Rüsumdur, ya rüşvət?

rusumdur-ya-rusvet
Oxunma sayı: 6598

İşsizlik bir yandan, qiymət artımı, inflyasiya bir tərəfdən lap boğaza yığılmışdım ki...
Bu aralar yolum Binəqədi Rayon Qeydiyyat Şöbəsinə düşdü. Allah qoymasa Subaylıq haqqında arayış alacaqdım. Qeydiyyat şöbələrində bu məlumatlar niyə elektron bankdan yoxlanılmır, müraciət edən qapı-qapı düşüb arayış axtarır və s. bunlar başqa yazı mövzusudur.

Orada çalışan xanımlar bir-biri ilə yarım saat məişət söhbəti etdikdən sonra müraciətçiyə, yəni mənə otağa girməyə icazə verdilər. Dərdimi dedim. Xanım çox böyük gülərüzlülüklə yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsi və ərizə ilə yaxınlaşmağımı xahiş etdi. Buracan hər şey yaxşı qurtarmışdı. Elə ki, mən tələb olunan sənədləri təqdim edib, otaqdan çıxırdım, xanım eyni ilə əvvəlki sevgi, qayğı, gülərüzlülüklə on bir manat ödəməyimi istədi. Nə üçün olduğunu soruşduqda qadının sifətinin aldığı nifrət, kinayə dolu baxışı burada sözlə yazmaq mümkün deyil.

Rüsumdurmu? deyə soruşdum. Utanmazcasına “bəli” dedi. Hansı banka ödəməyim lazımdır dedikdə, pulu ona verməyimi istədi. Xeyr, banka ödəniş edib, çeki gətirərəm dedim. Xanım min bir minnətlə bankın adını dedi.

Havaların o soyuq, şaxtalı, qarlı günlərində Şamaxinkadan basıb gəldim 28 may metrosu yaxınlığındakı bankın əsas şöbəsinə. Çox uzatmıram, qısası məlum oldu ki, belə adlı rüsum yoxdur. Bank ancaq evlənmə və boşanma olduqda rüsum alıb, çek verir.
Həftə tamam olduqda arayışı almaq üçün yenidən Bakı şəhəri, Binəqədi rayon qeydiyyat şöbəsinə getdim. Heç bir şey demədən arayışı alıb çıxacaqdım. Xanımlar pul ödəməyən qız olduğumu anlayıb məni düz apardılar Şöbənin rəisi Tavat İsmayılovanın yanına. Tavat xanım işçilərinin yanında mənə nə desə yaxşıdır. Sitatı olduğu kimi yazıram.
“Ay qızım niyə pul vermək istəmirsən. Axı biz də bunların yazdığını (qızdırıcı pletkanı göstərir), buranın təmirinin pulunu veririk”.
Niyə verməliyəm dedim. Sizin probleminizdir. Narazısınızsa işləməyin. “O boyda” rəis “çıx bayıra, verin arayışını getsin, lazım deyil” deyib, öz ağlınca məni qovdu.

Mənsə sevinirdim on bir manat qabağa olduğum üçün.

Amma bir azda məyus idim. Axı hamı mənim kimi “üzlü”, haqqının arxasıyca düşən deyil. Axı bu Tavat xanım kimilərə kimsə başa salmalıdır etdiyinin cinayət tərkibli olduğunu. Ən azından oradakı işçilərin Allahı olmalıydı hamilə qadını o soyuqda, o qarda yalandan banka gördərməməkçün.

Orada oturub hər gün onlarca vətəndaşa haqqı olan arayışı 11 manata satmaq, tinlərdə tiryək satmaqdan daha rəzildir, daha pisdir, iyrəncdir Tavat xanım. Hər ikisi haramdır, günahdır, cinayətdir çünki. Cinayət demişkən sonda bu yazım aidiyyatı orqanlara da məlumat vermiş olsun. Rüşvətxorluq və korrupsiya ilə mübarizədə Prezident xalqdan kömək istəmişdi, “məlumat verin” demişdi. Mən yazımla vətəndaş kimi ona kömək etdim, indi növbə sizindir.

Gedin araşdırın Tavat xanım on bir manatın nə qədərini qızdırıcıya nə qədərini şöbənin təmirinə, nə qədərini cibinə qoyur.