Şahin Həsənlinin səhhəti pisləşdi

sahin-hesenlinin-sehheti-pislesdi
Oxunma sayı: 641

Aylardır ürək və bel ağrılarından əziyyət çəkən Ş.Həsənlinin indi də ayaqları tutulub. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi isə məhbusun müalicəsinə heç bir şərait yaratmır.
AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, vəkili Əlayıf Həsənov Penitensiar Xidməti məhkəməyə verəcək: “Şahin bəyin səhhətindən çox narahatıq. O, ürək və bel ağrılarından əziyyət çəkirdi, indi ayaqları şişşib və demək olar ki, hərəkət edə bilmir. Kalon rəhbərliyi onun səhhətinə olduqca laqeyd yanaşır. Bu səbəbdən vəkili Penitensiar Xidməti məhkəməyə verəcək. Vəkil Şahin bəyin özü ilə də görüşməyə çalışacaq. Həbsxana şəraitində Şahin bəyin vəziyyəti gündən-günə ağırlaşacaq. O, təcili olaraq müalicə müəssisəsinə köçürülməlidir. Məsələ ilə bağlı hüquq müdafiəçisi Eynulla Fətullayevə də müraciət etmişik”.
Eynulla Fətullayev isə qəzetimizə açıqlamasında artıq Ş.Həsənli ilə bağlı Penitensiar Xidmətə sorğu göndərdiyini bildirdi: “Sabahdan (bügündən-red:) etibarən bu istiqamətdə fəaliyyətə başlayacam. Sorğuda xahiş etmişəm ki, Şahin Həsənlinin səhhəti nəzarətə götürülsün. Çünki ambulator müalicə nəticə vermir. Ona görə də stasionar müalicə keçməli, eyni zamanda daxili orqanları müayinə olunmalıdır. Görüşümüz zamanı o mənə mədə-bağırsaq ağrılarından da şikayət etmişdi. Mənə məlumat çatıb ki, artıq onun ayaqları şişib. Sabahdan (bugündən - red.) etibarən onun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı qərarın əldə olunmasına çalışacam. Zərurət olsa, Şahin bəyin özü ilə də görüşəcəm. Amma mən hesab edirəm ki, problem olmayacaq”.
E.Fətullayev onu da bildirdi ki, beynəlxalq təşkilatlardan biri bu yaxınlarda Ş.Həsənlinin ailəsinə maddi yardım göstərəcək: “Bir neçə gün əvvəl biz həmin quruma müraciət etdik ki, Şahin Həsənlinin ailəsinə yardım edilsin. Müsbət cavab almışıq və bu yaxınlarda onun ailəsinə maliyyə yardımı ediləcək”.

azadliq.info