Rusiya müxalifəti küçələrdə

rusiya-muxalifeti-kucelerde
Oxunma sayı: 687

Onun sözlərinə görə, müxalifət liderlərindən Vladimir Rıjkov, sabiq baş nazir Mixail Kasyanov, baş nazirin sabiq I müavini Boris Nemtsov, sabiq maliyyə naziri Aleksey Kudrin, məşhur yazıçı Boris Akunin, publisist Dmitri Bıkov, ünlü jurnalist Olqa Romanova, musiqi tənqidçisi Artemiy Troitski, keçmiş SSRİ prezidenti Mixail Qorbaçov, şahmatçı Harri Kasparov, iş adamı və prezidentliyə namizəd Mixail Proxorov da aksiyaya qatılıb.

***

Müxbirin özəl qeydlərindən: “Rusiyanın müxalifət düşərgəsi uğurlu 10 dekabr mitinqindən sonra növbəti aksiyanı dünən saat 14-ə təyin etmişdi. Mitinqin şüarı “Ədalətli seçkilər uğrunda” idi. Moskva meriyası onlara istədikləri yeri verməsə də hər halda şəhərin mərkəzindəki Saxarov prospektini qıymışdı. Mitinq 4 saat davam etməli idi. Mən metronun “Komsomolskaya” stansiyasından çıxanda saat 11-in yarısı idi. Küçələr polislə dolu idi. “Yeni Müsavat”ın müxbiri olduğumu bildirən lövhəciyi çıxarıb boynumdan asdım.

Saxarov prospektinin başlanğıcından polis yolu dəmir barmaqlı arakəsmələrlə bağlamışdı. Ümumiyyətlə, mitinq keçirilən prospektə çıxan bütün yollar bağlanmış, hər yerə xüsusi metal qapılar qoyulmuşdu. Elektron detektorlu bu qapıları qoymaqda məqsəd aksiyaya silah və partladıcı keçirilməsinin qarşısını almaq idi. Bu qapıdan prospektə keçdim. Heyrətamiz mənzərə idi, o boyda meydanda qar yox idi, meriya mitinq keçiriləcək yeri təmizləmişdi. Diqqətçəkən məsələlərdən biri də meydanda yüzlərlə ictimai ayaqyolunun quraşdırılması idi. Belə şeylərə adətən Qərbdə rast gəlinir. Razılaşdırılmış Moskva mitinqi ilə Bakı mitinqinin fərqini bir daha gördüm. Müxtəlif elektron qurğularla təchiz edil nəhəng bir səhnə quraşdırılmışdı. Operatorların yuxarıdan daha asan çəkiliş apara bilməsi üçün kran gətirmişdilər. Səhnənin arxasında mitinq təşkilatçıları üçün çadırlar quraşdırılmışdı. Təşkilatçıların boynundan “Təşkilatçı”, “Təhlükəsizlik” və “Mətbuat” yazılmış lövhəciklər asılmışdı. Bayırda bir maşının arxasında səhra mətbəxi vardı. Orada soyuq havada mitinqçilərə isti çay verirdilər”.

***

T.Yaqublunun sözlərinə görə, mitinqin təhlükəsizliyini gücləndirilmiş polis heyəti və Daxili Qoşunların əsgərləri təmin edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya vertolyotlarla nəzarət edib. Əməkdaşımızın verdiyi xəbərə görə, Saxarov prospekti bir anda insanlarla dolub. Onun sözlərinə görə, meydanda 120-130 min arası adam olub; bu, son 20 ildə Rusiyada qeydə alınan ən güclü etiraz aksiyasıdır: “Ona görə də mitinqin aparıcısı Vladimir Rıjkov polisə müraciət edərək tələb etdi ki, onlar dairəni genişləndirsin, kordonu geriyə çəksin ki. insanlar meydana toplaşaraq çıxış edənlərə sərbəst qulaq asa bilsinlər”.

T.Yaqublu bildirib ki, mitinqdə çıxış edənlər seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirib və Putin-Medvedyev rejiminin hakimiyyətdən getməsinin vaxtının çatdığını vurğulayıblar. Yazıçı B.Akunin mitinqçiləri “Şərəfli Rusiya” adlı ictimai birlikdə birləşməyə çağırıb və vurğulayıb ki, bu hərəkatın məqsədi şərəfli, dürüst dövlətdə yaşamaqdan ibarət olmalıdır. O, Putinin liderlik etdiyi hakim komandasını “bandit yuvası” adlandırıb və mitinq iştirakçılarından onun yenidən prezident olmasını razı olub-olmadıqlarını soruşub. Saxarov prospektinə yığılanlar bir ağızdan “yox” deyə qışqırıb.

B.Nemtsov çıxışında mitinqçilərin keçən dəfəkindən çox olduğuna diqqət yönəldib və deyib ki, növbəti mitinqi fevralda keçirmək lazımdır. B.Nemtsov deyib: “Oğru Kremldə oturmamalıdır. Putinin qərargah rəisi Qovoruxin bununla yüz faiz razıdır. Putinsiz yeni iliniz mübarək, Putinsiz yeni iliniz mübarək. Rusiya azad olacaq, Rusiya azad olacaq”.

Əməkdaşımızın verdiyi xəbərə görə, mitinqdə iştirak edənlərin sayının bir neçə dəfə artmasından sonra keçmiş maliyyə naziri A.Kudrin də çıxış edib. O, tezliklə yeni parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb və deyib ki, legitim hakimiyyət əldə etmək üçün seçkilər dürüst və qanuni keçirilməlidir.

M.Kasyanov da eyni fikirləri bildirib. Deyib ki, prezident seçkilərini martdan aprelə keçirmək və qanuni parlament seçkiləri keçirmək vacibdir. Müxalifətdə olan siyasi xadim İlya Yaşin isə deyib ki, “biz qan, inqilab, vətəndaş müharibəsi istəmirik, istədiyimiz yalnız ədalətli seçkidir”.

T.Yaqublunun verdiyi xəbərə görə, “Ədalətli seçki” tələbi ilə keçirilən və axşam saatlarında başa çatan mitinqdə qətnamə qəbul edilib. V.Rıjkov mitinqin qətnaməsini oxuyub:
1. Bütün siyasi məhbusların təcili azad edilsin.
2. Seçkinin nəticələrinin ləğv olunsun.
3. MSK sədri Çurovun istefa versin, pozuntular araşdırılsın və günahkarlar cəzalandırılsın.
4. Müxalifət partiyaları qeydiyyata alınsın, 2012-ci ilin fevralından gec olmayaraq siyasi partiyalar haqqında yeni qanun qəbul edilsin.
5. Yeni azad və ədalətli Duma seçkisi keçirilsin.
6. Seçicilərin Moskva Birliyi yaradılsın.
7. Vətəndaşlara çağırış: 2012-ci il martın 4-də keçiriləcək prezident seçkisində Vladimir Putinə bir dənə də səs verməyin.
Bu tələblərdən 5-i bundan əvvəl Bolotnaya meydanında qəbul edilmiş və yerinə yetirilməyən tələblərdir. Müxalifət liderləri bildirib ki, əgər tələbləri yerinə yetirilməsə, yenidən toplaşacaqlar.
Mitinqin sonunda “Putinsiz Rusiya” şüarları səsləndirilib.
Moskva ilə yanaşı Rusiyanın digər iri şəhərləri də aksiyalara qoşulub. Sankt-Peterburqdakı icazəli aksiyada müxalifətin 2000-dən çox tərəfdarı toplaşıb. Mitinqdə çıxış edən Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov bəyan edib ki, onlar Peterburq və Həştərxanda keçirilən seçkilərin nəticələrini tanımır və ölkədə yeni seçki keçirilməlidir.
Dünən Novosibirskdə isə 30 dərəcə şaxtalı havada keçirilən aksiyada minlərlə insan iştirak edib. İrkutsk, Çita, Tomsk, Yekaterinburq, Sibir, Vladivostok və Uzaq Şərq də daxil olmaqla Rusiyanın bir çox regionlarında ədalətli seçki tələbi ilə mitinqlər keçirilib. Barnaulda icazəsiz aksiya dağıdılıb. İki nəfərin saxlandığı xəbər verilir.

musavat.com