Rəsul Quliyevin prezidentlik iddiasına müxalifətdən cavab

resul-quliyevin-prezidentlik-iddiasina-muxalifetden-cavab
Oxunma sayı: 657




“Bu gün real olaraq kimin seçilib seçilməyəcəyi aktual deyil. Hazırda kimin reytinqi daha yüksəkdirsə, onun seçilmək şansı daha çoxdur”. Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli Rəsul Quliyevin “2013-cü ildə mən prezident seçiləcəyəm” fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda da 2013-cü ilin prezident seçkiləri aktual deyil: “Biz İctimai Palata olaraq Parlament seçkilərinin yenidən keçirilməsi tələbəni irəli sürmüşük. Eyni zamanda demokratiyaya yumşaq keçidin “Yol xəritəsi”ni də hazırlayıb hökumətə təqdim etmişik”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə düşünür ki, indi bu barədə danışmaq tezdir: “Prezident seçkilərinə iki ilə yaxın vaxt var, bu vaxt ərzində dünyada çoxlu proseslər baş verə bilər, ona görə də bu barədə indidən danışmaq tezdir”. Onun sözlərinə görə, həm iqtidardan, həm də müxalifətdən prezidentliyə iddialı olanlar eyni dərəcədə şansa malikdir: “2013-cü ildə nə baş verəcəyi barədə dəqiq bir şey demək olmaz. Ona görə də, hər iki tərəfin namizədləri qeyri-müəyyənlik qarşısında bərabər şansa malikdir”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə bunu Rəsul Quliyevin 2013-cü illə bağlı proqnozu kimi qiymətləndirib: “Hər kəsin söz demək haqqı var, bu da onun fikridir. O belə görür, belə düşünür, ona görə də belə fikir səsələndirir”. Partiya sədri vurğulayıb ki, bu, Rəsul Quliyevin mövqeyidir: “O, öz mövqeyini qoyur ortaya, amma bunu ABŞ-dan edir, öz mövqeyini oradan bildirir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, Rəsul Quliyev namizədliyini verəcəyi təqdirdə ona rəqib olacaq: “Namizəd olarsa, bizə rəqib olacaq və hər kəs də öz şansını yüksək qiymətləndirir”. Rəsul Quliyevin prezident seçilməsinin real olub-olmamağına gəlincə isə partiya sədri “hər halda ümid yaxşı şeydir” deməklə kifayətlənib.

Fatimə Kərimli