“Sarkisyan Şuşada hərbi parad, biz isə Bakıda gül bayramı keçirdirik” – Müsahibə

sarkisyan-susada-herbi-parad-biz-ise-bakida-gul-bayrami-kecirdirik-musahibe
Oxunma sayı: 661


Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli ilə söhbətimizi aktual edən əsas məqam Forum üzvləri ilə İctimai Palatanın Koordinasiya Şurasının üzvləri arasında keçirilən son görüşdə bir sıra vacib razılaşmaların əldə olunması idi. Azərbaycanın görkəmli tarixçisi, dəyərli alimimizlə söhbətdən ortaya çıxan qənaətim həm də bu oldu ki, o, ölkənin bu günü və sabahından çox ciddi narahatçılıq keçirdiyi üçün digər həmfikirləri ilə birgə yaşının bu çağında, araşdırmalarının çoxluğu şəraitində siyasət meydanına girməyə vadar olub.


- Cəmil müəllim, Ziyalılar Forumu ilə İctimai Palatanın (İP) birgə fəaliyyəti hansı perspektivləri vəd edir?

- Mən birgə fəaliyyət deməzdim. Biz ayrı-arılıqda fəaliyyət göstəririk, lakin bir sıra məqamlarda maraqlarımız üst-üstə düşür. Əməkdaşlıq məqamları var və İctimai Palata ilə Ziyalılar Forumunun fəaliyyətində kəsişən məqamlar kifayət qədərdir. Biz də bu kəsişən məqamlara istinad edərək müəyyən bir əməkdaşlıq formaları nəzərdə tuturuq və İctimai Palataya dəstək veririk. Bu daha çox mənəvi dəstəkdir. Çünki İctimai Palata bu gün siyasi mübarizinin ağırlıq yükünü öz çiyinlərində aparır. Onlar meydanlardadırlar, Döyülən, söyülən, həbs edilən, zindanlara atılan və hakimiyyətin bütün məkrli, anti-sivil, aləmi mədəniyyətə zidd olan oyunlarının başlıca hədəfi İctimai Palatadır. Biz onlara dəstək verməyi özümüzün mənəvi borcumuz hesab edirik. Onların uğrunda mübarizə apardıqları rüşvətsiz, korrupsiyasız, azad və demokratik Azərbaycanın uğrunda biz də maraqlıyıq. Amma İP-lə yanaşı, biz respublika siyasi palitrasında olan digər ictimai-siyasi qurumlarla əməkdaşlıq edirik. Yəni bizim fəaliyyətimiz tək İctimai Palataya yönəlməyib. Demokratiya, azad, ədalətli seçkilər uğrunda, korrupsiya və rüşvətxorluqla mübarizə istiqamətində mövqeyi, addımları olan təşkilatlarla, ayrı-ayrı şəxslərlə, ictimai-siyasi qurumlarla əməkdaşlıq etməkdə maraqlıyıq. Bizim İctimai Palatanın Koordinasiya Şurası ilə geniş formatda görüşümüz keçirildi və bir sıra məsələlər, o cümlədən müəyyən əməkdaşlıq formaları müzakirə edildi. Biz Demokratik Müşavirə formasında bir tədbirin keçirilməsini əvvəlki görüşümüzdə də müzakirə etmişdik. Həmin məsələ bu görüşdə də müzakirə mövzusu oldu və İP-lə Ziyalılar Forumunun birgə keçirilməsi nəzərdə tutulan Demokratik Müşavirənin hazırlanması və keçirilməsi istiqamətində fikir mübadiləsi edildi. Eyni zamanda biz siyasi məhbusların, vicdan məhbuslarının azad edilməsi istiqamətində öz sözümüzü demişik, bu istiqamətdə bir sıra addımlar atmış, müraciətlər etmişik. Budəfəki görüşün nəticələrindən biri də İctimai Palata ilə Ziyalılar Forumunun rəhbərliklərinin vicdan məhbuslarının və bütövlükdə siyasi məhbusların azad edilməsi ilə bağlı birgə bəyanatla çıxış edilməsindən ibarət oldu. Hesab edirəm ki, bu, faydalıdır və kifayət qədər əhəmiyyətli bir məsələdir, bu istiqamətdə əməkdaşlıq davam edəcək. Bu gün siyasi mülahizələrlə həbs edilmiş adamların zindanda saxlanılması Azərbaycanda avtoritarizmin bütün mahiyyətini, onun feodal təbiətini ortaya qoyur. Məsələnin ümumdünya xarakteri alması da, məhz bununla bağlıdır.

- İctimai Palatanın növbəti aksiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında (bu gün-red.) olacaq. Ziyalılar Forumu səviyyəsində aksiya mövzusu müzakirə olunubmu?

- Mən də hesab edirəm ki, “20-ci sahə”yə getməkdən imtina etmək doğru qərardır. Ora kütləvi tədbir üçün yararlı yer deyil. Ona görə yox ki, şəhərin kənarındadır. Bu yer sadəcə olaraq miskin xarakter daşıyır. Nəqliyyatın daşıma imkanlarında çətinliklər var, son dərəcə bərbad vəziyyətdə olan məhəllələrin içərisindən dolanıb getmək lazım gəlir. Üstəlik, “20-ci sahə”yə gedən yolu hakimiyyət orqanları nəzarət altına ala bilirlər. Bu baxımdan İctimai Palata kimi nüfuzlu bir təşkilatın belə bir yerdə kütləvi aksiya keçirməsi məqsədəuyğun deyil və biz Ziyalı Forumu olaraq İP-in bu qərarını müsbət dəyərləndiririk. Eyni zamanda şəhərin müəyyən olunmuş yerlərində kütləvi aksiyalar keçirmək hər bir vətəndaşın, təşkilatın konstitusion haqqıdır və bu hüquq hökumət tərəfindən təmin edilməlidir. Necə ola bilər ki, on nəfər velosiped sürənə görə, şəhərin bütün mərkəzi yollarını eyni vaxtda bağlamaq olar, amma on mindən yuxarı vətəndaş Azərbaycan konstitusiyasına əsasən öz fikrini ifadə etmək üçün yer istəyəndə, avtomobillərin sıx hərəkətini bəhanə edərək yer verməkdən imtina edilir? Bakıda avtomobil nəqliyyatının hərəkəti elə bərbad vəziyyətə salınıb ki, ümumiyyətlə, hakimiyyət orqanları tərəfindən belə bir cavabın verilməsi məsuliyyətsiz bir addımdır.

- “Eurovision” ərəfəsi dialoq atmosferinin yaranacağı, 2 aprel məhbuslarının azad olunacağı gözlənilsə də, hələ ki, bütün bunlar baş verməyib. Belə bir situasiyanın perspektiv nə vəd edir?

- Yalnız müxalifətin istəyi ilə dialoq baş tuta bilməz. Tarixi bir təcrübə var. Dialoqa bir qayda olaraq xalqın real səsi ilə seçilən hakimiyyətlər gedə bilər. Seçki sistemi ondan ötrüdür ki, onun nəticəsində hakimiyyətlər dəyişsin, yeniləşsin. Əgər seçki keçirilib hökumət ən azından yeniləşmirsə, ümumiyyətlə, bu seçkinin keçirilməsinin mənası nədir? 15-20 ildir ki, Azərbaycan hökuməti kiçik istisnalarla eyni adamlardan ibarətdir və bu adamlar görürlər ki, seçki onların təmsil olunduğu hökumətin dəyişməsində heç bir rol oynamır. Belə hökumətlərin bir qayda olaraq dialoqlara ehtiyacı olmur. Xalq hökuməti formalaşdırmaq haqqından məhrum olanda hökumətlər onunla hesablaşmaq hissini də itirirlər. Bu gün ölkəmizdə baş verən məmur harınlığının, onun sərvətlərinin kiçik bir qrup adamlar tərəfindən talan edilməsinin başlıca səbəbi ictimai rəyin olmaması ilə bağlıdır. İctimai rəyin olmadığı yerdə müxalifətlə, xalqla dialoqa da ehtiyac olmur. Bu halda xalqın iradəsinin orta da olması, cəmiyyətdə sosial-siyasi proseslərin dərinləşməsi Azərbaycan hakimiyyətini dialoqa getməyə məcbur edə bilər. Müxalifətin bu istiqamətdə görəcəyi işlər, atacağı addımlardan çox şey asılıdır. Azərbaycanda böyük bir narazılıq dalğası var. Hakimiyyət real islahatlara getməsə, xalqın mövcudluğunu qəbul etməsə, onunla hesablaşmasa, gec-tez bu narazı baza müxalifətin sosial bazasına çevriləcək. Bu adamların hələ ki, böyük bir hissəsi öz evində, kəndində, məhəlləsində olan narazılardır. Lakin belə getsə, həmin narazı kütlənin meydanlarda olacağı gün elə də uzaqda deyil.

- Amma bu da var ki, narazıların bir nümayəndəsi, evi qanunsuz sökülən Şirinbacı Rzayeva mitinqə qarışdığı üçün nəinki evini sökdülər, hətta kirayə qaldığı mənzildən “narkotik tapıb” oğlunu həbs etdilər. Yəni cəmiyyəti aktiv mübarizədən bu kimi addımlarla çəkindirirlər.

- Kiminsə cibinə, kiminsə evinə, ya maşınına narkotik, silah atılması bizim dəyərli dostumuz Rüstəm İbrahimbəyov demişkən, bu hakimiyyətin səviyyəsizliyinin göstəricisidir. Bu tipli ittihamları irəli sürməklə, belə addımlar atmaqla mən əminliklə deyirəm ki, hakimiyyət özünü nüfuzdan salır. Hətta sovet hökuməti kimi bir hökumət Stalinin ölümündən sonra, 60, 70, 80-ci illərdə kiminsə, hətta dissidentlərin belə cibinə narkotik atmağı məqsədəuyğun hesab etmirdi. Dissidentlərin anti-sovet fikirlərini özündə əks etdirən müəyyən vərəqələr, “samizdat”lar olurdu. Onları toplamaqla bu ittihamları hüquqi müstəviyə yönəldirdilər. Sovet hökuməti kimi anti-bəşəri, anti-humanist bir hökumət öz vətəndaşının cibinə, evinə narkotika atmağı özünə sığışdırmırdı. Hakimiyyət bu barədə düşünməlidir. Bu gün hakimiyyət özünü qorumaq üçün narkotikadan istifadə edirsə, bunun məyusedici nəticələri ola bilər.

- Belə bir fikir var ki, hakimiyyət sizin kimi görkəmli tarixçinin siyasi proseslərə qarışmasına səbəbkar olmaqla həm də Azərbaycan tarixinin açılmayan səhifələrinin yazılması işində problem yaratmış olub. Eləcə də Forumda olan digər ziyalılara. Razılaşırsınız?

- Mənim sənətim tarixçilikdir. Son 15-20 ildə istəsəydim ki, özümə bəhanə tapım, bununla məşğul olmayım, belə bir bəhanə var idi. Məsələn, AXCP kimi bir partiyanın rəhbərliyində vəzifə tuturdum, sonra Milli Məclisdə oldum. Deyərdim ki, işimiz çoxluğundan artıq yazmaqla, araşdırma aparmaqla məşğul ola bilmirəm. Amma mən özümçün qəti bir qərar qəbul etdim ki, hər necə olursa olsun yaradıcılıqdan ayrılmamalıyam. Dünən də mən özümü elm adamı hesab edirdim, bu gün də elm adamı olaraq qalıram. Əgər hansısa bir ictimai-siyasi proseslərdə varamsa, şübhəsiz ki, bu, bizim respublikamızda yaranmış son dərəcə ağır sosial-siyasi mühitlə bağlıdır. Təsəvvür edin ki, bu gün elə bir gün olmur ki, xarici mətbuatda Azərbaycanın əleyhinə, onun korrupsiyaya bulaşmasına, rüşvətin tüğyan etdiyi ölkəyə çevrilməsinə, insanların haqlarının və hüquqlarının pozulmasına aid yazılar getməsin. Ölkəmizin imici üçün bunlar son dərəcə ağır məsələlərdir. Bu ölkə bizim ölkəmizdir. Onun mənəvi yükünün bir hissəsi də bizim üzərimizə gəlir. Əgər ölkə bu vəziyyətə düşübsə, burada hamımız günahkarıq. İndi bir sıra ölkələrin elmi ədəbiyyatında korrupsiya prosesi Azərbaycanın nümunəsində izah edilir. Özünü bu ölkənin vətəndaşı hesab edən hər kəs üçün bu böyük rüsvayçılıqdır. Biz ölkənin imicini beş-altı məmurun iştahasına qurban verməməliyik. Nəzərə almaq lazımdır ki, “Şpigel” və “Taym” kimi jurnallara “Bakinskiy Raboçiy” qəzeti ilə cavab vermək tamamilə mənasız bir şeydir. Əgər beynəlxalq mətbuat nəyisə yazırsa, demək istəmirəm ki, orda yazılanların hamısı doğrudur, amma yazılanların böyük bir hissəsi obyektiv gerçəkliyi əks etdirir. Hakimiyyət özündə güc tapıb bunları təhlil etməli, araşdırmalı və düzəldilməsi vacib olan şeyləri düzəltməlidir. Total inkarçılıqla heç nəyə nail olmaq mümkün deyil. Almaniyaya, ondan qabaq ABŞ, Türkiyəyə qarşı aparılan kampaniya getdikcə Azərbaycanın təklənməsinə gətirib çıxarır. Torpaqlarının 20 faizi işğal olunan bir ölkənin bu cür təklənməsi yaxşı bir şey vəd eləmir.

- Hakimiyyət mənsubları Ziyalılar Forumunun ölkə ziyalıları adından danışmaq hüququnun olmadığını deyərək onu “dərnək” adlandırır. Sıraları genişləndirmək üçün iş aparılırmı və sizinlə bir yerdə olmaq üçün müraciət edən varmı?

- Birincisi, bizim bütün ölkə ziyalıları adından çıxış etmək, danışmaq fikrimiz və iddiamız yoxdur. Biz nə deyiriksə, öz adımızdan deyirik, anonim addan istifadə etmirik. Burada bəlli bir adlar var. Bu adlar birləşərək bir Ziyalı Forumu yaradıb. Bu Forum o adamların birləşdiyi qurumdur. Hakimiyyət bunu “dərnək”, ya nə adlandırır, onların öz işidir. Mən təəssüf edirəm ki, bəzi hakimiyyət mənsubları Ziyalı Forumuna, orda toplaşan insanlara münasibətdə bəzən etik qaydalara zidd olan fikir və mülahizələr irəli sürürlər. Heç şübhəsiz ki, bu da onu deyən adamların səviyyəsizliyindən irəli gəlir. Tarixin müəyyən məqamlarında mövcud olmuş Azərbaycan rəhbərliyində 3-5 nəfər zəif adam olub. Amma heç vaxt bu qədər zəif, intellektsiz, milli düşüncədən uzaq, böyük bir güruhun eyni vaxtda, eyni hakimiyyətdə belə geniş formada təmsil olunduğu olmayıb. Bəzən adama elə gəlir ki, hakimiyyətdə təmsil olunan bir qrup ki, var, o qrupun pul saymaqdan başqa ayrı niyyəti, marağı yoxdur. İndi ölkəmizdə daha çox rüşvət toplamaq uğrunda vəzifəli şəxslər arasında ölüm-dirim yarışı gedir. Çünki cəmiyyətimiz elə bir mənəvi pozğunluq həddinə gəlib çıxıb ki, yığdığı rüşvətin hesabını düzgün çatdıran və yeni rüşvət yerləri müəyyən etmək sahəsində təşəbbüs göstərən adamlara düz işləyən, vicdanlı və təşəbbüskar adamlar deyirlər. Nəticədə Azərbaycanı axşam bazarına döndəriblər. Kim nəyi qarət eləyə bilirsə, necə talan edə bilirsə həmin gün eləyir, sabaha saxlamır. Az-çox ləyaqəti olan bir hakimiyyət heç vaxt öz xalqı ilə belə rəftar eləməməlidir. Bu gün Azərbaycan xalqı ilə işğal olunmuş xalq kimi rəftar olunur. Təsəvvür edin ki, Sərkisyan mayın 8-ində gəlir Xankəndində, Şuşada hərbi parad keçirdir, biz isə mayın 10-da gül bayramı keçirdirik. Əraziləri işğal olunan bir məmləkətin xarici ölkələrdən 116 ton gül gətirib bayram keçirməsi və bununla fəxr etməsi milli rüsvayçılıqdır. Əgər gül bayramı keçirməyə zərurət varsa ölkənin müxtəlif bölgələrində yetişdirilən gül nümunələrini nümayiş etdirmək olar. Amma məmurundan rüşvət, tələbəsindən pul yığmaqla Hollandiya və digər ölkələrdən 116 ton gül gətirmək xəstə düşüncənin açıq simptonlarıdır. Bu cür bayağı və mənasız tədbirlər şəhərin tamamilə təsadüfi, ciddi sağlamlıq problem olan bir adama tapşırılması ilə bağlıdır. Xəstə təxəyyülü olan bu adam ağlına nə gəlirsə, onu da edir. Nəticədə Bakı hər cür mənasız eksperimentlərin bahalı sınaq meydanına çevrilib. Sanki bütün şəhər bu xəstə adamın ağılsız şıltaqlığının mənəvi əzablarını yaşamağa məhkum edilib. Təsəvvür edin ki, bu adam fəxrlə deyir ki, 116 ton gül gətirmişəm. Bu gülə verilən milyonların hər manatına bu gün Azərbaycan vətəndaşlarının çox böyük ehtiyacı var. Bu cür israfçılığa yol vermək məsuliyyətsizlikdir. Azərbaycan xalqının sərvətlərini bu cür mənasız tədbirlərə sərf etmək tamamilə yolverilməzdir. Axı, bu güllər Hollandiyadan havayı gətirilmir. Görün bu adamlar nə qədər düşüncəsizdir ki, gülü tonla hesablayırlar. Açıqlasınlar görək, 116 ton gülə nə qədər pul verilib və bu milyonlar 2-3 gün meydanlarda qalacaq, sonra da solub gedəcək bir şeyə niyə xərclənməlidir? Axı xalqın ehtiyac duyduğu daha vacib məsələlər var. Bu gün işğal altındakı ərazilərin azad olunması barədə düşünülməlidir. Hacıbala Abutalıbov ki deyir biz Avropadan dizaynerlər gətirmişik, bəyəm o dizaynerlər gəlib ictimai əsaslarla, məccani işləyib? Avropadan gələn dizaynerlərə böyük həcmdə əmək haqqı verirlər. Əminəm ki, o avropalılar öz içlərində bu adamlara, hazırda 200 illik doğum tarixi tamam olan M.F.Axundovun personajlarına gülən kimi gülürlər...

“Yeni Müsavat”