüvvə vasitəsilə devrilmiş və müdaxilələrə, "demokratikləşməyə" məruz qalmış məkanlar təkcə milli suverenliyin itirilməsi, qlobal inteqrasiya prosesləri ilə əlaqədar sərhədlərin silinməsi təhlükəsi ilə üzləşmir, həm də ehtimal edilən rəqabət mübarizəsindən xeyli dərəcədə kənarda qalır, yanacaq-energetika sahəsi, strateji kommunikasiyalar üzərində nəzarəti itirir. Belə məkanlarda innovasiya və texnologiyalar yalnız "strateji tərəfdaşlıq" çərçivəsində satın alınan məhsul kimi mümkündür. İnkişafın idxal edilmiş modelinin təzyiqi altında cəmiyyətlər düşərgə baraklarına çevrilir, ölkələrin müdafiə qabiliyyətinin zəifləməsi isə onları "forpostlara" çevirir.

İnstitusional əsasları zəif olan ölkələr üçün milli ideya və ya milli identiklik kimi amillər yoxdur. Ona görə ki, cəmiyyətin daxili bazisi kənardan olan nəzarətə və direktivlərə tabedir. Bu isə ona gətirib çıxarır ki, ya milli "Mən" və suverenlik, bunun nəticəsi kimi dövlətçilik tədricən itirilir, yaxud da sərt radikallaşma və təcavüzkar millətçiliyin güclənməsi kimi əks proses gedir. Bunların hər ikisi sabitlik, dövlətin və onun vətəndaşlarının təhlükəsizliyi üçün çox qorxuludur. Hər ikisi sonda hərc-mərcliyə, xaosa və çox ola bilsin ki, anarxiyaya gətirib çıxarar.

Qərb analitiklərinin fikrincə, istənilən modernləşmə vesternləşməyə, yəni "qərbləşməyə" gətirib çıxarmalıdır. Düzdür, cəmiyyətlər özləri seçim etməlidir, lakin vesternləşmə olmadan modernləşmə şansı çox cüzidir. Böyük qalmaqala səbəb olmuş "Sivilizasiyaların toqquşması?" bestsellerinin müəllifi S.Hantinqton bu barədə kifayət qədər dəqiq yazmışdır. Bununla belə, gözümüzün qabağında heyrətamiz siyasi metamorfozlar baş verir: dəbdə olan "qloballaşma" terminindən istifadə etməklə cəmiyyətin milli dayaqları yox edilir, "gecə gözətçisi dövləti" layihəsi həyata keçirilir, dövlətin qüdrəti zəifləyir. Bu baxımdan F.Fukuyama ilə razılaşmamaq çətindir. O yazır: "Güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir, çünki dövlətlərin zəifliyi və dağılması yoxsulluqdan tutmuş, QİÇS, narkotiklər və terrorizmə qədər bir sıra çox ciddi problemlərin mənbəyidir" (Fukuəma F. Silğnoe qosudarstvo. M., 2006, s. 5).

Dünyanın ən böyük siyasi filosoflarından və sosioloqlarından biri olan Ziqmunt Baumanın fikrincə, "bu gün baş verən qloballaşma hər cəhətdən mənfi qloballaşmadır, dövlət sərhədlərinə, yerli maraqlara, hüquqlara, imtiyazlara və digər məqamlara məhəl qoymamaqda ixtisaslaşan qüvvələrin qloballaşmasıdır. İndiyə qədər qloballaşmış qüvvələr, güclər milli dövlətlərin qüdrətini, qabiliyyətini azaltmaqda davam edən elə həmin qüvvələrdir. Buraya maliyyə, qloballaşan ticarət, informasiya, habelə cinayətkar təşkilatlar (müxtəlif mafiyalar), silah və narkotiklər alveri, beynəlxalq terrorizm aiddir" (bax: "Polit.ru", 6 maə 2011 q.).

Prezident İlham Əliyevin milli dövlət quruculuğu, Azərbaycanın demokratik inkişafı məsələləri barədə mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə, səmərəli siyasətə, ən başlıcası isə Azərbaycanın milli maraqlarına söykənən milli ideyanın gerçəkləşməsinin nəzərə alınmasına əsaslanır. Cəmiyyətin bu dərk edilmiş obyekt